Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-07 10:06:57
Respublika fənn olimpiadalarının yarımfinal turu başa çatıb

Aprelin 7-də respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.

Olimpiada Bakı şəhərində dörd, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Şəki şəhərləri, İsmayıllı, Şəmkir, Ağdaş və Quba rayonlarının hər biri üzrə bir mərkəzdə təşkil olunub.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata əsasən, olimpiadaların respublika mərhələsinin yarımfinal turunda IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıblar.

Bundan əlavə, bilik yarışında xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən VII, VIII sinif şagirdləri də IX siniflərlə yanaşı, bilik və bacarıqlarını nümayiş etdiriblər.

Fənn olimpiadalarının yarımfinal turunda yuxarı nəticə göstərən şagirdlər final mərhələsində iştirak hüququ qazanacaqlar.

Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında keçirilən respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1.419, coğrafiya fənni üzrə 1.458, riyaziyyat fənni üzrə 1.067, tarix fənni üzrə 617, fizika fənni üzrə 405, kimya fənni üzrə 377, biologiya fənni üzrə 430, informatika fənni üzrə 121 şagird növbəti mərhələdə iştirak hüququ qazanıb.

Olimpiadaların təşkil edilməsinin məqsədi istedadlı uşaqların aşkara çıxarılması, şagirdlərdə fənlərə marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.

Qeyd edək ki, respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə keçirilir.