https://www.zirve.edu.az/
06.01.2020 12:19
2019-da vəfat edən elm və təhsil adamları – Şirməmməd Hüseynov,  Vurğun Əyyub…

2019-cu il  təhsil və elm camiəsində bir çox yeniliklərlə yadda qaldı.

Yola saldığımız  ildə  həm də bir çox təhsil və elm adamlarını itirdik.

AzEdu.az 2019-cu ildə vəfat edən təhsil və elm adamlarının siyahısını təqdim edir:

Vurğun Əyyub  - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri ötən ilin 24 sentyabr tarixində dünyasını dəyişib. O, 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib.

1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub.

1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib.

1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib.

Vasim Məmmədəliyev -  Şərqşünas alim  13 oktyabrda vəfat edib. O,1942-ci il avqustun 27-də Bakıda anadan olub.  O, 160-dək elmi əsərin, o cümlədən 21 monoqrafiyanın müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub.

Görkəmli alim Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 2002-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif olunub.

V.Məmmədəliyev BDU-da ərəb filologiyası kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.

Şirməmməd Hüseynov- Görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin professoru 24 iyun tarixində dünyasını dəyişib. M.Ə.Rəsulzadə irsinin öyrənilməsində əvəzsiz xidmətləri olan Şirməmməd Hüseynov İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirib. 1941-1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. 1945-1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini, 1961-1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə isə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri 1988-ci ildən isə BDU, mətbuat tarixi kafedrasının professoru olub.

Arif Məlikov - Bəstəkar və rəssam, Əməkdar İncəsənət Xadimi, Xalq artisti, professor, Dövlət Mükafatı laureate üzvü uzun sürən xəstəlikdən sonra may 9-da evində dünyasını dəyişib.

 Firudin Səməndərov (1939) - Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor 24 oktyabr tarixində dünyadan köçüb.

Pənah Xəlilov-BDU-nun professoru, tanınmış alim, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi 94 yaşında vəfat edib.

Pənah Xəlilov 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlayıb. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olub. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşıb.

"Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilib. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

 Xalid Əliyev-AMEA Zoologiya İnstitutunun Quru Onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru ömrünün 71-ci ilində vəfat edib.

Xalid Əli Ağa oğlu Əliyev 7 fevral 1949-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olub.1973-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirib. 1975-ci ildən AMEA Zoologiya İnstitutunda fəaliyyət göstərən alim, 1977-ci ildə “Entomologiya” ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olmuş, 1986-ci ildə “Azərbaycanın Kiçik Qafqaz biogeosenozlarının arıkimiləri” mövzusunda namizədlik dissertasiyasını (Bakı), 2013-cü ildə isə “Azərbaycanın arıkimiləri” mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə edib. 1980-1986-cı illərdə Zoologiya İnstitutunun “Entomologiya” laboratoriyasında laborant, kiçik elmi işçi, elmi işçi, 1987-1993-cü illərdə institutun elmi katibi, 1993-cü ildən isə laboratoriya müdiri vəzifəsində işləyib.

Müzəffər Əsgərov -Türkiyənin Erciyes Universitetin incəsənət fakültəsinin musiqi kafedrasının azərbaycanlı  dosenti ürək tutmasından  vəfat edib.

Məhəmməd Tağıyev-İstanbul Universitetinin professoru 68 yaşında qəfil ürək tutmasından anadan olduğu Salyan rayonunda dünyasını dəyişib.

Məşhur riyaziyyatçı Məhəmməd Həmid oğlu Tağıyev elmi fəaliyyəti ilə bağlı 1993-cü ildən Türkiyəyə köçmüşdü və İstanbul Universitetinin professoru idi. Onun hazırlaşdırdığı və Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən Türkiyə məktəblilərinin qalib gəlməsi məşhur riyaziyyatçı müəllimə yaşadığı qardaş ölkədə çox böyük nüfuz qazandırmışdı.

Son illərdə Türkiyə Milli Təhsil Nazirliyinin “Elmi Olimpiada” Akademiyasının qurucusu və baş konsulu kimi fəaliyyət göstərirdi. Onun hazırladığı türkiyəli tələbələr hazırda ABŞ, Braziliya, Meksika, Almaniya və Türkiyənin ən məşhur universitetlərində elmi fəaliyyətlərini davam etdirirlər.

Azərbaycanlı alimin əməyi Türkiyə dövləti tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib.

Riyazlyyatçı alimin 3 oğlu da onun yolunu davam etdirir.

Əbülfəz Nağıyev- Bakı Slavyan Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektoru iş başında avqustun 26-da vəfat edib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları