Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 14:47:00
“eTwinning Plus” layihəsinin əhatə dairəsi genişlənir

Azərbaycanda 2013-cü ildən etibarən reallaşdırılan beynəlxalq “eTwinning Plus” layihəsinin əhatə dairəsi genişləndirilir. Hazırda layihənin təhsil işçilərindən ibarət 2000-dən çox iştirakçısı var. Onlardan 1054 nəfəri 2019-cu ildə layihəyə qoşulub.

Layihə çərçivəsində bugünədək 551 ümumtəhsil məktəbi üzrə 2066 müəllimin iştirakı ilə 1949 təhsil layihəsi həyata keçirilib. 2019-cu ildə yaradılan 916 layihədən 124-ü ölkə daxilində, 792-si isə avropalı həmkarlarla ortaq işlənilir. Həyata keçirilən layihələr sırasında 131-i 2019-cu ildə olmaqla, ümumilikdə 255 layihə “Avropa Keyfiyyət Nişanı”na layiq görülüb.

Ölkə üzrə artıq 9 məktəb beynəlxalq “eTwinning Məktəbi” mükafatı qazanıb və daha 7 məktəb isə cari ildə  keçiriləcək müsabiqədə nominant olaraq iştirak edəcəklər.

Layihədə iştirak edən təhsil işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 2019-cu ildə Avropanın müxtəlif ölkələrində keçirilən seminar və konfranslara ölkəmizdən 19 müəllim və 2 direktor qatılıb. Layihə çərçivəsində  60 nəfər yerli və xarici müəllimin iştirakı ilə Bakı və Lənkəranda konfranslar təşkil edilib. 

Qeyd edək ki, “Erasmus+” proqramı çərçivəsində reallaşan “Fasiləsiz Təhsil Proqramı”nın tərkib hissəsi olan “eTwinning” layihəsi təhsil sistemi üçün innovativ tədris metodları, fənlərin inteqrativ tədrisi, şəxsi inkişaf, İKT-nin təhsilə tətbiqi, effektiv idarəetmə baxımından geniş imkanlar yaradır.