https://www.zirve.edu.az/
28.11.2019 11:12
“Qafqazda terror” mövzusunda müzakirələr aparılır

Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazda terror” mövzusunda respublika elmi konfransi keçirilir.

AzEdu.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Konfransı giriş sözü ilə açan Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı diqqətə çatdırıb ki, Qafqaz həssas siyasi duruma malik regiondur. Qafqaz. eyni zamanda, terror hadisələri, risklər və təhdidlərlə doludur. Qafqazdakı münaqişələrin öyrənilməsi davamlı olmalıdır.

Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun yarandığı qısa müddət ərzində bu sahədə apardığı işlər haqqında ətraflı məlumat verib. O bildirib ki, konfrans Qafqazdakı problemlərin dərindən araşdırılması, bölgədə cərəyan edən hadisələrin öyrənilməsi və mürəkkəb proseslərin qarşısının alınması üçün elmi əsaslandırılmış proqnozların verilməsi baxımından da əhəmiyyətlidir. Çünki Qafqazda sülhün və sabitliyin bərpa olunması geniş mənada regionda, bütövlükdə isə beynəlxalq miqyasda sülhə və sabitliyə böyük töhfə verə bilər.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova çıxışında qeyd edib ki, Qafqazda terror dünya ictimaiyyətini dərindən maraqlandırır. Qafqazda terrorun tarixi uzundur. Bu gün Qafqazda terror Azərbaycan üçün daha aktualdır, çünki biz erməni terroru ilə dəfələrlə qarşılaşmışıq.

Nərgiz Axundova konfransın qarşısına qoyduğu məqsədə nail olacağına inandığını diqqətə çatdırıb, konfransın işinə uğurlar arzulayıb.

Sonra professor Musa Qasımlı “1903-1904-cü illərdə erməni siyasi-terror təşkilatlarının Cənubi Qafqazda Çar Rusiyası hakimiyyət orqanlarının rus və gürcü mənşəli nümayəndələrinə qarşı terroru (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda məruzə edib.