Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-05 06:31:21
“Cümhuriyyət qurucularına borcları qaytarmaq məqamıdır!” - Akademikdən maraqlı TƏKLİFLƏR

“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucuları elə böyük şəxsiyyətlərdir ki, onlar bütün gələcək nəsillər tərəfindən həmişə ən dərin minnətdarlıqla anılmalıdırlar. Onların yox yerdən qurduqları bu cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir. Əgər bu cümhuriyyət o zaman yaranmasaydı, sonra Sovet İttifaqının tərkibinə biz ayrıca dövlət kimi daxil ola bilməzdik. Və Sovet İttifaqı dağılanda da onun içərisindən müstəqil bir respublika kimi çıxa bilməzdik. Bu gün dövlətimizin olmasına görə həmin şəxsiyyətlərə minnətdarıq. Onların hər biri tarixi simadır. Hər birinin ayrıca araşdırılmasına, millətə təqdim edilməsinə, yaxından tanıdılmasına böyük ehtiyac var”.

AzEdu.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov deyib.

Komitə sədri Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda bir abidə kompleksinin yaradılmasını vacib sayır.

“Bu, mütləq olmalıdır. Cümhuriyyət qurucularının ayrı-ayrı böyük simaları haqqında bədii və sənədli filmlər çəkilməlidir. Çünki qəhrəmanlar yalnız sözdə deyilməklə qəhrəman olmurlar. Böyük qəhrəmanlıqlar göstərmiş şəxsiyyətləri xalqa qəhrəman kimi tanıtmaq üçün bədii əsərlər lazımdır. Bu, bir tərəfdən həmin qiymətli insanların bütün millətə yaxından tanıdılmasına xidmət edirsə, digər tərəfdən də millət quruculuğu baxımından vacibdir. Çünki o örnək şəxsiyyətlərin hər biri elə nümunədir, rəşadətin, mətanətin, xalqa təmənnasız qulluq etməyin, fədakarlığın, paklığın elə meyarıdır ki, yeni nəsillərimizin tərbiyəsində layiqincə təsvir ediləcəkləri təqdirdə çox faydalar verə bilərlər.

Bu insanlarla bağlı məlumatlar hökmən dərsliklərdə öz əksini tapmalıdır. Həm də yalnız sadəcə tarixi məlumat şəklində yox. Onlarla bağlı şeirlər, nəğmələr, hekayələr və digər bədii parçalar da tədrisimizdə yerini tapmalıdır ki, onların təbliği, parlaq surətlərinin şüurlara köçürülməsi yolunda təsadüflərə, ayrı-ayrı təşəbbüskarların fəaliyyətlərinə arxalanmayaq. Dərslikdə olanda bu insanlar artıq sistemli şəkildə ardıcıl olaraq yeni-yeni nəsillərin hafizələrində şərəfli yerlərini tutmaq  girəvəsi əldə edəcəklər. Sovet dövləti bu baxımdan dövlətçiliyin tələblərinə cavab verən mükəmməl bir şəbəkə qurmuşdu. O bəlli modellərdən yararlanmaq lazımdır. Cizgi filmlərindən tutmuş uşaq bağçalarında öyrədilən mətnlərə, ibtidai sinif dərsliklərindən başlamış ali məktəbdə oxudulan kitablaracan hamısında sovet ideologiyası baxımından qəhrəman kimi təqdim edilməli şəxsiyyətlərlə əlaqədar bədii materiallar olurdu. Sıra-sıra mahnılar, bədii filmlər, səhnə əsərləri də öz yerində. Biz də həmin məlum və uğurlu təcrübənin qəlibindən yararlanaraq öz istiqlalımızı, yurdu yurd, milləti millət edən böyüklərimizi təbliğ edək, tanıdaq, öyrədək, onsuz da qəhrəman olanları bir az da qəhrəmanlaşdıraq, daha ideal şəkildə sabahlara ötürək. Bir vaxtlar Bakının küçələrində Azərbaycan xalqına qarşı qəsdlər törədənlərin adları mərkəzi küçələrə verilmişdi. Sovet dönəmində Neftçilər prospektindən Sahil bağına yönələn küçələr 26 Bakı komissarı və onların digər həmkarlarının adını daşıyırdı. Bu gün isə cümhuriyyət qurucularının bir çoxunun adları bəzi küçələrdə var. Amma olmayanların da adları Bakıdakı küçələrə, meydanlara verilməlidir. Həm də bu, pərakəndə halda deyil, müəyyən bir sistemə tabe edilərək gerçəkləşdirilməlidir. 26-lar məsələsini təsadüfən qeyd etmədim. Görürsünüz, sovet özünə lazım olana necə diqqətcil, səliqəli yanaşma ortaya qoyurdu.

Sovet olanda nə olar, ondan yaxşı nümunələri, belə ideoloji məsələlərdə öz maraqlarımıza uyğun olaraq sistemli yanaşmanı əxz edək”.


Rafael Hüseynov qeyd edib ki, cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün ayrıca Cümhuriyyət bağının yaradılmasına ehtiyac var.

“Zamanında “26-lar bağı” vardı və onun içərisində 26 Bakı komissarının büstləri sıralanmışdı. Bütöv bir kompleks idi.  Düşünürəm ki, gərək paytaxtımızda əzəmətli bir Cümhuriyyət bağı yaradıla. Orada bu mərd insanların, qurucu babalarımızın  hamısının abidələri qoyulsun. İnsanlar həmin parkda istirahət etsinlər, ailəliklə gəlsinlər, orada balaları ilə dincəlsinlər və həm də dincələ-dincələ düşünmək macalları olsun – tariximiz haqqında, bizə öz doğma babalarımız qədər doğma olan həmin nurlu insanlar barədə, yolumuz, milli taleyimiz haqqında. Bugünün insanları bu şəxsiyyətləri tarix məsafəsi yaxın olduğuna görə az-çox tanıyırlar. Ən azı gələcəyin azərbaycanlılarının da bu şəxsiyyətləri daim görməsi, daha yaxından tanıması üçün bu işlər görülməlidir”.

Komitə sədri xatırladıb ki, Cümhuriyyət qurucularının bəzilərinin məzarı Azərbaycandan kənardadır.

“Məsələn, Əlimərdan bəy Topçubaşovun məzarı Parisdədir. 2000-ci illərin əvvəllərində bu məzarın təhlükə ilə üzləşdiyini mənə bildirdilər. Əlimərdan bəy Topçubaşovun məzarının üstündəki sinədaşının üzərində ərəbcə yazılar, “Quran” ayələri vardı. Bəzi radikal millətcilər elə zənn etmişdilər ki, bu bir ərəb qəbridir və onu dağıtmaq istəyirdilər. Belə cəhdlər vardı. Uzun müddət iş apardım, məzarın ətrafında abadlıq işlərinin görülməsi, üzərində yeni abidə qoyulması ilə bağlı bütün zəruri razılıqları aldım və Əlimərdan bəy Topçubaşovun Bakıda heykəlini düzəltdirdim. Həmin heykəli aparıb  Əlimərdan bəy Topçubaşovun məzarının üstündə ucaltdıq. Bütün bunlar barədə fərdi qaydada mütəmadi olaraq  ölkə Prezidenti cənab İlham Əliyevə məlumat verirdim.  Hər gərəkli təşəbbüsə həmişə açıq olan o böyük insan bu ideyanı da sonacan dəstəklədi və Fransaya səfəri zamanı gəlib məzarı ziyarət də etdi. Prezident İlham Əliyevdən məzarın üzərindəki köhnə, tarixi mənası olan daşı da Azərbaycana gətirməkdə köməklik göstərməsini rica etdim. Burada da iltifatını əsirgəmədi. Gətirdik və indi həmin daş mənim çalışdığım Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş etdirilir. İllər öncə Nizami muzeyinin əsaslı təmirdən sonrakı açılışında ilk tamaşaçımız Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva idi. Cənab Prezident Parisdə gördüyü və indi muzeydə şüşə arxasındakı həmin məzar daşının qarşısında xeyli dayandı. Duyğulandı. AXC qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin də məzarı ölkədən kənarda, Ankaradadır. Müqəddəs bir ünvan kimi daim ziyarət edilir. Düşünürəm ki, nə Əlimərdan bəy Topçubaşovun, nə Məhəmməd Əmin Rəsulzadənin məzarlarına toxunmaq lazımdır. Çünki insanlarımızın həmin şəhərlərə yolu düşəndə gedib o məzarları da ehtiramla ziyarət edirlər, bu məzarlar vətəndən uzaqlardakı ünvanlarımıza çevriliblər və istiqlal yolundakı mübarizələrimiz haqqında söz aça bilən daş şahidlərdir.

Zamanında AXC qurucularından olan Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin Tiflisdə, Nəbatat bağındakı məzarları da təhlükə altındaydı. Amma indi həmin məzarlar üzərində abidələr ucaldılıb, mütəmadi ziyarət edilirlər, bu müqəddəs yerlərə daimi sayğı və diqqət var. Gürcüstanda yaşayan həmvətənlərimiz, müxtəlif qonaqlar, o cümlədən Gürcüstan paytaxtına səfər edən müxtəlif heyətlərimiz və ayrı-ayrı soydaşlarımız həmin məzarlığa vaxtaşırı baş çəkirlər.

Ceyhun Hacıbəylinin və Əkbər ağa Şeyxülislamovun Parisdəki məzarları da o təhər.

Sual oluna bilər ki, bəs niyə Cavidin nəşi Azərbaycana gətirildi və elliklə də bunu təqdir etdik? İş ondadır ki, dahi Hüseyn Cavid 1941-ci il dekabrın 5-də Sibirdə, həbs düşərgəsində vəfat etdikdən sonra İrkutsk vilayəti Tayşet rayonu Şevçenko kəndində həmin qapalı cəza müəssisəsinin ərazisində basdırılmışdı. Orada, əbədi buzlarlar, daimi donuşluq içərisindəki iraq məkanda Caviddən başqa SSRİ-nin müxtəlif guşələrindən olan minlərlə insan əbədi uyuyur ki, Stalin dönəmində onların əksəri “xalq düşməni” damğası ilə belə müdhiş qismətə ürcah olmuşdur. 1982-ci ildə böyük azərbaycanlı Heydər Əliyevin yüksək vətəndaş qeyrəti, cəsarət, qətiyyət göstərərək, Kremldəki nüfuzundan, sözünün keçərliyindən yararlanaraq gerçəkləşdirdiyi bu iş sövet dövründə əsl möcüzə kimi qavranıldı.

Və Cavid mütləq qayıtmalıydı. Çünki orada tək idi, tənha idi, o məzarı və ümumən oradakı məzarları heç kim ziyarət etmir. İndinin indisində də oralara gedib çıxmaq mümkünsüz kimidir. Böyük Heydər Əliyev ictimai vicdanımız qarşısında bu qəhrəmanlığı etdi və bu savabdan-savab əməlinə görə ən dərin sevgilərə layiqdir. Cavidi vətənə qaytardı və ölümündən 41 il sonra Cavid ata yurdunda, nəhayət ki, dədə-baba qaydası ilə dəfn edildi. Unudulmaz Heydər Əliyevin artıq müstəqillik dövründə hakimiyyətə yenidən qayıdışından sonra isə 1996-cı ilin oktyabrında Cavidin məzarı üstündə əzəmətli mavzoley ucaldıldı. Məzar o vaxt qərib olur, məzar sözün həqiqi mənasında o zaman ölür ki, onu yada salan olmur, o qəbrə aparan izlər itir”.

Akademik bildirib ki, Cümhuriyyət fədailərinin qürbətdəki sadaladığı son mənzilləri isə diri məzarlar, əsl ziyarətgahlardır.

“Hesab edirəm ki, bu məzarlara toxunmaq lazım deyil. Könül istər ki, həmin zirvə şəxsiyyətlər burada da, Azərbaycanımızın baş şəhərində və ölkənin dörd bucağında da hər zaman gözlər önündə olsunlar. Onlarla bağlı ortaq memorial hökmən yaradılmalıdır. Cümhuriyyət bağı, yaxud parkı dediyimiz tipli tarixi-mədəni mənalı məskənlər yalnız Bakıda deyil, Azərbaycanın hər yerində ola bilər və gərək ola.  Onlar, o unudulmazlar bu millət, bu vətən naminə ömürlərini, gəncliklərini, rahat yaşayışlarını, ailələrinin talelərini fəda ediblər. Bu millətə istiqlalın şirin dadını anladıblar. Bizə millət şərqisi, bayraq, müstəqil dövlətə vətəndaş və sahib olmaq səadəti bəxş ediblər. Biz onlara həmişə borcluyuq. Hamımız! Haqq itirməyən, qədirbilən olaq ki, gələcəkdəkilər də bizim haqqımızı itirməsinlər, hansısa yaxşı işlərimizi hörmətlə ansınlar. Borcları qaytarmaq məqamıdır!..”.