Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 17:05:00
Dövlət İmtahan Mərkəzi Avropa Şurasının qurumu ilə əməkdaşlığa başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) Azərbaycan dilinə tərcümə edilməsi üçün Avropa Şurasının müvafiq qurumu ilə əməkdaşlığa başlayıb.

AzEdu.az xəbər verir ki, sənədin Azərbaycan dilinə tərcümə edilməsi mövcud dil proqramlarının təkmilləşdirilməsi, qiymətləndirmə standartlarının beynəlxalq çərçivə sənədi əsasında tərtib olunması və müqayisə edilməsinə, həmçinin tədris prosesinin təsbit olunmuş dil standartları əsasında təşkil olunmasına xidmət edəcək.

CEFR dil kurikulumlarının hazırlanması və təkmilləşdirilməsi, dil bacarıqlarının qiymətləndirilməsi sahəsində istinad edilən beynəlxalq səviyyəli çərçivə sənədidir. CEFR-in ilk rəsmi versiyası 2001-ci ildə nəşr olunub və 40 dilə tərcümə edilib. Lakin sənədin Azərbaycan dilinə rəsmi tərcüməsi hələ də mövcud deyil. Buna görə də DİM institusional tərəfdaşı olduğu Avropa Dil Qiymətləndirmə Assosiasiyasının vasitəsilə Avropa Şurasına sənədin rəsmi tərcüməsi ilə bağlı müraciət ünvanlayıb və bu istiqamətdə əməkdaşlıq üçün müsbət rəy əldə edib.

Qeyd edək ki, CEFR eşitmə qüsuru olan şəxslər üçün “İşarə dili” hissəsinin sənədə əlavə olunması məqsədilə yenilənməkdədir və 2020-ci ilin birinci yarısında sənədin yenilənmiş versiyasının ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Avropa Şurası ilə aparılan danışıqlara əsasən, CEFR sənədinin son nəşrinin (2020-ci il versiyası) Azərbaycan dilinə tərcümə və uyğunlaşdırılması ilə yanaşı, müvafiq hissənin yerli tədris prosesində tətbiq olunan işarə dilinə də tərcümə edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, DİM 2019-cu ilin aprel ayından etirabən xarici dil imtahanlarının CEFR sənədinin səviyyələrinə uyğunlaşdırılması istiqamətində fəaliyyətə başlayıb. Buna görə də Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli Qərarı ilə doktoranturaya qəbul üzrə xarici dil imtahanının keçirilməsi DİM-ə həvalə edildikdə, həmin imtahan CEFR-in B2 səviyyəsinə uyğunlaşdırılıb. Növbəti illərdə bütün xarici dil imtahanlarının da CEFR-in müvafiq səviyyələrinə uyğunlaşdırılması planlaşdırılır.