Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-19 11:47:59
Namizədlərin nəzərinə: Boş qalan yerlərə bu şəxslər sənəd verə bilər

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi davam edir. Seçimlər iyulun 22-dək aparılacaq.

Müsabiqə şərtini ödəyən namizədlər bu müddətdə elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunan “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

Müsabiqənin nəticələri açıqlandıqdan sonra boş qalan yerlərə qəbul elan ediləcək və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılacaq.

Hazırda az bal toplayan, amma rezident olmaq istəyən namizədləri ən çox maraqlandıran məqamlardan biri də boş qalan yerlərə kimlərin sənəd verə biləcəyi ilə bağlıdır.

AzEdu.az xəbər verir ki, boş qalan yerlərə sənəd qəbulunda müsabiqə şərtini ödəyib, amma heç bir ixtisasa qəbul oluna bilməyənlər iştirak edə bilər. Bu zaman namizədin keçmiş ixtisas seçimi müsabiqəsində 65 yerin hər birini yazıb və bir neçəsini boş saxlaması əhəmiyyət daşımır.

Müsabiqə nəticəsində seçdiyi ixtisaslardan birinə qəbul olunan, amma o sahə üzrə təhsil almaq istəməyən namizədin isə boş qalan yerlərə qəbulda iştirak etmək hüququ yoxdur.

Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı balların cəminə (ümumi bala) əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Seçim zamanı  ərizədə 65 ixtisası qeyd etmək mümkündür.

Qeyd edək ki, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra (hərbi tibb fakültəsini bitirənlər istisna olmaqla) 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində çalışmalıdırlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları