Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-24 11:17:00
Məktəblilər ətraf mühitin qorunması ilə bağlı məlumatlandırılıblar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Beynəlxalq Yer Gününə həsr olunmuş növbəti seminar-məşğələ keçirilib.

AzEDU.az xəbər verir ki, tədbirin əsas məqsədi ətraf mühiti çirkləndirən, insan sağlamlığına mənfi təsir göstərən əsas mənbələr haqqında məktəbliləri məlumatlandırmaq, ətraf mühitin çirklənməsi nəticəsində meydana gələn ekoloji problemlərin qarşısının alınması üçün vacib olan tədbirləri şagirdlərə izah etmək, eləcə də gələcək peşə seçimlərində onlara istiqamət verməkdir.

Tədbir AMEA-nın elmi-tədqiqat müəssisələrinin fəaliyyətini əks etdirən sərginin Coğrafiya İnstitutuna aid bölməsi ilə tanışlıqdan başlayıb. Sonra şagirdlər institutun xəritəçilik və coğrafi informasiya şöbəsində olublar.

Tədbir institutun konfrans zalında davam etdirilib.

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov məktəblilərə ətraf mühitin qorunmasının vacibliyindən söhbət açıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Ələkbərova “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda təqdimatla çıxış edib, şagirdlərı maraqlandıran sualları cavablandırıb.

Sonra “Gənc diyarşünaslıq” dərnəyinin üzvləri Xətai rayonunun 245 nömrəli orta məktəbin şagirdləri ilə birlikdə Beynəlxalq Yer Günü ilə əlaqədar hazırladıqları səhnəciyi nümayiş etdiriblər.