https://www.zirve.edu.az/
30.01.2019 15:30
Amerikan dil kolleci Bakıda ilk şöbəsini açır - FOTO

Mərkəzi Vaşinqton olan, BAU Global ailəsinin üzvü  “Mentora College” fevral ayının 7-də Azərbaycanda ilk şöbəsini açır. İngilis dilində təhsil verən “Mentora College” Bakıda TOEFL, IELTS, SAT, GRE, GMAT imtahanlarına hazırlıqla yanaşı, tələbələrini Türkiyənin bir sıra üniversitetlərinin “İngilis dili yetərlilik imtahan”larına da hazırlayacaq.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat verən Bahçeşehir Universitenin sahibi və Mütəvəlli Heyət Başqanı Ənvər Yücelin sözlərinə görə “Mentora College”in misyası qlobal bir toplumda tələbələrin beynəlxalq kommunikasiya bacarıqlarını, zehni yaradıcılıqlarını inkişaf etdirməkdə dəstək olmaqdır:

“Akademik, mədəni dünyada ortaq kommunikasiya dili ingilis dilidir. Globallaşmanın tələbi olaraq çağdaş ola bilmək və digər ölkələrlə iqtisadi, texnoloji və mədəni baxımından əlaqələr qura bilmək üçün mükəmməl dil biliyinə sahib olmaq lazımdır. BAU Global ailəsinin üzvü olan “Mentora College” də Amerikada yaradılan bir dil məktəbidir. Amerika təhsil standartlarını özündə əks etdirən bu məktəb, tələbələrimizin ingilis dili biliklərini inkişaf etdirməkdə və uğur əldə etmələrində yardımcı olur.”

“Mentora College Türkiyə”nin qurucusu Emel Özmal isə bildirib ki, intensiv dil proqramları ilə tələbələr qısa müddətdə ingilis dili biliklərini inkişaf etdirə biləcəklər: “Mentora College” tələbələrə dil öyrənmə üsullarını aşılayır. Xüsusilə, dil öyrənərkən sadəcə dil biliyi deyil, səlis danışmağı da öyrədir. Türkiyədə olduğu kimi Azərbaycanda da anlayıram, amma, danışa bilmirəm problemi var. “Mentora College Baku” da daha çox danışmağı ön plana çıxaran üsul tətbiq edəcək.”

“Mentora College”in Bakı şöbəsinin rəhbəri Musab Tunçbilek isə qeyd edib ki, “Mentora College”in xüsusi özəlliyi tərkibində yay və qış məktəb konseptinin olmasıdır: “Bu, Azərbaycanda bir ilk olacaq. Belə ki, “Yay Məktəbi” konseptimizdə tələbələr Fethiyedə yaşayaraq, tətbiq edərək öyrənərkən, “Qış Məktəbi”ndə isə “Mentora College”ə daxil olan xarici ölkələrdəki filiallardan da dərslər ala biləcəklər.”

Xatırladaq ki, mərkəzi Vaşinqton olan “Mentora College” 46 ildir ki, fəaliyyət göstərir. Hazırda Amerika, Kanada, Almaniya, İngiltərə, İtaliya, Türkiyə, Monqolustan və Azərbaycan da daxil olmaqla 23 şöbəsi ilə fəaliyyətini davam etdirir.