Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-19 22:00:00
“Atamın Bakıdakı evini qaytarsalar, mən də ora gələrəm” - Tağı Şahbazinin qızı -ANONS

“Tağı Şahbazinin qızı Dilarə xanım  mənə dedi ki, evimi qaytarsalar gələrəm. Onun evi İstiqlaliyyət küçəsindədir. Bizdə elə bir qanun da yoxdur ki,  o ev qaytarılsın. İndi orda başqaları yaşayırlar.  Ancaq zarafatla dedim ki, indi kimə müraciət edək ki, evi qaytarsınlar”

Bunu AzEDU.az-a müsahibəsi zamanı BDU-nun Tarix fakültəsinin dekanı Azad Rzayev deyib.

Qeyd edək ki, tarixçi alim BDU-nun 100 illiyi münasibətilə təhsil ocağının ilk azərbaycanlı rektoru olan Tağı Şahbazinin qızı Dilarə xanımla Ukraynada görüşüb və ondan xeyli maraqlı bilgilər alıb:

“Dilarə xanımın 90 yaşı var. Məktəbdə 30 ilə yaxın rus dili və ədəbiyyat müəllimi işləyib. O işlədiyi məktəbdə bu universitetin rektoru oxuyub və Dilarə xanım ona dərs deyib. Açığı bilmirdim o özünü necə hiss edir.  90 yaşı olmasına baxmayaraq, yaxşı yaddaşı var və çox şeyi yada salırdı. Dilarə xanım mənə xeyli şəkillər təqdim etdi. Girən kimi arxada bir şəkli gördüm və dedim ki, bu şəkli də istəyirəm. O dedi ki, bunu vermərəm, o nadir şəkildir, orginaldır. Həmin şəkli skan etdik. Bir sənəd gətirmişəm. T.Şahbazinin ölümü haqqında şəhadətnamədir. O 1937-ci ildə həbs olunur, 38-ci ildə isə güllələnir. Amma burada göstərilib ki, o, 1942-ci ildə vəfat edib. Çox maraqlandım, tarixçilərlə məsləhətləşdim. Onlar mənə dedilər ki, 1956-cı ildə bəraət qazanan bəzi represiyaya uğrayan insanlara şəhadətnamədə yazırdılar ki, 42-ci ildə vəfat edib. Bunu dəqiqləşdirmək mümkün deyil.  Bəraət qazandıran arayış 1956-cı ildə onun həyat yoldaşına verilib”.

Qeyd edək ki, Dilarə xanımın yuxarıda bildirdiyi istək, bəlkə də onun gələn il BDU-nun 100 illiyi münasibətilə Bakıya gəlməsində əsas faktor ola bilər.

Müsahibənin tam mətni ilə tezliklə AzEDU.az-da tanış ola bilərsiniz.