Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-21 10:34:59
Ali təhsil almayan müəllimlər ən çox hansı fənləri tədris edirlər? – Göstəricilər  

İngilis dili müəllimləri ali təhsillilərin sayına görə, sonuncu sıradadırlar. Orta ümumtəhsil müəssisələrində çalışan İngilis dili müəllimlərinin cəmi 76 faizi ali təhsillidir.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub. Məcmuədə dövlәt әyani ümumtәhsil müәssisәlәrindә müәllimlәrin ixtisasları üzrә tәhsil sәviyyәləri əks olunub.

Göstəricilərə diqqət yetirdikdə məlum olur ki, dövlət ümumtəhsil müəssisələrində ən çox müəllim sayı Azərbaycan dili və Ədəbiyyat fənlərində müşahidə edilir. Məktəblərdə 17 478 müəllim bu fənni tədris edir. Onlardan 97,9 %-i ixtisasları üzrə ali təhsilə sahibdirlər.

Say çoxluğuna görə, ikinci yerdə Riyaziyyat müəllimləri gəlir. Dövlət ümumtəhsil müəssisələrində 16 063 kadr bu fənni tədris edir. Onların 99,6 %-i ali təhsillidirlər.

Üçüncü  yerdə isə İngilis dili müəllimləri gəlir. Amma onlar ali təhsillilərin sayına görə, sonuncu sıradadırlar. Orta ümumtəhsil müəssisələrində çalışan İngilis dili müəllimlərinin cəmi 76 faizi ali təhsillidir.

Ali təhsilli kadr azlığı İnformatikanı tədris edənlər arasında da müşahidə edilir. Respublika ümumtəhsil müəssisələrində İnformatikanı tədris edən 3998 kadrdan 86.8 faizi ali təhsillidir. Onların 13,2 faizi yalnız orta ixtisas təhsilinə sahibdirlər.

Qeyd edək ki, məcmuədəki statistik göstəricilər 2019-cu təqvim ilinə aiddir. Sağlamlıq imkanları mәhdud uşaqlar üçün xüsusi məktəblər vә internat mәktәblәri istisna olmaqla digər dövlət ümumtəhsil müəssisələrini əhatə edir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları