https://www.zirve.edu.az/
30.01.2020 10:11
DİM-dən sərt etirazlara cavab: “Əvvəlcədən demişdik ki...”

 Yanvarın 26-sında Dövlət İmtahan Mərkəzi doktorantura səviyyəsində xarici dil üzrə  qəbul imtahanı keçirib.

İmtahan sosial şəbəkələrdə müzakirə və narazılıqlara səbəb olub.

AzEdu.az namizədlərin dediklərinə əsasən  xəbər verir ki,  imtahan suallarının ümumilikdə çətinlik səviyyəsi yüksək  dərəcədə olub.

Həmçinin,  imtahanın “listening”- “dinləyib-anlama” bloku bölməsində səsləndirilən mətnin yaxşı eşidilməməsi ilə bağlı iştirakçılar arasında narazılıqlar yaranıb.

İmtahanda iştirak edən Nigar Ayaz  hazırlaşmaq üçün az vaxt verildiyindən, sualların mürəkkəb  və tibb, biologiya ixtisasları üzrə tərtib edildiyindən narazıdır:

“ Suallar hazırlaşmaq üçün verilən vaxtla müqayisədə çox  mürəkkəb idi. Bu da gələcəkdə elm sahəsində yüksək nailiyyətlər əldə etmək potensialı olan namizədlərin imtahandan keçməməsi və prosesdən kənarlaşmasına təsir edəcək.

Sınaq imtahanında verilən tapşırıqların mürəkkəbliyi ilə müqayisədə əsas imtahandakı tapşırıqlar daha çətin idi.  Sınaq imtahanında verilən suallar da kifayət qədər mürəkkəb olduğu üçün bir növ, namizədlərin motivasiyasına mənfi  təsir edib.

İştirakçıların ölkənin müxtəlif ali təhsil müəssisələri və ixtisasları üzrə doktorant və dissertant namizədləridir. Elə isə  niyə görə məhz imtahanda yalnız eyni sahədən (biologiya) 15 sual düşməldir?! - Ümumilikdə 40 sualdan 15 sual, yəni imtahan suallarının məzmunun 38%-i tibbə aid idi.

 Təbii ki, bütün namizədlər biologiya üzrə mütəxəssis, yaxud bilgili ola  bilməzlər. Hətta  ana dilimizdə belə həmin suallara asanlıqla cavab verilə bilməyəcəyini nəzərə alsaq imtahanın tapşırıq strukturunun obyektiv hazırlanmadığını qeyd edə bilərik. Daha məqsədəuyğun olar ki, həmin 15 sualın yerinə hər kəs üçün anlaşılan və hazırlıqlı ola biləcəcəyimiz  mövzularda suallar qeyd edilsin”.

O, həmçinin  imtahan sualların ağırlıq dərəcəsi ilə ayrılan vaxt arasında uyğunluğun olmadığını vurğulayıb:

 Verilən tapşırıqların (esse bölməsi xaric) mürəkkəbliyi ilə imtahana ayrılan vaxt arasında (1.5 saat) ciddi şəkildə uyğunsuzluq var idi.

Məsələn 2-ci “reading” mətnin olduqca böyük həcmdə,  həmçinin sırf biologiya ixtisası üzrə olması iştirakçıların 10 suala cavab verməsinə çox ciddi maneə yaradıb, hətta bir çoxları vaxt çatdıra bilmədiyindən təsadüfi üsulla testin cavablarını seçib. Məsələn; təkcə bu hal esse bölməsi istisna, nəticənin 25% (10/40 bal), ümumi nəticənin isə 20% (10/50 bal) aşağı düşməsinə gətirib çıxarır. Məsuliyyəti kim daşımalıdır?!”

Namizəd N.Ayaz gənc kadrlara köməklik məqsədilə DİM-in müəyyən mənada güzəştə getməsini bütün imtahan iştirakçılarının adından xahiş edir:

“Bütün bunları nəzərə alaraq belə bir mübahisəli imtahan nəticəsində ölkənin elm potensialına qarşı ciddi ziyan vurulmaması üçün DİM-dən xahiş edirik ki,  imtahana dair müəyyən edilən keçid balı 10-15% daha aşağı edilməsinə qərar versinlər. Əmin edirik ki, verəcəkləri bu qərar elm sahəsində ciddi uğurlar qazanmaq həvəsində olan gənc namizədlərə yeni qapılar açacaq və irəlidə öz təhfəsini verəcəkdir”.

Dissertanturaya qəbul olmaq üçün imtahan verən Hüseynova Ləman da öz fikirlərini AzEdu.az-la bölüşüb:

“DİM-in xarici dil imtahanı keçirməsi təqdirəlayiqdir. Çünki, hər bir kəs, xüsusilə, elmlə məşğul olan namizədlərin xarici dil bilməsi vacibdir. Lakin DİM-ə qarşı yaranan bu narazılıq imtahanın keçirilmə tarixi və məzmundan qaynaqlanır. Tarix üzrə dissertanturaya qəbul olmaq niyətində idim.  İndiyə qədər bu səviyyə  üzrə xarici dil imtahanı tələb olunmayıb. Bu xəbərin imtahana 1 ay yarım qalmış verilməsi dissertanturaya sənəd vermiş hamı üçün sürpriz oldu. Çünki bu qısa vaxt ərzində xarici dilin B2 səviyyəsinə yüksəldilməsi qeyri-mümkündür. Nəzərə almaq lazımdır ki, bu imtahanı verənlər arasında orta yaşlı insanlar da var.  Xarici dil imtahanı ən azı 6 ay əvvəl elan edilməli, yaxud da gələn ilə şamil olunmalı idi. Ən azından, xarici dil imtahanı orta səviyyədə keçirilə bilərdi. Çünki ilk dəfə idi namizədlər belə bir imtahanla qarşılaşırdılar”.

Doktorantura və dissertantura namizədləri Dövlət İmtahan Mərkəzindən aşağıdakı  müraciətləri nəzərə almağı xahiş edirlər:

-Xarici dil imtahanının keçid balı aşağı salınsın;

-Xarici dil imtahanın bloklar üzrə minimum keçidi ləğv edilsin;

-Yekun bal 3 fənnin nəticəsi ilə hesablansın;

 AzEdu.az  məsələ ilə bağlı Dövlət İmtahan  Mərkəzi ilə əlaqə saxlayıb. DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə imtahanın məzmunu ilə bağlı namizədlərə əvvələcədən məlumat verildiyini bildirib.

“DİM-in rəsmi saytında  bütün bloklar üzrə hansı bacarıqların yoxlanılacağı, imtahanın strukturu və məzmunu barədə məlumatlar öz əksini tapıb. Oxuyub-anlama blokunda qeyd olunur ki, təqdim olunacaq mətnlərdən biri akademik məzmunlu elmi-kütləvi, digəri isə ictimai-informativ, publisistik və digər janrlarda olacaq. Bu imtahanda doktorant olacaq şəxslərin öz sahəsinə aid bilikləri deyil, xarici dil üzrə bilikləri yoxlanılır. Mətnlər akademik məzmunlu olmaqla istənilən sahəyə aid ola bilər. Bundan əlavə, həmişə olduğu kimi, hər bir imtahanda asan, orta və çətin hesab oluna biləcək tapşırıqlardan istifadə olunur. Həmçinin 40 sualın cavablandırılması üçün ayrılan 90 dəqiqə hələ normadan bir qədər yüksəkdir , əlavə 60 dəqiqə isə essenin yazılmasına ayrılıb”.

O həmçininin müsabiqənin şərtlərini bir daha qeyd edib və mətni səsləndirən cihazlarda heç bir problem olmadığını vurğulayıb.

“Hər bir blok üzrə balların minimum 20 faizini (10 baldan 2 bal, 15 baldan 3 bal), ümumilikdə imtahandan isə azı 25 bal (50 %) toplamış namizədlər keçid balını toplamış hesab edilir. Hazırda namizədlərin esseləri yoxlanılır və nəticələr elan olunmayıb. İndidən imtahandan kimin keçib, kiminsə keçməməsi barədə fikir yürütmək doğru deyil. Dinləmə ilə bağlı onu deyə bilərəm ki, mətni səsləndirən cihazlarda bir problem yoxdur, sadəcə əcnəbi dili dinləyib-anlama  xüsusi bacarıq tələb edir. Bunun üçün xüsusi vərdişlər olmalıdır. Bu bacarıqlar, vərdişlər insanlarda lazımi səviyyədə olmadıqda bəziləri haqsız olaraq günahı qurğuda, səsləndirmədə və digər səbəblərdə axtarmağa meyilli olurlar”.

“Həmçinin imtahanın keçirilməsi ilə əlaqədar DİM-də Apelyasiya Komissiyası yaradılıb. Komissiyaya bu günlər ərzində 42 müraciət daxil olub və hər kəsə müvafiq izahatlar verilib. Nəticələr elan edildikdən sonra da 3 gün ərzində namizədlər komissiyaya müraciət edə bilər. Burada hər kəs dinlənilir və hər məsələyə dair izahat verilir”-deyə sektor müdiri Xanlar Xanlarzadə sözlərinə əlavə edib.