https://www.zirve.edu.az/ #
2020-01-15 09:41:00
“Müharibə pisdir, uşaqları da öldürürlər” – 7-ci sinif şagirdi ilə “QARABAĞ SÖHBƏTİ”

AzEDu.az Modern.az-a istinadla  “Qarabağ söhbəti” layihəsini təqdim edir. Layihə çərçivəsində budəfəki müsahibimiz digər müsahiblərdən xeyli fərqlidir.

 O, nə siyasətçidir, nə də Qarabağı dərindən bilən politoloq.

 O, işğal edilmiş bölgədəndir, kəlbəcərlidir, ancaq  o yerləri görməyib. Kəlbəcərdə doğulub-böyüməyən kəlbəcərlidir. Müsahibimiz Nihad Ağazadə Kəlbəcər rayon 84 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir.

 Dediyim kimi, o, Kəlbəcərdə doğulmayıb. O yerlərlə tanış deyil. Ancaq valideynlərinin doğulub boya-başa çatdığı, məcburi köçkün düşdüyü Kəlbəcərə, eləcə də, ümumi Qarabağa qayıtmaq barədə çox ümidlidir. Məktəbli müsahibimiz deyir ki, Qarabağı görməsə də, o yerlərlə çox yaxından tanışdır, az qala o yerləri böyüklərinin hafizəsindən götürüb çığır-cığır əzbərləyib.

Mən Kəlbəcəri görməmişəm, oralarla tanış deyiləm. Ancaq elə bilirəm ki, o yerləri qarış-qarış tanıyıram. Böyüklərim o yerlərdən o qədər söz açırlar ki, xəyalımda oraları canlandıra bilirəm.

Arada Azərbaycanın müxtəlif bölgələrinə gedirəm valideynlərimlə. Özlüyümdə müqayisə aparıram, nədənsə mənə elə gəlir ki, Kəlbəcər dünyanın ən yaxşı, yaraşıqlı yeridir.

 Oralar bizdə olsaydı, dünyanın ən gözəl turist mərkəzlərindən biri olardı Kəlbəcər.

 Nihad, valideynlərinin Qarabağı sənə tanıtması, sevdirməsi normaldır. Valideynlərinin sayəsində təkcə Qarabağı tanımırsan, həm də içdən bir vətənpərvərlik formalaşıb. Bəs, sən Qarabağla bağlı valideynlərinə hansı sual verirsən?

 Əlbəttə, ata-anama Qarabağın hər qarışı barədə suallar verirəm və cavab da alıram. Məsələn, Kəlbəcərdə məşhur olan İstisu mineral suyunu əvvəl biz içirdik, indi isə ermənilər istifadə edir. Bunun səbəbini ata-anamdan soruşuram. “Niyə biz Kəlbəcərə gedə bilmirik”-deyə sual edirəm. Kəlbəcərin nə demək olduğunu da öyrənmişəm. “Çar üstündə qala” deməkdir. Tərtər çayı boyunca süni mağaralar var.  Ağdam, Laçın, Şuşa, Kəlbəcər Xocalı və işğal altında olan digər rayonlarımızın hər biri gözəldir.

 Yaşın azdı. Qarabağı görməmisən. İçində o yerlərə qayıtmaqla bağlı ümid varmı? Səncə, biz Qarabağa qayıdacağıq?

 Düzdü, Qarabağı görməmişəm, orada böyüməmişəm. Ancaq Qarabağa qayıtmağımızla bağlı çox ümidliyəm. Babalarımın yaşadığı evi görmək  istəyirəm. Hər bir azərbaycanlı kimi mən də torpaqlarımızın  azad olmasını çox istəyirəm.  O yerlərdə  yaşamağı da çox arzulayıram. Həmişə kitablarda, internetdə Qarabağı görürük. Hər bir qarabağlının arzusu o torpaqları həqiqətdə görməkdir.İnanıram ki, o torpaqlara qayıdacağıq.

 Düşmənlər  tərəfindən sadaladığın yerlərimiz işğal olunub. Bəs, ermənilər haqqında nə düşünürsən? Qisas haqqını necə tanıyırsan?

 Evimizi əlimizdən alanlara necə baxmalıyıq ki... Mən də ermənilərə  nifrət edirəm. Onlar bizi dədə-baba torpaqlarımızdan didərgin salıblar. Mən də böyüyüb əsgər olacam. Gedib ermənilərdən torpağımızıa zad edəcəm.

 Hansı yolla geri qaytaraq? Sülh, yoxsa müharibə?!

 Sülhlə, müqavilə ilə torpaq alınmaz. Qan tökməliyik ki, torpağımızı ermənilərdən geri ala bilək. Tarixdə də görünüb ki, yazı ilə, müqavilə ilə torpaq alınmır. Qarabağı qansız azad edə bilmərik.

 Ancaq böyüklər, siyasətçilər deyir ki, sülh yolu ilə mümkündür.

 Məncə yox, sülhlə olmaz.

Güman ki, Xocalıda yaşanan soyqırım dəhşətlərini kadrlardan izləmisən. İzləyərkən nə düşünmüsən?

Xocalıda öldürülən insanlara mən də baxmışam. Ermənilərə daha çox nifrət edirəm o zaman. Balacaları, məktəbliləri vəhşi kimi öldürüblər.  Xocalıda ermənilərin etdiklərini Çingiz Mustafayev çəkib.

Sən o torpaqlarda böyüməmisən. Mənə maraqlıdır ki, “o torpaqlar bizim nəyimbizə lazımdı” düşüncəsində nə vaxtsa olmusanmı?

Yox! Nənə babalarım,  valideynlərim mən balaca olandan Qarabağ haqqında danışıb. Sonra özüm internetdə Qarabağı araşdırdım. Ən böyük arzum Qarabağa getməkdir. İstəyirəm ki, gedib orda məktəbdə oxuyum. Böyüklər öz oxuduqları məktəbdən elə danışırlar ki, adam çox istəyir o məktəbdə təhsil alsın.

 Sənin yaşına uyğun olmasa da bir sual verəcəm. İllərdir ki, böyük dövlətlər olan Rusiya, Fransa,  Amerika  guya Qarabağı azad etməklə məşğuldur. Səncə, Rusiya, Fransa, Amerika Qarabağı azad edəcəkmi?

Onlar Qarabağı qoruya bilməz. Onlar erməninin dostudur. BMT Qarabağa  baxmır. Məncə, Qarabağı heç vaxt sülh yolu ilə ala bilmərik.

 Deyirsən ki, ailən, nənən, baban  Qarabağ haqqında sənə hər şeyi danışır. Bəs orta məktəbdə müəllimlərin Qarabağı necə təbliğ edir?

Müəllimlərim dərs boyunca işğal tarixi barədə bizə ətraflı məlumatlar verirlər. Təkcə bu işğal günlərinə təsadüf etmir. Elə gün olmur ki, müəllimlərimiz 5 dəqiqələrini Qarabağa ayırmasınlar. Qarabağı, vətən hissini bizə çox yaxşı aşılayırlar. Məktəbimizdə Kəlbəcərdən olan şəhidlərin unudulmaması üçün bir sıra işlər görülür. Onların şərəfinə “Şəhidlər” lövhəsi var.  Başqa şəhidlərimizin də  lövhəsi var. Məktəbimizdə bunu ona görə edirlər ki, biz şəhidlərimizi tanıyaq, onları unutmayaq. Biz şəhidlərimiz haqqında öyrəndikcə, torpaqlarımızı daha çox azad etmək istəyirik. Məktəbimizdə müharibə veteranları, qazilərlə görüşlərimiz olur. Onlarla görüşəndə mən də əsgər olmaq istəyirəm

 Müharibədə ən çox əziyyəti uşaqlar çəkir. Bir məktəbli olaraq müharibə aparan işğalçı dövlətlərə, onların başında duranlara nə demək istəyərsən?

 Müharibə pisdir. Orada nə qədər adam ölür. Uşaqları da öldürürlər. Sonra uşaqlar məktəbə də gedə bilmir. İstəyirəm ki,  bir də müharibə olmasın.

 Sənin ailən məcburi köçkündür. Olub ki, sən həyətdə oynayanda uşaqlar sənə “qaçqın” desin?

 Yox deməyiblər. Ancaq qaçqın məktəbində oxuduğumu deyiblər.