Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-09 15:40:00
Transfer zamanı bu tələbələrə bal məhdudiyyəti qoyulmayacaq -RƏSMİ

Fevralın 7-də transfer olunmaq istəyən tələbələrin qeydiyyatı başa çatıb. Ayın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1504 nəfər müraciət edib.

Transferlə bağlı tələbələri maraqlandıran əsas məqamlardan biri də qəbul imtahanında topladıqları balların köçürülmək istədikləri fakültələrə uyğunluğu ilə bağlıdır.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova mediaya prosedurların gedişatı ilə bağlı məlumat verərkən, bu məsələyə də toxunub. O öncə bildirib ki, transferdə diqqət edilən əsas məqam tələbənin oxuduğu  və köçürülmək istədiyi ixtisasın eyni fənn bloku daxilində olması və bal uyğunluğudur.Tələbənin oxuduğu fakültənin balı köçürülmək istədiyi fakültəni balından çox, ən azından bərabər olmalıdır.

Amma bəzi məqamlarda bal məhdudiyyəti aradan qaldırılır:

“Məsələn, bakalavr regionda yerləşən universitetə öz ixtisası üzrə köçürülmək üçün müraciət edirsə, bal məhdudiyyəti ləğv olunur. Bu, bir regiondan digərinə köçürülən tələbələrə də aiddir. Eyni qayda magistrlərə də şamil olunur. Onlar isə yalnız I və II semestr ərzində müraciət edə bilərlər. Magistrlər III semestrdən sonra köçürülə bilməz. Regionlara Sumqayıt daxil deyil”.

Qeyd edək ki, müraciət edənlər arasında 40 nəfəri magistratura səviyyəsi üzrə köçürülmək istəyənlər təşkil edir. Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan və köçürülmək istəyənlərin sayı isə 141 nəfərdir. Nəticələrin tələbələrin qış tətili bitənədək açıqlanacağı gözlənilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları