Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-07 09:38:00
Bakı Mühəndislik Universiteti yeni beynəlxalq əməkdaşlığa imza atıb

Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının təşkilatçılığı ilə proqram təminatı bazarında dünya liderlərindən biri olan SAP şirkətinin nümayəndəsi Yuriy Kupriyanov və şirkətin Azərbaycan üzrə rəhbəri Rüfət Hacıyev ali təhsil ocağında olublar.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin rektoru, professor Havar Məmmədov qonaqlara ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Bildirilib ki, Bakı Mühəndislik Universiteti öz kadrlarını bazarın ehtiyacına uyğun olaraq hazırlamağa böyük diqqət yetirir. Universitetdə tədris olunan ixtisasların əsasən ingilis dilində olması və Texnoparkın fəaliyyəti imkan verir ki, BMU beynəlxalq layihələrdə də iştirak etsin.

Şirkətin fəaliyyəti haqqında məlumat verən Yuriy Kupriyanov qeyd edib ki, SAP-ın proqram təminatı 293 min 500-dən çox müştəri tərəfindən istifadə olunur. Universitet ittifaqı olan SAP-ın məqsədi universitetləri, tələbələr və işgüzar nümayəndələri birləşdirməkdir. Bütün iştirakçılar üçün əlverişli olan qlobal proqram təminatına, kadr çatışmazlığını doldurmağa və müxtəlif sənaye sahələrində gələcək mütəxəssisləri tapmağa kömək edir. Tələbələr böyük data və ən yaxşı informasiya texnologiyaları sistemləri ilə işləmək üçün öz bacarığını artıra və Azərbaycan iqtisadiyyatına əhəmiyyətli töhfə verə bilərlər.

Sonra Texnoparkda dekan və kafedra müdirlərinin iştirakı ilə universitetlə SAP arasında qurulacaq əməkdaşlıq müzakirə olunub. Müzakirə zamanı Texnoparkın müdiri Samir Məmmədov vurğulayıb ki, Bakı Mühəndislik Universiteti SAP-la əməkdaşlıq etməklə dünyanın 109 ölkəsində 3100 təhsil müəssisəsi, innovasiya və akademik mərkəzləri, startap və tədqiqat layihələri şəbəkəsinin bir hissəsi olacaq. Real biznes halları və qabaqcıl şirkətlərin təcrübəsi əsasında yaradılan kurslara giriş universitetə keyfiyyətli, bacarıqlı və ixtisaslı mütəxəssislər yetişdirməyə imkan verəcək. Həmçinin Universitet İttifaqına qoşulmaqla BMU-nun müəllimləri SAP-ın master-klasslarında pulsuz iştirak edə biləcəklər. Universitetin müəllim və tələbələri “SAP Learning Hub Online Portal” vasitəsilə təlim kurslarına və materiallara daxil olaraq, müasir texnoloji mövzularda assosiativ model proqramının iştirakçısına çevriləcəklər.