https://www.zirve.edu.az/
06.01.2020 12:49
Yaşı 65-i ötən müəllim əmək müqaviləsini bu yolla artıra bilər- Qaydalar  və  şərtlər
Çap et

Varislik ənənəsinin davam etdirilməsi, yaşlı nəslin təcrübəsinin  gənc nəslə ötürülməsi məqsədilə orta ümumtəhsil müəssisələrində işləyən çalışmanın yaş həddinə çatmış müəllimlərin  fəaliyyət müddətinin uzadılması qanunvericiliklə təmin olunur.

Hazırda xüsusilə bölgə məktəblərində çalışan müəllimləri ən çox maraqlandıran məqamlardan biri də çalışmanın yaş həddinin uzadılması üçün hara və necə müraciət etmələridir.

AzEdu.az məlumat verir ki, dövlət ümumtəhsil müəssisəsində çalışan 65 yaşına çatmış müəllimin orada çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Müəllimlərə müddətli əmək müqaviləsinin bağlanılması ərazi maliyyə-hesablaşma mərkəzləri (ƏMHM) və rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) birgə razılığı əsasında həyata keçirilir.

ƏMHM və RTŞ-lər müddətli əmək müqaviləsinin bağlanılmasına dair qərar qəbul edərkən Təhsil nazirinin müvafiq əmrinin, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsinə dair qaydaların tələblərinin əsas götürülməsinə nəzarəti təmin etməlidirlər. Onlar çalışmanın yaş həddinə çatmasına 1 ay qalmış müəllimlərin siyahısının hazırlanması, onlara bildirişlərin göndərilməsini, sənədlərin bir sıra meyarlar üzrə qiymətləndirillməsinə nəzarəti də təmin edirlər. Buna görə də fəaliyyət müddətinin uzadılmasını istəyən müəllim ümumtəhsil müəssisəsinin rəhbərinə müraciət etməlidir.

Çalışmanın yaş həddinə çatmış müəllimlərlə müddətli əmək müqaviləsi, bir qayda olaraq, dərs ilinin sonunadək bağlanılır.

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən hər müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Müəllimlərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir".

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları