Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-14 17:21:00
Beynəlxalq olimpiada qaliblərimiz: “Çox güclü ölkələri geridə qoyduq” –TƏƏSSÜRAT

Şagirdlərimiz 8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Bu, İnformatika fənni üzrə beynəlxalq olimpiada tarixində ilk qızıl medaldır.

“Bu medalla həm özümüzün, həm də digərlərinin inamını artırmaq istəyirdik”

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Murad Eynizadə müsabiqə zamanı gümüş medala layiq görülüb.

Təəssüratlarını AzEdu.az-la bölüşən olimpiadaçı bildirib ki, ötənilki kimi bu il də ilk olimpiada Jautikov olub:

“IOI Beynəlxalq İnformatika Olimpiadasında baş verən uğursuzluqdan sonra bu medalla həm özümüzün, həm də digərlərinin inamını artırmaq istəyirdik. İnformatika komandası uğurlu nəticə göstərdiyinə görə, çox xoşbəxtəm. Bu uğurumuzda Təhsil Nazirliyinin keçirdiyi hazırlıq düşərgələrinin böyük rolu olduğunu düşünürəm.

Artıq 16 ildir, Jautikov olimpiadası keçirilir. Bəlkə də bu təcrübə səbəbindən müsabiqə  digər beynəlxalq olimpiadalar səviyyəsində təşkil olunmuşdu. Bu dəfə əvvəlki yarışlarda bizdən yüksək nəticə göstərən ölkələri geridə qoyduq”.

“Daha güclü  şagirdlər iştirak etdiklərinə görə, gümüşə layiq görüldüm”

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abbas Məmmədov isə Riyaziyyat üzrə gümüş medala sahib olub. O xatırladıb ki, olimpiada 3 fənn - Fizika, Riyaziyyat və İnformatika üzrə keçirilib:

“Təəssüratlarım müsbətdir. Yarış tam obyektiv keçirildi, təşkilatçılıq yüksək səviyyədə idi. 3-4 ildir, olimpiada ilə məşğulam. Gündə 10-12 saat aralığında olimpiada məsələləri ilə məşğul oluram. Bir çox çətinliklərin  öhdəsindən gələrək bu olimpiadada iştirak hüququ qazandım.

Əldə etdiyim gümüş medalla çox ölkələri geridə qoymağı bacardım. Bu, individual yarış idi. Demək olar, bütün ölkələrdən çox savadlı şagirdlər gəlmişdilər. Zəhmətim nəticəsində istədiyimə nail oldum. Olimpiadadan öncə hədəfim qızıl medal idi. Amma daha güclü  şagirdlər iştirak etdiklərinə görə, gümüşə layiq görüldüm.

Yayda keçiriləcək beynəlxalq olimpiadalara eyni həvəs, məsuliyyətlə hazırlaşacam. Hədəfim yenə də qızıl medaldır. Jadikov olimpiadasında edə bilmədiyimi orada reallaşdırmağa çalışacağam”.

Qeyd edək ki, 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıb.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları