"PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas məqsədi ölkələrin reytinqini müəyyənləşdirmək deyil, təhsil sisteminin vəziyyətini öyrənmək və inkişaf ehtiyaclarını müəyyən etməkdir".
AzEdu.az xəbər verir ki, bunu PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev deyib.
O bildirib ki, tədqiqat zamanı yalnız şəhər məktəbləri deyil, şəhər və kənd məktəbləri, eləcə də böyük və kiçik məktəblər daxil olmaqla müxtəlif xüsusiyyətlərə malik təhsil müəssisələri əhatə olunur:
"Biz tədqiqata şəhər, kənd, böyük və kiçik məktəblər olmaqla bütün bu xüsusiyyətləri əhatə edən məktəbləri təqdim etmişik.
Burada məqsəd daha çox ölkənin təhsil sisteminin vəziyyətini müəyyən etmək, anlamaq və nəticələr əsasında hansı təkmilləşdirmə tədbirlərinə, hansı inkişaf ehtiyaclarına ehtiyac olduğunu müəyyənləşdirməkdir".
Elnur Əliyev qeyd edib ki, bu tip tədqiqatlarda əsas diqqət şagirdlərin hansı bacarıq səviyyəsində olduğunun müəyyənləşdirilməsinə yönəldilir.
Onun sözlərinə görə, PISA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını qiymətləndirir və nəticələr altı səviyyə üzrə müəyyənləşdirilir:
"Birinci səviyyə ən aşağı, altıncı səviyyə isə ən yüksək bacarıq səviyyəsidir. Müəyyən bal aralıqları üzrə ölkələrdə şagirdlərin hansı faizinin hansı səviyyədə olduğu təhlil edilir.
Burada ikinci səviyyə baza, minimum baza səviyyəsi kimi müəyyən olunub. Dünyanın harasında yaşamasından asılı olmayaraq, 15 yaşlı şagirdin həyata atılarkən minimum hansı baza bacarıqlarına sahib olmalı olduğu ikinci səviyyə ilə müəyyən edilir".
O bildirib ki, PISA-da istifadə olunan sual və tapşırıqlar da məhz bu yanaşma əsasında hazırlanır. Bu isə çoxsaylı şagirdlərin nəticələri əsasında onların hansı bacarıq səviyyəsində olduğunu statistik olaraq müəyyənləşdirməyə imkan verir.
"Biz ölkə, təhsil sistemi və Elm və Təhsil Nazirliyi olaraq əsasən nəyə baxırıq? Xüsusilə vurğulamaq istəyirəm ki, bizim ən çox diqqət yetirdiyimiz məqam neçə uşağımızın, təxminən neçə faiz şagirdimizin baza səviyyəsinin altında olmasıdır. Bu, bizim üçün ən narahatedici məlumatdır.
Hədəfimiz baza, yəni ikinci səviyyənin altında olan uşaqların sayını azaltmaqdır. Çünki həyati bacarıqlara sahib, öz ayaqları üzərində dayana bilən və gələcəkdə öz həyatını qura biləcək nəslin formalaşdırılması üçün minimum baza səviyyəsində olan uşaqların inkişafı olduqca önəmlidir. Bu baxımdan biz əsasən bu tip göstəriciləri araşdırır, nəticələrə baxır və həmin nəticələrə uyğun tədbirlər həyata keçiririk".
O qeyd edib ki, beynəlxalq qiymətləndirmələrin nəticələri təhsil sisteminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.