Ali təhsil müəssisələrinə qəbul üzrə plan yerlərinin əks olunduğu jurnal nəşr edilib. Plan yerləri ilə bağlı məlumatlar göstərir ki, pedaqoji ixtisasların bir qismində azalma var. Lakin bu azalmaya baxmayaraq, həmin ixtisasları bitirən məzunların sayı məktəblərdə yaranan vakansiyalardan hələ də çoxdur. Hər il pedaqoji ixtisasları bitirən namizədlərin sayı ilə məktəblərdə elan olunan vakansiyalar arasında ciddi fərq müşahidə edilir.
Maraqlıdır, pedaqoji ixtisaslar üzrə qəbul planları məktəblərin real müəllim tələbatı və gələcək vakansiyalar nəzərə alınmaqla müəyyənləşdirilə bilərmi?
AzEdu.az-a mövzu ilə bağlı “Əməkdar müəllim” Sona Əliyeva pedaqoji ixtisaslarda plan yerlərinin azalması məsələsini şərh edib.
O bildirib ki, pedaqoji ixtisaslar üzrə qəbul planlarının azaldılması özlüyündə problemin həlli deyil:
“Pedaqoji ixtisaslar üzrə qəbul planlarının azalması ilk baxışda müsbət addım kimi görünə bilər. Lakin bu qərar niyə verilib? Buna aydınlıq gətirilməlidir. Çünki bizdə illərdir qəribə bir təzadlı vəziyyət var. Bir tərəfdə müəllim olmaq üçün təhsil alan və məzun olan çox sayda gənc var, digər tərəfdə isə məktəblərdə bəzi fənlər və xüsusilə bəzi regionlar üzrə müəllim ehtiyacı qalır. Deməli, problem təkcə müəllim sayında deyil. Problem hansı fənn üzrə, hansı rayonda və nə qədər müddətə müəllim lazım olduğunu əvvəlcədən düzgün hesablamağımızdadır”.
Qəbul planları yalnız mövcud deyil, gələcək müəllim tələbatı əsasında müəyyənləşdirilməlidir:
“Bu gün universitetə qəbul olunan tələbə sabah müəllim olmayacaq. O, ən azı bir neçə ildən sonra əmək bazarına çıxacaq. Ona görə də qəbul planı bu gün məktəblərdə olan vakansiyaya yox, 4-5 il sonrakı ehtiyaca əsaslanmalıdır. Məsələn, hansı rayonlarda müəllim çatışmazlığı olacaq? Hansı fənlər üzrə kadr çoxalacaq? Yaxın illərdə neçə müəllim yaş həddinə çatacaq? Yeni məktəblər harada açılacaq? Şagird sayı hansı regionlarda artacaq, harada azalacaq? Bu sualların cavabı olmadan sadəcə plan yerlərini artırıb-azaltmaq problemin həlli deyil”.
Müəllim ehtiyacının əvvəlcədən proqnozlaşdırılması üçün ayrıca sistem yaradılmalıdır:
“Mən hesab edirəm ki, qəbul planları ilə yanaşı müəllim ehtiyacının proqnozlaşdırma sistemi yaradılmalıdır. Dövlət bilməlidir ki, beş il sonra ona riyaziyyat, fizika, kimya və ya ibtidai sinif müəllimindən neçə nəfər lazım olacaq. Digər tərəfdən, hər pedaqoji ixtisas məzununun yalnız dövlət məktəbində işləyəcəyini də düşünmək düzgün deyil. Müəllim hazırlığı elə qurulmalıdır ki, məzun məktəbdən başqa özəl təhsil, metodika, təhsil texnologiyaları, təlim və digər sahələrdə də özünə yol tapa bilsin”.
Əsas məqsəd təhsil sisteminin gələcəkdə ehtiyac duyacağı müəllimləri vaxtında hazırlamaq olmalıdır:
“İndiki halda qəbulun daha ağıllı necə planlaşdırıla biləcəyi yanaşması tətbiq olunmalıdır. Çünki məqsəd ehtiyacımız olan müəllimi vaxtında və keyfiyyətli hazırlamaqdır. Bir gəncə dörd il “müəllim ol” deyib sonra onun qarşısına iş qoymamaq nə həmin gəncə, nə də təhsil sisteminə ədalətlidir. Təhsil planlaması auditoriyadan başlamamalıdır. Məktəbdən başlamalıdır”.
Fidan Şahkərəmova