Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 12:08:00
İtaliyalı alim Azərbaycanda aparılan arxeoloji qazıntılar barədə məqalə dərc etdirib

İtaliyalı arxeoloq, Kataniya Universitetinin professoru Nikola Laneri universitetin “Arxeologia Viva” jurnalında Azərbaycan ərazisində aparılan arxeoloji qazıntıların nəticələri barədə məqalə dərc etdirib.

AzEdu.az xəbər verir ki, 2400 il tarixi olan nekropolun araşdırılmasında azərbaycanlı həmkarı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovla birlikdə çalışan italiyalı alim missiyanın fəaliyyəti barədə hesabat yazıb. Bildirilib ki, tədqiqatlar kurqanlarda aparılıb. Arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar eramızdan əvvəl 1200-cü illərə aid kurqanın tapılmasına səbəb olub. Tapılan cəsədlər eqalitar tipə məxsus köçəri tayfalara aiddir. Onlar o dövrə xas ayinlərlə dəfn edilib, daha sonra üstü daş lövhələrlə örtülüb.

Qeyd edək ki, Gəncə və Goranboy ərazisində Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlara 2018-ci ildən başlayıb. İtaliyalı alimlərin iştirakı ilə tapılmış abidələr bizim eradan əvvəl 4-cü minilliyin sonundan 1-ci minilliyin əvvəlinədək olan dövrü əhatə edir. Layihə İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES), Kataniya Universitetinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə əməkdaşlığı ilə həyata keçirilr. Missiyanın tərkibində Azərbaycan və İtaliyalı alimlərlə yanaşı, fransız mütəxəssis və tələbələr də fəaliyyət göstərib. Ekspedisiyanın sonunda 2020-ci ildə Gəncə bələdiyyəsi ilə birlikdə arxeoloji parkın yaradılması nəzərdə tutulub. (AZƏRTAC)