Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-31 12:26:00
Qəbul imtahanlarının davametmə müddətində dəyişiklik gözlənilir?- DİM

Yaxın günlərdə  Dövlət İmtahan Mərkəzi  magistraturaya qəbul imtahanının müddətinin artırılması ilə bağlı qərar verdi. Belə ki, imtahan müddəti yarım saat artırılaraq 3 saat müəyyənləşib.

Bəs ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanlarının davametmə  müddətində dəyişiklik olacaq?

DİM-dən AzEdu.az-a verilən məlumata görə belə bir dəyişiklik gözlənilmir. Ötən illər qəbul imtahanlarına situasiya tipli, yazılı, dinləmə mətnləri üzrə tapşırıqların salınması ilə əlaqədar qəbul imtahanlarının vaxtında dəyişiklik edilib. Bütün hallar nəzərə alınıb.

Belə ki,  birinci mərhələ üzrə qəbul imtahanlarının davametmə müddəti 3 saatdır.  İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.

Qəbul imtahanının ikinci mərhələsində  isə abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

 Qeyd edək ki, qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti hər mərhələdə 1 saat artırılır.