https://www.zirve.edu.az/
04.04.2018 07:01
“Akademiya bu üsulla xeyli qazanc əldə edə bilər” - Ekspertdən təklif

Son günlər AMEA-nın fəaliyyəti medianın müzakirə mövzusu olub. Bəziləri onun ləğvini dəstəkləsə də, digərləri qurumun saxlanmalı olduğunu, lakin müəyyən islahatlara ehtiyac duyulduğunu bildiriblər.

Mövzu ilə bağlı fikirlərini AzEdu.az-a bildirən təhsil eksperti Elnur Hacıyev AMEA-nın ləğvini məqsədəuyğun hesab etmədiyini  vurğulayıb:

“Mənim AMEA-nın fəaliyyətinə münasibətim birmənalı deyil. Azərabaycanda elm sahəsinin gələcək inkişafını, davamlılığını və dayanıqlılığını təmin etmək üçün o sahə üzrə fəaliyyət göstərən strukturları ləğv etməyi məqsədəuyğun hesab etmirəm. Amma həmin qurumun işini dövrün və zamanın tələblərinə uyğun şəkildə dəyişmək və yeniləmək olar.

İlk növbədə qeyd edim ki, AMEA-da çalışan elə dəyərli alim və mütəxəssislər var ki, onlar bütün ömrü boyu Azərbaycan elminin inkişafına çalışıb, bu işi öz həyatlarının missiyasına çeviriblər”.

Ekspert həm də şirkətlərin elmi-tədqiqat işləri üçün maliyyə ayırması yollarını təklif edib:

“Məsələnin əsas tərəfi isə bu gün AMEA-nın  dövrün və zamanın tələblərinə uyğun fəaliyyət göstərə bilib-bilməməsidir. Düşünürəm ki, bu sahədə müəyyən işlər görmək lazımdır.

AMEA-nın tədqiqatçılarının özəl şirkətlərlə ciddi şəkildə əməkdaşlığı olmalıdır. Onlar elmi tədqiqat işi ilə istehsalatın, xidmətin və bu kimi işlərin iqtisadi və ya digər elm sahələri üzrə səmərəliliyini artıra bilərlər. Əgər bu işlər düzgün istiqamətdə görülərsə, şirkətlər və müəssisələr elmi-tədqiqat işləri üçün sifariş əsasında maliyyə ayırarlar. Beləliklə, həm sifarişçi, həm icraçı, həm də Azərbaycan elmi qazanar və inkişaf üçün ciddi maliyyə resursları əldə edilə bilər. Bu işi paralel şəkildə ali məktəblər də həyata keçirə bilərlər”.

O, Azərbaycandakı elmi-tədqiqat işlərinin sırf nəzəriyyə üzərində aparıldığını vurğulayıb:

“Qısacası bu gün dövr və zamanın tələblərinə uyğun nəzəriyyələri praktikaya, bilikləri bacarığa, səriştəyə və təcrübəyə çevirmək vaxtıdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda aparılan elmi -tədqiqat işlərinin böyük əksəriyyəti sırf nəzəriyyə üzərində aparılır. Praktika və emprik biliklərə çox az toxunulur.

Bu iş üzrə yeni fəaliyyət mexanizmi hazırlanmalıdır. Zərurət olarsa struktur dəyişikliklərinə də getmək olar. Amma AMEA-nı və onun işini ləğv etmək olmaz. Axı AMEA və orada çalışan elm adamları cəmiyyətimizin düşünən beyinləridir. Biz gənclərin onların təcrübəsinə, səriştəsinə, biliyinə hər zaman ehtiyacımız var”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları