https://www.zirve.edu.az/
09.03.2019 11:38
Bunu oynayan uşaqlar daha cəld düşünə bilirlər – Oyunun dəqiq izahı

Oyunlar uşaqların psixoloji inkişafında əsaslı yer tutur.

Onlar oyun vasitəsilə bir-birləri ilə ünsiyyətə girir, yeni dostlar qazanırlar. Həmçinin, başqalarına hörmət etmək, səbirli davranmaq, liderlik və s. bu kimi xüsusiyyətləri də əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır.

Eyni zamanda, oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bəzi oyunlar isə sırf uşaqların zehni inkişafını təmin edir.

AzEdu.az maraqlı oyunlardan birini nəzərinizə çatdırır:

"Dəvə-cücə" oyunu

Uyğun yaş dövrü: 4 yaş və daha yuxarı.

İştirakçı sayı: 2 nəfərdən çox

Oynamaq üçün lazım olan vəsaitlər: Heç bir vəsait lazım deyil.

Oyun necə oynanılır?

Oyun idarə edən şəxs uşaqlarla üz-üzə dayanır. Şərhçi “dəvə" deyəndə uşaqlar ayağa qalxmalı, “cücə” dedikdə isə oturmalıdırlar. Aparıcı tez-tez bu sözləri təkrarlayır, növbələşdirir.  Bəzən ard-arada neçə dəfə “dəvə” və ya “cücə” deyərək uşaqları çaşdırır. Belə olan halda, hansı uşaq səhvən “dəvə”də oturar və ya “cücə” deyilərkən ayağa qalxarsa oyundan uzaqlaşdırılır. Ən son qalan uşaq isə oyunun qalibi hesab edilir.

Nəticə: Cəld düşünüb qərar vermə qabiliyyətini inkişaf etdirir.