Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-08 13:38:00
Çapayevlə eyni gündə dünyaya gələn cərrah  

Çap çaylardәn Çapayım, 
Doğsun günәşim, ayım. 
Çap, o çapsın, mәn çapım, sәn çap, qoy biz dә çapaq, 
Çap, gәlәcәk günlәrin sәһәrinә yol açaq…

Vasiliy İvanoviç Çapayevi heç zaman görməmişəm, amma bütün sovet yeniyetmələri kimi haqqında çəkilən filmə mən də baxmışam, Süleyman Rüstəmin ona həsr etdiyi əsəri dərslikdən mən də oxumuşam. Üstəgəl xalq arasında dolaşan lətifələri…
Onunla da şəxsən tanış deyilik, amma "sehirli qutudan" çıxışlarını, internetdən yazılarını çox oxumuşam. Bir sözlə, barəsində Çapayev qədər məlumatım var, əmisi, dostum Aslan İsmayılovdan eşitdiklərimi də üstünə gəlsəm, bir kitaba sığar…
Haqqında söhbət açdığım Vasif İsmayıl həkimdir, sadəcə həkim yox, Azərbaycan təbabətinə yenilik gətirən cərrah-həkim. Zarafat deyil, qapalı böyrək və sidik axarı daşlarının, eləcə də qapalı endouroloji daş əməliyyatlarının müasir alətlərlə parçalanması onun adı ilə bağlıdır. Bu işi birinci dəfə ölkəmizdə o, həyata keçirib, bu ilkə o, imza atıb…

Vasif həkim 1975-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. İstanbul Universitetininin tibb fakültəsini bitirib.
2003-cü ildə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsi Urologiya kafedrasında "Erişkin qadınlarda sidik saxlanmazlığı simptomatologiyası və urodinamik göstəricilər arasında korrelasiya" mövzusunda elmi iş müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.

2003-2009-cu illərdə Bakı şəhərində "Mərkəzi Klinik Xəstəxanası"nda çalışaraq üç mindən çox xəstəni əməliyyat edib. 
2009-cu ildən bu günədək "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Hospitalı"nda işləyir. "Azərbaycan Uroloqları Assosiasıyası", "Avropa Uroloqları Cəmiyyəti", "Türk Urologiya Cəmiyyəti", "Türk Andrologiya Cəmiyyəti", "Türk Qadın Urologiyası Cəmiyyəti"nin üzvüdür…

…Heç bilmirəm necə oldu ki, Çapayev yadıma düşdü, axı həmin gün çex yazıçısı Karel Çapeqin, ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun da doğum günləridir. Onların hər hansı birinin adı ilə də başlaya bilərdim bu məzəli təbrik yazısını. Bəlkə də, hər ikisində döyüşkənlik ruhu var deyə, belə alındı. Axı Vasif həkim insanlara rahatlıq verməyən xəstəliklərlə mübarizə aparır, yeni üsullar axtarışındadır…

Nə isə, fevralın 9-u Vasif İsmayılın 44 yaşı tamam olur. Onu Şimali Amerika qitəsindən təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan