Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-06 12:14:51
İnformatika üzrə XII ümumrespublika olimpiadasının final mərhələsinin nəticələri açıqlandı

Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının final mərhələsi keçirilib. Tədbirin təşkilatçıları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutudur.

AMEA-dan AzEdu.az-a bildirilib ki, 17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağın artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir dövrdə dünyada informatika və proqramlaşdırma sahələrinin inkişaf etdirilməsinə böyük önəm verildiyini, bu sahə üzrə yüksəkixtisaslı, elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların hazırlanmasına tələbatın olduğunu bildirib.

Akademik bildirib ki, bu il respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda yarışda iştirak hüququ qazanıb. Paytaxt və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin ən yaxşı nəticə göstərən 14 komandası olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Alim, həmçinin qeyd edib ki, cari ildə bu yarışda müxtəlif komandaların tərkibində 25 xanım iştirakçı təmsil olunub.

Ölkəmizdə bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsinə ehtiyac duyulduğunu deyən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bilik yarışlarının keçirilməsinin təqdirəlayiq hal olduğunu deyib.

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Azərbaycanda bu ixtisas üzrə təhsilin inkişafına xüsusi önəm verildiyini deyib. O, bu ildən başlayaraq informasiya texnologiyaları üzrə bakalavr pilləsinə qəbulun yeddi dəfə artırıldığını diqqətə çatdırıb. Y.Piriyev informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq ölkəmizdə bu istiqamətdə qəbulun 20 yerdən 140-a qaldırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Məruzəçi, həmçinin orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən ən nüfuzlu beynəlxalq yarışın – Beynəlxalq İnformatika Olimpiadasının (IOI) 2019-cu ildə Azərbaycanda keçiriləcəyini bildirib, yüksək biliyə malik şagirdlərin bu yarışda ölkəmizi təmsil edəcəyini vurğulayıb.

Heydər Əliyev Fondunun nümayəndəsi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov təmsil etdiyi qurumun elm və təhsil sahəsində, o cümlədən informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrə daim dəstək verdiyini diqqətə çatdırıb. O, gənclərin informasiya texnologiyalarına maraq göstərməsinin sevindirici hal olduğunu bildirərək bu kimi olimpiadaların keçirilməsinin gənclərin özünü təkmilləşdirməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Olimpiadanın münsiflər heyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə informatika və proqramlaşdırma sahəsində istedadlı tələbələrin aşkara çıxarılmasında və ölkəmizin intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasında olimpiadanın əhəmiyyətini vurğulayıb.

Sonra Təşkilat Komitəsinin üzvləri müsabiqənin keçirildiyi auditoriyalarda final mərhələsində iştirak edən komandalarla tanış olublar.

Sonda final mərhələsinin nəticələri açıqlanıb, qalib komandalar müəyyənləşib.

Qaliblər Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə qiymətli hədiyyələr, fəxri fərman və diplomlarla mükafatlandırılacaqlar.