Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 14:48:00
Azərbaycan Universiteti WSB Universiteti ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Universiteti Polşanın tərəfdaş WSB Universiteti ilə əməkdaşlığı genişləndirir. Ali məktəbin ölkəmizə səfərə gəlmiş nümayəndə heyəti – Beynəlxalq əlaqələr üzrə prorektor Rafal Rebilas və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Pavel Urgacz bu məqsədlə Azərbaycan Universitetinin prorektoru Yusif Qasımovla görüşüb. 

AzEdu.az-ın məlumatına görə, görüşdə ali təhsil müəssisələri arasında yeni əməkdaşlıq sahələri müəyyənləşdirilib və təfərrüatlar müzakirə olunub. Əsas diqqət isə beynəlxalq ikili diplom proqramlarının yaradılmasına yönəlib. Bu istiqamətdə əməkdaşlıq həm bakalavriat, həm də magistratura pilləsini əhatə edəcək. Bildirilib ki, təhsil sahəsindəki müasir çağırışlar ikili diplom proqramlarının tətbiqini zəruriləşdirir. Bu səbəbdən hər iki universitet beynəlxalq rəqabətliliyin artırılması məsələsinə xüsusi əhəmiyyət verir. 

Qeyd edək ki, universitetlər arasındakı partnyorluq əlaqələri IV Avropa İqtisadi Konqresinin (European Congress on Economic Issues) təşkili ilə bağlıdır.

Ötən ilin noyabr ayında Türkiyədə keçirilən nüfuzlu beynəlxalq tədbirin həmtəşkilatçıları Türkiyənin Kocaeli Universiteti, Azərbaycan Universiteti və Polşanın WSB Universitetidir. Bu seriyadan olan 5-ci konqres də bu universitetlərin birgə təşkilatçılığı ilə 25-27 aprel 2019-cu il tarixlərində Azərbaycan Universitetində keçiriləcək. Digər tərəfdən Avropa Birliyinin “Erasmus+” proqramına Azərbaycan və WSB Universitetləri tərəfindən birgə layihə də təqdim olunub. 

WSB Polşanın ən böyük özəl universitetlərindən biridir. 12 min tələbəsi olan universitet dünyanın 40-dan çox ölkəsinin ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.