Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-30 13:09:00
Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü toplantısı keçirilib

Yanvarın 30-da Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 3-cü iclası keçirilib.

AzEdu.az xəbər verir ki, iclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Qazaxıstan və Qırğızıstanın Təhsil nazirinin müavinləri Kanat Sarsembayev və Japarkul Taşiyev, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Təhsil İdarəsinin rəhbəri Burhanettin Dönməz, Türkiyə Respublikası Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Özbəkistanın ölkəmizdə akkreditə olunmuş səfir və diplomatları iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov açılış nitqi ilə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qısa müddətdə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirdiyini və öz fəaliyyətini genişləndirdiyini bildirib. O, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bütün türk xalqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə çatdırıldığını vurğulayıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində təhsil və elm sahəsində əməkdaşlığın inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli isə rəhbərlik etdiyi təşkilatın ötənilki fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, ötən il ərzində Beynəlxalq Türk Akademiyası 30-dan çox beynəlxalq forum, simpozium və seminar təşkil edib. Eyni zamanda, akademiya tərəfindən müxtəlif dillərdə 24 kitab nəşr olunub.

Sonra 2020-ci il üzrə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrliyin Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçdiyini bildirən lövhə və hədiyyə Ceyhun Bayramova təqdim edilib.

Daha sonra iclasda təşkilatın 2020-ci il üçün əsas elmi istiqamətləri, fəaliyyət prioritetləri və keçirilməsi planlaşdırılan türk dünyasının önəmli yubiley tədbirlərinin siyahısı, o cümlədən təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək təsdiqlənib.

Xatırladaq ki, 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşü ilə təşkilata sədrlik Azərbaycana və müvafiq olaraq Beynəlxalq Türk Akademiyası Elmi Şurasının sədrliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçib.