Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 12:28:00
Kim təbiəti daha çox sevir?

“Tullantıdan incəsənətə” müsabiqəsində məktəbdaxili seçmələr uğurla həyata keçirilir

Bakıdakı ümumtəhsil məktəblərində noyabr ayından start verilən “Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir. Hazırda Təhsil Nazirliyinin müəyyənləşdirdiyi 14 təhsil müəssisəsi arasında gedən yarış seçmə mərhələsindədir. Respublika İncəsənət Gimnaziyası, İ.Əfəndiyev adına Elitar Gimnaziya, 291 nömrəli Ekologiya liseyi, T.İsmayılov adına 6 nömrəli tam orta məktəb, Heydər Əliyev adına lisey, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Bakı Avropa liseyi, 160 nömrəli Klassik Gimnaziya, Bakı Slavyan Universiteti nəzdində lisey, akademik Zərifə Əliyeva adına lisey, Bakı Oksford Məktəbi, 189-190, 23 və 200 nömrəli tam orta məktəblər öz aralarında təbiəti kimin daha çox sevdiyini göstərməyə çalışırlar.

Məqsədə doğru daha bir addım

Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə reallaşdırılır. Ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini aşkara çıxarmaq, ətraf mühiti qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etmək məqsədilə həyata keçirilir. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil edilən tədbir də bu məqsədə doğru növbəti addım sayılır. “Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi üzrə bu tədbirində də təşkilatçılar təmsil olunub.

“Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova, “Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və təşkilatçı qurumların nümayəndələri məktəblilərin əl işləri ilə tanış olub, onlarla söhbətləşiblər. Əsasən, ekoklub üzvü olan məktəblilərin fəallığı hiss olunub.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə məktəblilərlə söhbətində tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işinin əhəmiyyətindən danışıb. Məişət tullantılarının  ətraf mühitə və insan sağlamlığına vurduğu zərəri nəzərə alaraq, onların idarə olunmasında məktəblilərin rolunu xüsusi qeyd edib. Şagirdləri  bunu nəzərə almağa və təbiətin problemlərinə daha həssas yanaşmağa dəvət edib.

“Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova layihənin vacibliyini vurğulayaraq, şagirdləri bu kimi ekoloji və sosialyönümlü tədbirlərə fəal qoşulmağa çağırıb.

Layihənin kuratoru, rəssam Rəşad Ələkbərov “Qoy dünya yenidən gülsün” (Make the Earth smile again) mövzusunda təqdimatla çıxış edib. Təqdimatı maraqla dinləyən məktəblilər mövzu ilə bağlı fikirlərini söyləyib, çoxlu suallar veriblər. Məsələn, Elitar Gimnaziyanın IV sinif şagirdi Nəzrin Məsimli plastik qaşıqlardan hazırlanan çilçıraqda işıqların istiliyinin plastiki əritməməsinin səbəbi ilə maraqlanıb.  Başqa bir məktəbli, 189-190 nömrəli tam orta məktəbin VII sinif şagirdi Aqil Quluzadə mövzuya aid bildiklərinin hamısını burada danışmaq niyyətindədir, deyəsən.

Bir sözlə, “Tullantıdan incəsənətə” müsabiqəsinin iştirakçısı olan və olmayan bir çox məktəblərin şagirdlərinin qatıldığı tədbir maraqlı fikir mübadiləsi şəraitində keçib.

Plastik “Qız qalası”

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində məktəblərdən seçilərək göndərilmiş maraqlı əl işləri sərgilənir. Kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış həmin incəsənət nümunələrinə baxış keçirilib. Sərgilənən əl işlərindən birinin - möhtəşəm Qız Qalası abidəsinin maketinin müəllifi, Elitar Gimnaziyanın IV sinif şagirdi Nəzrin Məsimli deyir ki, müəlliminin ideyasını özününküləşdirib. Plastik qaşıq, qutular, çubuqlar, balıqqulaqları, kağız kartondan istifadə edərək 2-3 saata Qız qalasının maketini düzəldiblər. Belə qısa müddətə? Dediyinə görə, sinif yoldaşları, valideynləri, müəllimi ona kömək edib: “Adətən, nə düzəltmək istədiyimə özüm qərar verirəm. İndiyə qədər xırda əşyalar - qələmqabı, güldan düzəltmişəm”.

Məktəblilər bu toplantıdan nə öyrəndilər?

2 nömrəli Texniki-Humanitar liseyin VII sinif şagirdi Xədicə Məmmədli “Səma” Ekoklubunun lideridir: “Biz plastik əşyaları tullamaqdansa, hər hansı məqsədlə istifadə etməklə ilk növbədə özümüzə xeyir veririk. Yəni təbiəti çirklənməkdən qorumaqla öz sağlamlığımıza xidmət edirik.  Sadəcə öz sağlamlığımızı da deyil, bütün canlıları düşünürük”.

Xədicə bu tədbirdə öyrəndikləri barədə yoldaşlarına da danışacaq: “Ekoklubçu olaraq bütün dostlarıma, yoldaşlarıma, tay-tuşlarıma deyəcəyəm ki, tullantıları çeşidləyək. İstifadəyə yarayacaq tullantılardan özümüz və ətrafımız üçün faydalı ola biləcək əşyalar düzəldək. Həm təbiətə xeyir verək, həm də özümüzü inkişaf etdirək”.

 Kimya-Biologiya Təmayüllü Respublika liseyinin şagirdi Ayşən Əliyeva da ekoklubçudur: “Biz onsuz da ekoklubda təbiətdə baş verən hadisələri, ən əsası, təbiəti qorumağı öyrənirik. Ancaq burda da indiyədək bilmədiyim bir çox şey öyrəndim. Məsələn, təbiəti qorumaq üçün maraqlı əl işləri hazırlaya biləcəyimi öyrəndim burda. İndiyədək nə qədər plastik su qablarını tullamışam. Burada plastik ayaqlı masa gördüm, çox xoşuma gəldi. Düşünürəm ki, hər bir məktəbli tullantılardan incəsənət nümunələri hazırlamağa başlasa, ölkəmizdə təhlükəli tullantı qalmaz. Hətta məktəblilərə demək istəyirəm ki, istifadə etmədiyimiz bir şeyi yararlı bir şeyə çevirməklə bizə faydasız görünən bir çox tullantını ən dəyərli əşyamıza çevirə bilərik. Məsələn, anamın köməyi ilə köhnə geyimimdən özümə çanta hazırlamışam. Həmin çanta mənim üçün bütün əşyalarımdan dəyərlidir”.

Xətai rayonu humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi Fatimə Əlizadə VI sinifdə oxuyur. Ekoklubçudur: “Burada öyrəndim ki, əşyaları gərəkli-gərəksiz deyə ayırmamalıyıq. Gərəksiz görünən bir çox şeyi özümüz üçün ən gərəkli əşyaya çevirə bilərik”.

Zeynəb Bayramova da Xətai rayonu humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdidir. Ekoklub üzvü artıq tullantılarla necə davranacağını bilir. Təhlükə mənbəyi sayılan tullantılardan gözoxşayan əşyalar düzəltməyin mümkün olduğuna əmindir: “Adi plastik qaşıqlardan düzəldilən çilçıraq çox xoşuma gəldi. Bəlkə mən də bir gün belə gözəl əşyalar düzəldərəm. Mən plastik qaşıqlardan yeni il ağacı düzəldib otağıma qoymuşdum. Əl işi kurslarına da getmişəm. Orada mənə toxuma, kağızdan gül buketi düzəltmək öyrədiblər. Dərslərimlə əlaqədar olaraq həmin kursa ara verdim. Ancaq internetdən baxıb boş vaxtlarımda kiçik aksessuarlar hazırlamağa cəhd edirəm”.

189-190 nömrəli məktəb-liseyin VII sinif şagirdi Aqil Quluzadə də ekoklub lideridir: “Ekoklubumuzun adı “Yaşıl qalxan”dır. Ekoklubda iqlim dəyişikliyindən, heyvanların yaşadığı mühitlə bağlı söhbətlər edirik. Burada danışdığımız bir çox şeyi məhz ekoklubumuzda öyrənmişəm. Ancaq özümün də maraqlandığım təbiət hadisələri çoxdur. Heyvanların yaşadığı mühit və s. mövzularda araşdırıb öyrənirəm”.

Tullantıdan incəsənətə müsabiqəsində Aqil də öz əl işi ilə məktəbini təmsil edir: “Bir neçə ay əvvəl plastik qabdan dibçək kimi istifadə edərək kaktus əkdim. Artıq kaktusum böyüyüb. Mən bu müsabiqəyə onunla qatıldım”.

Aqil hesab edir ki, kaktus istiyə davamlı bitki kimi qlobal istiləşmə təhlükəsi ərəfəsində düzgün seçimdir: “Kaktus karbonu alıb oksigen verən yeganə bitkidir ki, istiyədavamlıdır”.

Məktəblilər təbiəti qorumağa hazırdır

 Beləliklə, şagirdlər təbiəti sevir və onu göz bəbəyi kimi qorumağa hazırdır. Təki onlara qorumağın yollarını göstərən olsun.

Ruhiyyə DAŞSALAHLI (Azərbaycan müəllimi)