Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 17:12:00
Təhsil Nazirliyində SABAH IV Karyera Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirilib

Fevralın 10-da Təhsil Nazirliyində SABAH IV Karyera Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə  indiyədək təşkil edilən SABAH Karyera Qış Məktəblərinə dair videoçarx nümayiş olunub.  Sonra SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə bu qrupların fəaliyyəti barədə təqdimatla çıxış edib.

SABAH IV Karyera Qış Məktəbinin iştirakçılarını salamlayan Təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib. Müasir dövrün daha çox tələbat duyulan peşə və bacarıqlardan söz açan nazir müavini hər bir gəncin daim öz üzərində işləməli olduğunu deyib. “SABAH” qruplarının əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə uyğun şəkildə kadr hazırlığının təmin edilməsi olduğunu deyən Firudin Qurbanov bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb.

Qeyd edib ki, “SABAH” qruplarının 2019-cu il məzunlarının 39, 75 faizi Azərbaycanda, 19,40 faizi xarici ölkələrdə magistraturaya qəbul olunub. Nazir müavini layihə iştirakçılarına uğurlar arzulayıb.

Bildirilib ki, “SABAH” Karyera Akademiyası 2017-ci ildə “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. Bu il keçirilən SABAH IV Karyera Qış Məktəbində 68 tələbə iştirak edəcək. Fevralın 13-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual mövzuları üzrə təlimlər keçiriləcək. Bu il keçiriləcək Qış Məktəbində tələbələrə əlavə olaraq, emosiional intellekt, əmək qanunvericiliyi haqqında təlimlərin keçirilməsi də planlaşdırılır. Qış Məktəbi IV kursda təhsil alan SABAH tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər “(Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər. Karyera Qış Məktəbi ilə yanaşı SABAH qrupları layihəsinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə “Data vizuallaşdırılması və infoqrafika”, “Yeni universitet identikliyi” və “Ali təhsilin idarə olunmasının qanunvericilik və texniki aspektləri” mövzuları ətrafında təlimlər təşkil olunacaq.

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2 min 400-dən çox tələbəni əhatə edir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları