https://www.zirve.edu.az/
17.12.2019 11:18
Nazir müavininin təhsildəki qüsurları aradan qaldıracaq fəaliyyəti– Özünü yığışdıran direktorlar

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın məktəb direktorlarına xəbərdarlıq etməsi təhsil cameəsində müzakirələrə səbəb olub. Xəbərdarlıqda orta ümumtəhsil müəssisələrindəki davamiyyət məsələsinə toxunulub. Bildirilib ki, Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsizliyə yol verən direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq.

Nazir müavininin vaxtaşırı etdiyi xəbərdarlıqlara AzEdu.az-la nəzər salaq:

Onun daha bir xəbərdarlığı da elə davamiyyət məsələsi ilə bağlı olub. Məhəbbət Vəliyva bildirib kiŞ bu gün təhsil sahəsində narahatedici əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur:

“Bu müzakirələr zamanı şagirdlərin dərsə davamiyyəti də diqqətimizi çəkən aktual məsələlərdəndir. Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb. Bu gün həmin sistemdə oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük”.

M.Vəliyeva bildirib ki, mərkəzdə yerləşən məktəblərdən ucqar məktəblərə gedən şagirdlərin ailəsi ilə birlikdə köçdükdə dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir:

“Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən, məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə xüsusən 10-11-ci siniflərə qəbul olunan şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagirdlər və valideynlərlə bu barədə söhbətlər aparılsın”.

Noyabrın 22-də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bəzi məktəb direktorlarının onlar üçün yaradılan şəraitə biganə qaldığını vurğulayıb. Bildirib ki, vacib məsələlərdən biri yaradılan bu şəraitə uyğun keyfiyyətli təhsil prosesini yaratmaq, dövlətin istifadəyə verdiyi əmlakı qoruyub saxlamaqdır:

“Elə məktəblərimiz var ki, uzun illər əvvəl təmir olunmasına baxmayaraq,  dövlət əmlakına diqqətlə yanaşılıb və qorunub. Amma təəssüf ki, bəzi məktəblərimizin bu məsələyə daha ciddi yanaşması zərurəti yaranıb. Fürsətdən istifadə edib, üzümü direktorlara tutub demək istəyirəm ki, məktəbi qoruyub saxlamaq üçün ciddi qayda-qanun yaradılmalı, nizam-intizam qaydalarına əməl olunmalıdır”.

Nazir müavininin 15 oktyabr xəbərdarlığı isə məktəbi məktəbəhazırlıq qruplarında tədrisin təşkili ilə bağlı idi. Xəbərdarlıqda bildirilir ki, hər bir məktəb hazırlıq qruplarına gedən uşağın onun gələcək məzunu olacağını nəzərə alaraq 5 yaşlı uşaqla fəaliyyətin səmərəli təşkil olunması barədə düşünməlidir:

“Əmin deyilik ki, ümumi və tam orta təhsil səviyyələrində dərs deyən müəllimlər məktəbəhazırlığın mahiyyətini kifayət qədər dərindən başa düşürlər. Onlar sanki bu prosesdən kənarda qalıblar. Halbuki məktəbəhazırlıq təhsilin çox əhəmiyyətli hissəsidir. Bu məsələ bütün kollektivin diqqətinə çatdırılmalıdır. Məktəbəhazırlıq təhsilinin vacibliyini bu qədər qeyd etdiyimiz üçün yaxşı olardı ki, Bakı məktəblərinin heç olmasa bir neçəsi özünün bu qabaqcıl təcrübəsini ortaya qoyardı".

Məhəbbət Vəliyevanın digər nitqi də kəskin xəbərdarlığı ilə yadda qalıb. Bu dəfə isə əsas obyekt məktəb direktorları olub:

"Müasir dövrün tələblərinə cavab verməyən, keyfiyyətsiz fəaliyyəti ilə seçilən məktəblərin də olduğunu görürük. Problemlərin həlli ilə bağlı məsələlərə köklü yanaşmağın yolları tapılmalıdır. Bu mənada direktorların qarşısında çox ciddi çağırışlar dayanır. Ola bilər ki, direktorlar bu il fəaliyyəti daha yaxşı təşkil edib daha yaxşı nəticələr əldə etsinlər, amma bu problemə sistemli yanaşılmadıqda nəticə səmərəli olmayacaq".

Digər xəbərdarlığında isə nazir müavini direktorlara müraciət edərək bildirib ki,  insan özü qaydaları pozursa, qarşısındakı şəxsdən qaydalara əməl etməyi tələb edə bilməz:

“Bəlkə də, bu gün məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olması, valideynlərin məktəbdən uzaq, incik düşməsinin əsas səbəblərindən biri bu neqativ halların olmasıdır. Təhsil naziri Ceyhun Bayramov müəllimlərin sentyabr konfransında da açıqladı ki, neçə direktorun işi hüquq-mühafizə orqanlarına göndərilib. Hələ də işi məhkəmələrdə olan bir neçə məktəb direktoru var.

Dünyada texnologiya sürətlə inkişaf edir və bu yeniliklər özünü birbaşa təhsildə büruzə verir. Bütün bunları qoyub hələ də neqativ hallarla mübarizə aparırıq”.

Onun daha bir müraciəti isə ixtisas seçimi edəcək müəllimliyə namizədlərə ünvanlanıb.Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu imtahanların yekunlarına həsr olunan mətbuat konfransında namizədlərə ixtisas seçimi edərkən diqqətli olmağı tövsiyyə edib. O bildirib ki, namizədlər məktəb seçimi etməzdən əvvəl yaxşı düçünməlidirlər:

“Namizədlər qərar verməzdən əvvəl fikirlərini dəqiqləşdirsinlər. Yaxşı olar ki, onlar məktəblər haqqında əvvəlcədən məlumatlı olsunlar. Çünki namizədlər tanımadığı məktəbi seçir və son anda imtina edirlər. Nəticədə isə digər namizədin həmin yer üçün qəbul şansı azılır".

Nazir müavininin digər xəbərdarlığı isə orta ümumtəhsil müəssisələrində təmayülləşmənin təşkili ilə bağlı olub:

“Hələ də şagirdlərin tam orta təhsil səviyyəsində təmayül siniflərdə təhsil almalarına şüurlu yanaşmasına nail ola bilməmişik. Bir çox hallarda təmayül siniflər sadəcə şagird komplektləşdirmək üçün yaradılır. Tam orta təhsil səviyyəsində təmayül siniflərə yalnız ixtisas peşəkarlığı və bilikləri yüksək olan müəllimlər dərs deməlidir. Bu zaman şagirdlərin həqiqətən də zəruri biliklər almasına nail ola bilərik. İkinci tərəfdən əgər dövlət bu imkanı yaradırsa, niyə məktəblər bunu etməməlidir? Bu məsələyə X-XI siniflərdə başlamaq çox gecdir. Məsələyə aşağı siniflərdən sistemli yanaşmaq lazımdır. Bir çox məktəb direktoru ilə ünsiyyətdən məlum olur ki, onlar ibtidai siniflərdən başlayaraq uşaqların bilik və maraqları haqqında məlumat toplayırlar. Bu mənada hesab edirəm ki, Bakı məktəbləri region məktəbləri üçün bir nümunəyə çevrilməlidir. Hətta təmayül olunan siniflərdə də şagirdlərin davamiyyəti arzuolunan səviyyədə deyil. Niyə? Bu belə olmamalıdır".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları