Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-22 09:43:00
Xarici universitetlərdən verilən diplomların tanınma proseduru – Bunları mütləq bilməlisiniz  

Xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclər daha çox Türkiyə universitetlərinə üz tutur.

Türkiyə universitetlərində təhsil alanların arasında imtahansız qəbul olan gənclərimiz də var.

Bəs Türkiyə universitetlərində imtahansız  qəbul olub, təhsil alan tələbələrin diplomu tanınırmı?  

“Müvafiq imtahan nəticəsiylə Türkiyə universitetlərinə qəbul olmaq daha yaxşıdır”

Bu sözləri AzEdu.az-a  Türkiyədə təhsil üzrə mütəxəssis Rəşad Abbasov deyib.

O bildirib ki, Türkiyə universitetlərində yalnız qiyabi təhsil alanların diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır:

“Azərbaycan 1996-ci ildə Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı Beynəlxalq Konvensiyaya qoşulub.  Və son 20 ildə bu prosesləri tənzimləmək üçün müxtəlif ölkələr arasında çoxtərəfli müqavilələr imzalanıb.

Konvensiyaya əsasən, diplomu tanımaq üçün iki mühüm şərt var: Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır.  İkinci şərt isə, tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu almasıdır. Əgər bu şərtlər ödənərsə Türkiyə universitetlərindən alınan diplomun tanınması ilə bağlı heç bir problem ola bilməz. Yəni Təhsil Nazirliyi üçün tələbənin Türkiyə universitetlerinə necə qəbul olduğu önəmli deyil.  Amma  Türkiyə universitetlərində qiyabi təhsil alanların diplomunu Təhsil Nazirliyi tanınmır.

Onu da bildirim ki, imtahan nəticəsi ilə daha yüksək səviyyəli universitetlərə təhsil almaq daha yaxşı olardı . Amma bu heçdə imtahansız qəbul aparan universitetlərin keyfiyyətsiz təhsil verdiyi anlamına gəlmir”.  

Rəşad Abbasov  xarici universitetlərdən verilən diplomların tanınması proseduru barədə də  məlumat verib:

“Təhsil Nazirliyi tərəfindən diplomun tanınması proseduru bir neçə mərhələdən ibarətdir. Birinci mərhələdə lazım olan sənədləri toplayıb https://ani.edu.gov.az saytından müraciət edilir. Tələb olunan sənədlər  aşağıdakılardır:

Elektron ərizə (yalnız edu.gov.az internet səhifəsi vasitəsilə);

Ali təhsil haqqında sənəd – Diplom;

Transkript;

Diplom və Transkriptin məzun oldugunuz ölkədə apostelli təsdiqi;

Şəxsiyyət vəsiqəsinin elektron surəti;

Ümumvətəndaş (xarici) pasportunun(larının) şəkil olan və sərhədkeçməni (giriş/çıxış) bildirən bütün möhürlü səhifələri ilə birlikdə elektron surəti;

Hərbi biletin və ya hərbi xidmətinin qeydiyyatı haqqında arayışın elektron surəti.

İkinci mərhələdə təyin olunan gün məzunlar müsahibəyə dəvət edilir. Müsahibə zamanı gənclərə məzun olduqları ixtisas , universitet, dərslər və təhsil dili ilə bağlı suallar verilir. Bu mərhələni də uğurla keçənlərin diplomu  Təhsil Nazirliyi tərəfindən tanınır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları