Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-05 15:43:28
Sevinc Fədai: “Biz Mövludla ər-arvaddan daha çox dost idik” - MÜSAHİBƏ 

“Bundan sonra hər kəs məni ittiham etməyə çalışmağın cəzasını çəkəcək”

Jurnalist, Qadın və Uşaq Akademiyası İctimai Birliyinin təsisçisi Sevinc Fədai Modern.az saytına müsahibə verib. O, birliyin fəaliyyəti, sosial mediada yaratdığı “Qağayı” səhifəsi vasitəsilə qadınlara və uşaqlara dəstəyi barədə, özünün həyatı və yaşadıqları olaylar haqda  danışıb.

Sevinc Fədai ilə müsahibəsini təqdim edirik: 

- Sevinc xanım, Qadın və Uşaq Akademiyası İctimai Birliyinin yaradılması ideyası necə ortaya çıxdı? 

– Bu təşkilat birdən-birə yaranmadı. Bu günə qədərki jurnalistika fəaliyyətim,qadınların həyatı, yaşantıları, hissləri, uşaqların ailədə aldıqları travmalarla bağlı həssaslığım, onların çarəsizlikləri ilə yazılarım, etmək istədiklərim təbii şəkildə bu təşkilatın yaranmasına gətiribçıxardı. Çin filosofu Lao Tszı deyir, min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır. Bu yol mənim sevdiyim, inandığım, getmək istədiyim yoldur. Düşünürəm ki, bu yol da elə yazmaqdan və nəticədə özümü tapmağımdan başladı. Və indiyə qədər bir insan, vətəndaş, jurnalist kimi qadınların problemlərinə diqqət ayırırdımsa, artıq hüquqi status alaraq birlik şəklində bu işə qol qoymağa ehtiyac olduğunu gördüm. Yoxsa təkcə yazmaqla məni narahat edən problemlərin həlli üçün istədiyim və əlimdən gələn hər şeyi edə bilməyəcəkdim.

 

Təsəvvür edin, Facebook-da yaratdığım “Qağayı” səhifəsinə yazan, dərdini bölüşən qadınların həyat hekayələrini dinlədim. Və bir daha əmin oldum ki, yazdığımız sözdən tutmuş onların həyatını yaxşılaşdırmaq, fikirlərini sağlamlaşdırmaq istiqamətində edə biləcəyimiz çox şey var. Və bu mənada yaxamızı kənara çəkə bilmərik. Ona görə düşündüm ki, bu təşkilatı yaradaraq, həm də komanda halındabu yükü üzərimizə götürüb, dövlətin və bu sahədə böyük təcrübəsi olan insanların, peşəkarların, bütövlükdə cəmiyyətin dəstəyi ilə müəyyən işlər görə bilərik. Nəticədə ətrafımdakı eyni düşüncədə və niyyətdə olduğum insanlarla bir araya gələrək Qadın və Uşaq Akademiyası İctimai Birliyini yaratdıq.

 


- Qadınların problemləri ilə bu qədər yaxından maraqlanırsınız. Özünüz də ailədaxili münaqişələr yaşamısınız. Bəs özünüz belə bir situasiya ilə qarşılaşdıqda necə davranırdınız? 

 

Mən daha çox özümü ifadə etməklə, danışmaqla çıxış yolu tapmağa çalışırdım. Düzdür, çox adam özkomplekslərini deməyə çəkinir, bunu qürurunun alçalması hesab edir. Amma bizim ailəmizdə belə deyildi. Həyat yoldaşımla – Mövludla bir-birimizə hər şeyi çəkinmədən deyirdik. Biz ər-arvaddan daha çox dost idik. Problemlərimizi də dostcasına, danışaraq həll edirdik. Həmişə bütün mövzuları çox rahat müzakirə etmişik. O vaxt ki, ailədə yaşanmayacaq şeyləri yaşamağa başaldıq və danışmaq heç nəyi həll edə bilmədi, davam etmək mümkün olmadı, onda hər şeyin bitdiyini hiss elədim və evdən getdim. 


- Nə zaman getmişdiniz?

 

2017-ci il yanvar ayında.

 

- Həyat yoldaşınız sonradan sizi geri qaytarmaq, barışmaq üçün nəsə etdimi?

 

- Hə, məni geri qaytarmaq üçün çox çalışdı. Dəyişdiyini dedi, göstərdi. Amma bizim ailəmizin problemi ötəri anlaşmazlıq deyildi. Yaşadıqlarım təkrar idi, sadəcə əvvəllər heç vaxt bu qərarı verməmiş və evdən getməmişdim. Artıq o çat dərinlənmişdi və heç nə düzəlməyəcəkdi. Mən Mövludla evlənərkən nə ilə qarşılaşacağımı, hansı çətinlikləri yaşayacağımı bilirdim. Hətta onun bəzi dost-tanışları belə bizim münasibətlərdən xəbərdar olanda deyirdilər ki, səhv edirsən, həyatını məhv eləmə. Qulaq asmadım, düşündüm ki, Mövludun sevgiyə, xoşbəxt ailə həyatına, doğmalığa ehtiyacı var, hər şey yaxşı olacaq. Çünki özü də buna inanırdı və məni də buna inandırmışdı. Əvvəlcə bu, ona kömək etsə də, sonralar düşündüyümün əksi baş verdi. Və mən çox çalışdım ki, yenə öz doğmalığımızı qoruyaq, normal münasibətdə qalaq. Yəni bu gediş sadəcə həyat yoldaşı kimi gediş idi. Evdən gedəndən sonra da onunla əlaqələrimiz kəsilməmişdi. Mövludun dünyadan köçdüyü günə qədər onunla görüşürdük, bizə gedib-gəlirdi. Mən özüm də Mövludun yaşadığı evə qayıdır, evi səliqəyə salır, onun paltarlarını yuyub, təmizləyirdim. Sonra gördüm ki, bunu bir ümid kimi başa düşür, ona yavaş-yavaş durumu izah etdim. 


Mənə çox deyirdilər ki, münasibətləriniz qaydasındadırsa, ortada doğmalıq varsa, niyə evə qayıtmırdın? Amma anlamırdılar, məsələ istəkdə, yaxşı münasibətlərin saxlanmasında deyildi. Mövludla mənim aramda həyat yoldaşı kimi hər şey bitmişdi. Nə olsun ki, onu çox istəyirdim, doğmam olaraq qalırdı, hətta dostum idi – bizim bir ailə kimi münasibətlərimiz dağılmışdı. Ömrümüzün axırına qədər yaxşı dost qala bilərdik, görüşərdik də, amma ailə olmayacaqdıq.

 

Mən evdən gedəndə də çox sakit vəziyyətdə getmişdim. Getdiyim gündən əvvəlki axşam da evimizdə problem yaşandı və onda anladım ki, bu, sondur. Mənim artıq bu evi yuvaya çevirməyə gücüm qalmamışdı. Münasibətimizdə olan qırılmanı bərpa etmək mümkün deyil. Mənim o evdə qalmağım mənəvi ölümü seçməyim demək idi. Mən də bunu etmədim, özüm və Ucal üçün etmədim.

 

- Sizin ailə münasibətlərinizi bitirən səbəblər nə idi?

 

Mövlud çox yaxşı insan idi. Sonralar verdiyim müsahibələrdə, onu pisləmək, özümü müdafiə etmək kimi bir fikrim, ifadələrim heç olmadı, ola da bilməzdi. Çünki o mənim həyat yoldaşım, doğmam idi. İnsan öz ailəsində baş verən hər şeyi kənarda danışmaz. Hər kəsin bildiyi və bilmədiyi çox şey baş verdi. Hətta birdən düşünəndə dəhşətə gəlirəm ki, sanki baş verənlərin hamısı bu sonluğu hazırlayırdı. Yanğın, daha sonra ev almaq istəyib dələduza rast gəlməyimiz, onun yaratdığı əsəb-gərginlik... Çünki Mövlud bir az mənəvi rahatlıq tapan, hər şey qaydasına düşən kimi yeni nə isə baş verirdi və Mövludu toparlamaq mümkün olmurdu. Yoruldum, çox yoruldum. Mən hər şeyi geridə qoyub yeni səhifə açmağa hazır idim, amma Mövlud onu yaralayan keçmişə bağlı qalırdı həmişə, uzadır, uzadır, uzadırdı... Nə deyim axı? Mümkün deyildi artıq. Özümə, dəyərlərimə xəyanət edə bilməzdim. Getməsəm, daha sonra özümü xilas edə bilməyəcəkdim, bir qadın kimi, bir ana kimi ayaqda qala bilməyəcəkdim. Vicdanım rahatdır, Mövludu da, ailəmi də xilas etmək üçün son ana qədər hər şeyi etmişəm. Hər şeyi çılpaqlığı ilə danışıb, öz ailə həyatımızı qabartmaq, Mövludu qınaq qarşısında qoymaq istəməmişəm. Nə ölümündən əvvəl istəməmişdim, nə də indi.

 


- Rəsmi şəkildə boşanmışdınızmı?

- Xeyr, heç boşanmaq üçün müraciət də etməmişdim. Həmin vaxt mənə lazım olan sadəcə sakitlik idi. Ailə çox dəyərli məfhumdur. Elə məqamlar var ki, ailədə yaşanmamalıdır, olmaz. Yaşandısa, bu, ailə deyil. O zaman hər kəsi, xüsusilə də bir övladı travmadan qorumaq üçün ən yaxşı seçim elə getməkdir. 

- Evdən ayrılmağınızdan Mövludun intiharına qədər iki aydan çox vaxt keçmişdi. Bu qədər vaxtda boşanmaq üçün müraciət etmək haqqında nə əcəb düşünməmişdiniz?

 

- Onsuz da, Mövlud üçün ayrılığımızı qəbul etmək çətin idi. Gözləyirdim ki, o bununla barışsın, hər şeyin bitdiyini qəbul etsin. Ancaq bu halda ayrılığımızı rəsmiləşdirə bilərdik. 

Mövlud tez-tez intihar edəcəyini deyirdi. Amma intiharından az əvvəl dostlarına da, mənə də intihar etməyəcəyini demişdi. Özü də dilə gətirirdi, “mən başa düşürəm ki, səni intihara əl atacağımla təhdid edə bilmərəm”. Onda biz düşünürdük ki, intihar fikrindən daşınıb. Bir hadisə olmuşdu. Mövludun çalışdığı binada polis özünü atmışdı, o hadisədən çox təsirlənmişdi. Deyirdi ki, polisin stolunun üstündə ailə fotolarının olduğunu görüblər. Bu hadisədən sonra güclü olmaq qərarına gəldiyini, mübarizə aparacğını söyləyirdi. Son ana qədər onun intiharı beyninə yeritdiyini düşünmədik. Bəlkə də hamını aldadırmış. 


- Bir müddət öncə, sosial şəbəkədə Mövludun intiharı yenidən gündəmə gətirildi. Dostlarından biri hadisənin yenidən araşdırılacağını qeyd etmişdi. Yenidən məsələnin qabardılması nə ilə bağlıdır?
 

- Səbəbini deyə bilmərəm. Amma Mövludun intiharından əvvəl mənə və iki dostumuza yazdığı son mesajlar istintaqa təqdim edilib. Mesajlarda mənim evdən niyə getməyim, başqa bir məsələyə görə, özünün dilə gətirdiyi “belə bir şey olsa, intihar edərəm” cümləsinə qədər hər şey var idi. Mən bunları məhrəm hesab etdiyimdən açıqlamamışam. 

Onun ölümündən əvvəl yazdığı status müzakirə olunurdu. Bu barədə iddia qaldıran tərəf istintaqa müraciət etsə, görəcək ki, həmin fakt da hadisə baş verən ilk gündən

araşdırılıb və nəticəyə gəlinib. Üstəlik, Mövludun o statusu hansı vəziyyətdə yazdığı istintaqa və çoxlarına məlumdu.  

- Həyat yoldaşınızın intiharının araşdırılması ilə hazırda kim məşğul olur? 

Mövludun hüquqi varisi onun qardaşıdır. Əgər bu hadisədə araşdırılmalı məqam varsa,onda yalnız qardaşı bunu qabarda bilər. Bu, mənim belə səlahiyyətimdə olan məsələ deyil. 

Amma özümlə bağlı addım atmağa qərar vermişəm. Mövludun intiharından sonra mənə bir daha məlum oldu ki, özünün əxlaq problemləri olan adamlarşəxsi çatışmazlıqlarını gizlətmək üçün bu cür mövzularda ortalığa düşürlər, şərhlər yazmağa başlayırlar. Sosial şəbəkələrdə yazılan ittihamların çoxunu görməzdən gəlməyə çalışdım, amma alınmır. İnsanlar yazdıqlarının da, dediklərinin də məsuliyyətinidaşımalıdırlar. Heç kimin əsassız şər-böhtan atmaq, kimisə şərləmək hüququ yoxdur. Sosial şəbəkə bəzi adamların əlinə fürsət verir ki, diqqət çəksinlər. Başını aşağı salıb, öz işi ilə məşğulolan insanlara da ləkə vurmağa çalışırlar. Belə yazılarla çıxış edənlərdən birini mən məhkəməyəverməyə hazırlaşıram. Faktları da artıq təqdim etmişəm. Bundan sonra hər kəs mənim adımıçəkməyin, ittiham etməyə çalışmağın cəzasını çəkəcək. Belə olmalıdır ki, əxlaq problemləri olan adamlar sosialşəbəkədən istifadə edib, kimə istədi, ağlına gələni yazmasınlar. 


- Qeyd etdiyiniz adamların üzərinizə gəlməkdə məqsədləri nədir?

- Məqsədləri yoxdur, məncə. Həyatlarındakı boşluqları bu cür doldurlarur, yarımçıqlıqlarını bu cür kompensasiya etməyə çalışırlar. Sanki bu məsələ, Mövludun intiharının əsl səbəbləri hələ də qaranlıq qalır... Halbuki, bu barədə lazımi araşdırmalar aparılıb. Onun ailəsi məlumat verə bilərdi ki, istintaq prosesi necə gedir. Mənim üçünsə, bu məhrəm və ağır mövzu olduğundan, onun intiharı məsələsini qabartmaq istəmirəm. 

- Mövludun ailəsi ilə əlaqəniz varmı? 

Qardaşı ilə münasibətimiz var, danışırıq, görüşürük. 

- Məzarını ziyarət etməyə necə, gedirsinizmi?

- Əlbəttə. Mövludun məzarı Qazaxdadır. İmkan olduqca gedirəm, ziyarət edirəm. 


- Dövlət Tərcümə Mərkəzində fəaliyyətiniz, “Qağayı” səhifəsi, Qadın Uşaq Akademiyasının təlimləri, tədbirləri və s. Bütün bunları necə çatdırırsınız? Ucala ayırmağa vaxtınız qalırmı?
 

- Açığı, bu gün tək şikayətim 24 saatın mənə yetməməyidir. Amma yenə də çalışıram ki, vaxtımı elə bölüm ki, Ucal və özümə vaxt ayıra bilim. Şəhərdən kənarda yaşadığımdan yol da vaxtımı çox alır. 

- Atasını soruşurmu Ucal?

 

- Ucal 4 yaşın içindədir. Mövludun ölümündən indiyə kimi atası haqqında soruşmamışdı. Onlar bir-birlərinə o qədər də öyrəşməmişdilər. Amma bu yaxınlarda televizorda cizgi filminə baxdığı məqamda “mənim atam olsaydı, qəşəng olardı” deyə bir ifadə işlətdi. Əvvəl anlamadım. Dəqiqləşdirmək üçün yenidən soruşdum. Yenə soyuqqanlıqla təkrarladı. Həmin anda tutuldum, heç nə deyə bilmədim. Amma sonra onunla ümumiyyətlə ata, ana haqqında danışmaqla bir növ beynindən keçən sualları cavablamağa çalışdım.   

Mövludu itirəndən sonra Ucal onun üzünü unutmasın deyə kitabındakı şəklini tez-tez göstərirdim. Ucaldan “bu, kimdir” deyə soruşurdum, “bu, sənin dostundur” deyə cavab verirdi. Çox körpə idi, Mövlud Ucalın yaddaşında qalmayıb.

 


- Onunla nə zaman atası barədə danışacaqsınız?
 

- Bu mövzuda danışmaq hələ tezdir. 6-7 yaşında Ucala atasının rəhmətə getdiyini anladacağam və məzarını ziyarətə aparacağam. Mənimlə bərabər, həmişə atasını ziyarətə gedəcək. 

- Mövludun intiharından əvvəl sizin onu xəstəxanada qoyub, Türkiyəyə getdiyiniz haqqında söyləntilər var idi...

 

Əslində, bu məsələ belə deyil. Mövluddan öncə, mən səhhətimlə bağlı problemləryaşamışdım, xəstəxanaya düşmüşdüm. Bir az əvvəl dediyim kimi, hər mənada çox yorulmuşdum və fiziki cəhətdən də artıq dözümüm tükənmişdi. Bir dəfə Mövludla yemək yeyəndə beynimdən keçənləri ona açıq-aydın dedim ki, qoy durumun nə yerdə olduğunu görsün, aramızdakı problemlər daha da dərinləşməsin. Dedim, Mövlud, səhərdən bəri ancaq ölüm haqda fikirləşirəm, heç bir çarəm yoxmuş kimi.   Bunu dediyim vaxtda özümdən getmişəm, Mövlud təcili yardımçağırıb. Ancaq həkimlər məni  ayılda bilməyib. Ondahəkim şübhələnib ki, deyəsən, bu qız özünə qəsd edib. Amma Mövlud deyib ki, Sevinc elə namərdlik etməz. Həmin vaxt 10 gün xəstəxanada - Nevroloji şöbədə müalicə aldım. Xəstəxanadan çıxandan sonra Mövlud mənə söz verdi ki, bir də səni incitməyəcəm, səni nə yaxşı edirsə, onu et və s. Amma belə olmadı. Gördüm ki, mən müalicə almaqla deyil, problem kökündən həll olmalıdır. Mövluda dedim ki, sənin hadisələrə, mənə reaksiyaların normal deyil, gəl bir az müalicə al, psixoloq yanına gedək. Bunu çox pis qarşıladı. 

Mən evdən gedəndən sonra isə məni qaytarmaq üçün daha əvvəl dediyim bütün fikirlərə normal yanaşmağa başladı. Eləcə də əsəbləri ilə bağlı xəstəxanaya müraciət etmək qərarına gəlmişdi. İşimlə bağlı bir həftəlik Türkiyəyə getməli oldum. Onda Mövlud dedi ki, elə sən Türkiyədə olan vaxt müalicəyə gedim, onsuz da darıxacağam. Biz onunla belə razılaşdıq, elə mənim müalicə aldığım xəstəxanada və şöbədə müalicə aldı. Çünki ordakı həkim və tibb bacılarınə bələd idi artıq, ona belə rahat olacaqdı. Yəni mən onu xəstəxanada qoyub, Türkiyəyə getməmişəm. Üstəlik, orda olan vaxt da yazışmışıq, danışmışıq. 

Sonra maraqlandım ki, o, sadəcə sakitlik olsun deyə xəstəxanaya yatıb. Heç müalicə də götürmək istəməyib. 


- Sevinc xanım, indiyə qədər bilmədiyimiz digər məqam varmı?

 

Əslində mən düşünürəm ki, baş verən hadisələr, ard-arda yaşadığımız problemlər bizimhəyatımızı bu həddə gətirib çıxardı. Mən bircə məsələdə özümü qınadım ki, Mövludun əvəzinə,demək olar, hər şeyi edirdim, ona çox qayğı göstərirdim. Düşünün ki, bir insanın hər şeyi olursan, sonra isə bir gün dözə bilməyib həyatından gedəndə boşluq yaranır. Ona həmişə ətrafında deyirdilər ki, səndən ailə başçısı olmayacaq. Bəlkə də bizim yaxşı münasibətimizin birdən pozulması onda belə düşüncə yaratdı ki, doğrudan da, məndən yaxşı ailə başçısı olmazmış. 

Mövluda ətrafından eşitdiyi və eşitməkdən qorxduğu qınaq çox təsir etdi. Hətta biz ayrılandan sonra belə bir-birimizdə Facebook parollarımız var idi, dəyişməmişdik. 

- Mövludun intiharından sonra öz daxilinizdə daha nəyə peşman oldunuz? 

Evdən getməyimdən sonra, Mövludun həm özü, həm ailəsi, hətta mənim ailəm də üzərimə çoxgəldilər. Məni evə qaytarmağa çalışdılar. Anlamırdılar məni. Mən o evdə elə şeylər yaşayırdımki, mənəvi cəhətdən ölürdüm. Özümü mənən zorlanmış hiss edirdim. Ona görə, geriyə qayıtmamaqda israretdim, qayıda bilmədim. Hətta Mövlud demişdi ki, evə qayıt, iki yad insan kimi olsa belə,yaşayaq. Hər şey ancaq sən istəyən kimi olsun. Mən isə eyni evdə iki yad insan olmaq əvəzinə, iki doğma kimi ayrı-ayrı evlərdəyaşamağı üstün tutdum. 

Sevgilim kimi, sevdiyim insan olaraq, ayrılsaydıq, Mövluddan ayrı qala bilməzdim. Özü bunu yaxşı bilirdi. Amma o sevgini zorla tükətdi. O dostlara da mesaj yazmışdı ki, məndən ayrı qala bilməyən həyat yoldaşımı gör nə həddə çatdırmışam ki, 2 aydır evə qayıtmır. 

Üzərimə çox gəldilər. Mövludun intiharından sonra isə ümumiyyətlə, hamı təkcə mənə hücum çəkdi ki, evinə qayıtsaydın belə olmazdı. Halbuki, mən ani emosional vəziyyətdə bu qərarı verməmişdim deyə, peşman olmadım, qayıtmağı da düşünmədim. 

Heç zaman Mövludun intihar edəcəyini düşünməzdim, istəməzdim. Amma evdən getdiyimə yenə də peşman deyiləm. Mən yetkin insan və ana olaraq ən doğru qərarı vermişdim. 


- Mövludun dəfninə qatılmışdınızmı?
 

- Yox, qatıla bilmədim. Hadisə eşidiləndə elə qələmə verdilər ki, guya mən qəsdən dəfnə qatılmamışam. Aydınlıq gətirim ki, Mövludun intiharını hamı kimi səhər bilmişdim. Vəziyətim pisləşdiyinə görə təcili yardım çağırıldı. Qazaxa aparıldığından xəbərim yox idi. Ayılanda isə məni getməyə qoymadılar ki, onsuz da çatmayacaqsan. Səhhətin də yaxşı deyil. Üstəlik vəziyyət elədir ki, hamı üzərinə gələcək, bu vəziyyətdə getməyin yaxşı deyil. Ona görə ancaq Mövludun dəfninin üçü günü evlərinə getdim, məzarını da ziyarət etdim. İndi də məzarı başına gedirəm, ziyarət edirəm. Mövlud mənim doğmamdır və onu ziyarət etdiyimi özünün bilməyi yetərlidir. Gedirəm, ağlayıram, danışıram, ürəyimi boşaldıram. Başdaşı ilə şəklini çəkib, reklam etməyə ehtiyac görmürəm. 

- Gələcəkdə ikinci dəfə ailə qurmağı düşünürsünüzmü? 

- Bu suala birbaşa “hə” və ya “yox” demək çətindir. Biz Mövludla evlənəndə çox sevib, bir-birimizihər məqamda anlayaraq, yaşamışıq. Son zamanlarda isə Mövlud o qədər dəyişmişdi ki, mən öz-özümə düşünürdüm, hətta Mövlud belə tipik Azərbaycan kişisi kimi düşünürsə, davranırsa, başqa variantyoxdur. Bir insanın mənəvi azadlığını boğmaq, qəfəsə salmaq başqa cür nəticələnə bilməz. 

Hazırda ailə qurmağı düşünmürəm, amma qismətin nə yaşadacağını da bilmirəm. 


- Bu gün Sevinc Fədai olmağın özəlliyi və çətinliyi nədədir?
 

Mənim həyata yanaşmam elə dəyişib ki, artıq çalışıram hər şeyə ağırlıq, yük kimi baxmayım. Çünki belə baxsan, çökərsən. “Niyə” sualını vermirəm. Çətinlikləri də, ağrıları daqəbul edirəm. Həqiqətən çox ağır olan məsələlər var, amma çalışıram onu müxtəlif şəkildəaradan qaldırım. Hər şeyi gözəl yaşamağa çalışıram. 

İşimə, yazılarıma, yaratdığımız təşkilata da vaxt ayırıram. Özüm və Ucal üçün nə xoşdusa, onu yaşayırıq, ikimizlə bağlı gözəl arzularım var. Bu, mənə hərdən vicdan əzabı yaşatsa da, övladımın vaxtından oğurlayıb, onun üçün sağlam ətraf, mühit formalaşdırmağa can atıram. Daha çox ağrılarıma gülümsəyərək, ayaqda qalmağa çalışıram. Əsas odur ki, içindəki sevgiyə, gücə inanırsan. Mən tək qalandan sonra heç vaxt qorxmamışam ki, necə olacaq, neyləyəcəyəm. Mən həmişə sabahı yaxşı görmüşəm. Eynilə indi, həm özümün, həm Ucalın gələcəyimizi yaxşı görürəm.