https://www.zirve.edu.az/
16.12.2019 09:03
Qarabağ döyüşçüsünün Harvard Universitetinə qəbul olunan qızı: “Zəhmətim yerdə qalmadı” - MÜSAHİBƏ

Qarabağ döyüşlərində batalyon komandiri olmuş İlyas Hüseynovun qızı Nigar Mövsümlü ABŞ-ın Harvard Universitetindəki Harvard Biznes Məktəbində (HBS) magistr təhsili alacaq.

Nigar İlyas qızı Mövsümlü 10 avqust 1993-ü ildə anadan olub. İlk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə alan Nigar təhsilini Türkiyənin Hacəttəpə Universitetində davam etdirib. 2014-2017-ci illərdə Deloitte Audit ve Konsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən indiyə kimi “Unilever” istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdir müavini vəzifəsində çalışıb. Nigar Mövsümli həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür.
N.Mövsümlü ABŞ-a gedən yoluna Modern.az vasitəsilə qısaca nəzər salıb. Onunla müsahibəni təqdim edirik:
- Nigar xanım, təbrik edirik. Uğurunuzla ən azı sizin qədər biz də fəxr edirik. Necə oldu ki, yolunuz ABŞ-dan düşdü?

- Artıq bir neçə il idi ki, hazırlıqlarım davam edirdi. Bu universitetə qəbul olunmaq üçün iş təcrübəsi vacib məqam idi. Mən də 5 il idi ki, qlobal şirkətlərdə çalışıb, təcrübə toplayırdım ki, universitetə müraciət edəndə tələb olunanların öhdəsindən gələ bilim. Amma sırf universitetə 2019-cu il sentyabrın 4-də müraciət etdim. Oktyabrın 1-də müsahibə mərhələsinə keçdiyim xəbərini aldım. Noyabrın 8-də müsahibə mərhələsi üçün Boston şəhərinə getdim. Onun da cavabı bu ayın 10-da bəlli oldu.
- Minlərlə müraciətçinin arasından seçilmək həm də böyük şansdır, razılaşırsınızmı bununla?

- Tamamilə razıyam. Bu baxımdan özümü çox şanslı hiss edirəm. Ona görə ki, dünyanın dörd bir yanından 10 minə yaxın insan bu universitetdə magistr oxumaq üçün müarciət edir, amma cəmi 900 nəfər seçirlər. Bu, 20 faizin altında bir qəbul göstərcisidir. Seçilənlərin sırasında olduğum üçün özümü çox şanslı hiss edirəm. Həm də düşünürəm ki, bu, əziyyətimin bəhrəsidir. Çox şükür edirəm ki, illərimin zəhməti yerdə qalmadı.
- ABŞ-a nə vaxt getməyi planlaşdırırsınız?

- Dərslərim növbəti ilin avqust ayında başlayacaq. Amma köçmə, yerləşmə kimi proseslər olduğundan, yəqin ki, iyul ayında vətəni tərk edəcəm. İki illik tədris ili müddətində kampusda qalacam. İnşallah, 2022-ci ildə Harvarddan məzun olacam.
- Məzun olduqdan sonra ABŞ-da qalıb, orada fəaliyyət göstərmək planlarınız var, yoxsa qətiyyətlə “vətənə dönəcəyəm” deyirsiniz?
- Mənim əsas planım ABŞ-da olduğum müddətdə də təcrübə yığmağımdır. Ümumiyyətlə, qısa müddətdə qlobal şirkətlərin təcrübələrini maksimum dərəcədə mənimsəməyi, koorparativ təcrübə topalamağı hədəfləyirəm. Təhsilimi başa vurub təcrübə topladıqdan 3-5 il sonra əlbəttə ki, Azərbaycana qayıtmağı planlaşdırıram. Yəni ABŞ-da topladığım qlobal təcrübələri Azərbaycanda tətbiq etməyi hədəfləyirəm.
- Nigar xanım, siz həm də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvüsünüz. Yəqin ki, təcrübələrinizdən Qarabağ probleminin dünya arenasına çıxarılmasında da istifadə edəcəksiniz...

- Doğrudur, mən Qarabağlıyam, həm də İcmanın üzvüyəm. Amma mənim fəaliyyətim sırf siyasətdən kənardır. Mənim qazandığım məktəb sırf biznes məktəbidir və mən siyasətçi deyiləm. Qarabağlı olmağımla həmişə fəxr edirəm. Amma heç vaxt siyasətlə əlaqəm olmayıb və bundan sonra da olacağını düşünmürəm. Həm də o auditoriya mənim siyasi məsələləri qaldıra biləcəyim arena deyil. Mənim arzularım, istəklərim sırf qazandığım təcrübələri, nəaliyyətlərimi vətənimdə tətbiq etməkdir.
- Yeni uğurlarda söhbətləşmək ümidilə...

- Dəyərləndirdiyiniz üçün təşəkkür edirəm!