Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 13:00:00
Kembric Universitetinin azərbaycanlı professoru növbəti uğura imza atıb  

Qərib Mürşüdov Avropa Molekulyar Biologiya Təşkilatının üzvü seçilib.

Azərbaycanlı alimlərin  dünyanın ən nüfuzlu elmi-tədqiqatçıları arasında ön cərgələrdə yer alması hər birimiz üçün qürur mənbəyidir.  Bizlərə belə bir qüruru yaşadan alimlərimizdən biri isə hazırda dünyanın və  Böyük Britaniyanın ən nüfuzlu ali məktəblərindən hesab olunan Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında tədqiqat  qrupunun rəhbəri həmyerlimiz  professor  Qərib Mürşüdovdur.  Bu günlərdə  Q.Mürşüdov növbəti elmi uğura imza atıb.  Alim Avropa Molekulyar Biologiya Təşkilatının (EMBO- European Molecular Biology Organization) üzvü seçilib.  EMBO Avropada  molekulyar biologiya sahəsində aparıcı təşkilatdır və istedadlı alimlərin axtarışı və stimallaşdırılması  ilə məşğul olur.

1964-cü ildən aparıcı alimlər hər il elmdə onların sübut edilmiş elmi nailiyyətləri nəzərə alınmaqla  EMBO üzvü olurlar.  Bu il təşkilatın üzvlüyünə  56 alim layiq görülüb.

"EMBO-nun üzvləri    həyat haqqında elmlərin bütün əsas istiqamətlərində  -  hesablama modellərindən və ya ayrı-ayrı molekul və hüceyrə mexanikasından tutmuş inkişafın daha yüksək nizamlı sistemlərinin,  təkamül və koqnitiv neyroelmlər sahələrinin öyrənilməsi sahəsində araşdırmalar aparan görkəmli alimlərdir",- deyə EMBO-nun direktoru  Mariya Leptin bildirib.

Diqqətəlayiq  fakt odur ki, bu vaxta qədər EMBO-nun 45 üzvü Nobel mükafatına layiq görülüb.   EMBO-un bir çox çox təşəbbüsləri Avropada təbiət  elmləri sahəsində alimlərin tədqiqatlarına əhəmiyyətli  dərəcədə  təsirə malikdir. EMBO gənc alimlərə öz tədqiqatlarını irəli aparmağa,  beynəlxalq reputasiyalarını inkişaf etdirməyə və onların mobilliyini  təmin etməyə kömək edir.

Qeyd edək ki,  Böyük Britaniya Kral Statistika Cəmiyyətinin üzvü olan Qərib Mürşüdovun əsas elmi nailiyyətləri müasir statistika üsullarının struktur biologiya eksperimentlərinin analizi və modelləşdirilməsinə tətbiqi, molekulyar saflaşdırma üçün ən geniş yayılmış proqram təminatlarının hazırlanması,  struktur biologiyası cəmiyyətinin istifadəsi üçün bir sıra proqram təminatlarının və alqoritmlərin qurulması  kimi istiqamətləri əhatə edir. 1993-2011-ci illlərdə Böyük Britaniyanin York Universitetində çalışıb, universitetin Kimya fakültəsinin Struktural Biologiya Laboratoriyasının professoru olub. Məqalələrinə, o cümlədən proqramlarına olan istinadların sayı 20000-dən çoxdur.  Alim Yaponiya, Amerika , Braziliya, Uruqvay, Çin, Hindistan  və sair ölkələrdə  beynəlxalq kurslar təşkil edib. (Müəllim qəzeti)