Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 15:34:00
Peşə məktəbinə sənəd qəbulu sabah başa çatır  

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılmış peşə təhsili mərkəzinə sənəd qəbulu sabah başa çatır.

AzEdu.az xəbər verir ki, mərkəzdən bildirilib ki, qəbul olmaq istəyən şəxslər oktyabrın 1-dək təhsil müəssisəsində qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayan təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılan ilk pilot peşə təhsil müəssisəsidir. Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb. Tədris prosesində istifadə edilən kurikulumlar koreyalı ekspertlər, habelə özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.

Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahları operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika ustası ixtisasları üzrə 1 illik proqramlarda təhsil almaq imkanı nəzərdə tutulur. (Azərtac)