Asferik linzalar (səthi boyunca eyni əyriliyə malik olmayan, mərkəzi və kənarları fərqli əyrilik dərəcəsinə sahib xüsusi optik linza növü) uşaqlarda mövcud miopiyanı (yaxından görməni) korreksiya etməklə yanaşı, görmə qabiliyyətinin zəifləməsini əhəmiyyətli dərəcədə yavaşlada bilər.
AzEdu.az xəbər verir ki, "JAMA Ophthalmology" jurnalında dərc olunan ikiillik klinik tədqiqatın müəllifləri bu qənaətə gəliblər.
Araşdırmada miopiyadan əziyyət çəkən 6-12 yaş arası 159 uşaq iştirak edib. Uşaqların bir qismi adi eynək, digər qismi isə miopiyanın inkişafını nəzarətdə saxlamaq üçün hazırlanmış xüsusi yüksək asferik linzalı eynəklər taxıblar. Asferik linzalar ənənəvi sferik linzalara nisbətən səthi daha mürəkkəb formaya malik olan optik məhsullardır. Onların əsas xüsusiyyəti əyrilik radiusunun mərkəzdən kənarlara doğru tədricən dəyişməsidir. Bu cür linzalarda sfera fraqmenti əvəzinə daha mürəkkəb həndəsi formalardan - ellips, parabola və ya hiperboladan istifadə olunur. İki il ərzində xüsusi linzalar qrupunda miopiya orta hesabla cəmi 0.25 dioptriya, adi eynək taxan uşaqlarda isə 0.90 dioptriya artıb.
Beləliklə, miopiyanın inkişafı 70%-dən çox yavaşlayıb. Linzalar, həmçinin yaxından görmənin inkişafının əsas amillərindən biri hesab edilən struktur dəyişikliyini - göz almasının uzanmasını 53% ləngidib. Bu təsir xüsusilə ən kiçik iştirakçılarda daha çox nəzərə çarpıb. 6-8 yaşlı uşaqlarda görmə qabiliyyətinin pisləşməsi adi eynək taxan iştirakçılarla müqayisədə 87% azalıb.
Tədqiqatçılar qeyd edirlər ki, nəticələr uşaqlar arasında miopiyanın sürətlə yayılmasının qarşısını almağa kömək edə bilər, lakin görmənin uzunmüddətli qorunmasından danışmaq hələ tezdir.
Müşahidələr yalnız iki il davam etdiyindən, daha uzun müddət istifadə zamanı bu effektin qalıb-qalmayacağı və böyüklərdə yaxından görmənin ağır fəsadları riskini azaldıb-azaltmayacağı məlum deyil.