Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 11:50:01
“Doktoranturaya qəbul imtahanı DİM-ə verilsin!” - TƏKLİF

“Təhsilin bütün pillələrinə tələbə qəbulunu Dövlət İmtahan Mərkəzi həyata keçirir. Bəs doktoranturaya qəbul imtahanı niyə AMEA-nın institutları tərəfindən həyata keçirilir?”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktoranturaya qəbul imtahanı verən Xalid Nəsirov deyib. Onun sözlərinə görə, ölkədə şəffaflığına heç kimin şübhə etmədiyi qurum Dövlət İmtahan Mərkəzidir:

“2018-ci ilin dekabrında doktoranturaya sənəd qəbulu ilə bağlı informasiya oxudum. Elə həmin ayda sənədlərimi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna təqdim etdim. İnstitutdan "məni düşünərək" bildirdilər ki, həm maaşın, həm də iş rejimin ağır olacaq. Bu səbəbdən doktorantura təhsilinin mənim üçün mənasız olduğunu tövsiyə etdilər. Bu pillədə təhsil almaq üçün məndən sənədlərimi Kənd Təsərrüfatı Nazirliyinin Botanika kafedrasına aparmağımı məsləhət gördülər. Mən isə ancaq biokimya ixtisasına qəbul olmaq istəyimi bildirdim.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 15.01.2019 tarixində Doktoranturaya qəbulun 1-ci mərhələsində (Biokimya ixtisasından) iştirak etdim. İmtahan prosesi məni qane etmədi. Buna əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik cənab Akif Əlizadəyə məktub yazdım. Akif müəllimdən xahiş etdim ki, imtahan yenidən keçirilsin, imtahan suallarını isə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun müəllimləri deyil, Azərbaycan Milli Elmlər Akademiyasının biokimyaçıları hazırlasın və imtahan Molekulyar Biologiya və Biotexnologiyalar institutunda deyil, Azərbaycan Milli Elmlər Akademiyasında keçirilsin. 

Həmin məktuba akademik cənab Akif müəllim deyil, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan "cavab" verilib. İmtahanın  qanunsuz keçirildiyinidüşündüyümdən, yenidən keçirilməsini istəsəm də, bu nəzərə alınmadı. Doktoranturaya qəbul imtahanı DİM -ə verilsə, institutlarda şəxsi maraqlar da olmaz.

Qeyd: Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.