Azedu.az

Süni intellekt dövründə Azərbaycan dili: Onu necə qoruya bilərik?

Müəllimlər və elm adamları

1 Avqust 2026, 10:01
Süni intellekt dövründə Azərbaycan dili: Onu necə qoruya bilərik?

Avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu tarix təkcə dilimizin zənginliyini və tarixi inkişaf yolunu xatırlatmaq üçün deyil, həm də onun müasir dövrdə qarşılaşdığı çağırışları müzakirə etmək baxımından əhəmiyyət daşıyır.

İnternetin, sosial medianın və süni intellekt texnologiyalarının sürətlə yayıldığı bir dövrdə dil mühiti də dəyişir. Xarici sözlərin geniş istifadəsi, sosial şəbəkələrdə yazı qaydalarına əməl olunmaması, latın qrafikasında belə Azərbaycan dilinin normalarının pozulması mütəxəssislərin diqqət çəkdiyi məsələlərdəndir. 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva qeyd edib ki, Azərbaycan dili bu gün yalnız məktəbdə və ya ailədə qorunmamalıdır, bir dəyər kimi  bütöv cəmiyyət tərəfindən dilimizin saflığına diqqət edilməli və qorunmalıdır:

187455

"XXI əsrdə dilimizin gələcəyi həm də rəqəmsal mühitdə müəyyənləşir. Əgər bir dil süni intellekt platformalarında, elektron resurslarda və rəqəmsal texnologiyalarda kifayət qədər təmsil olunmursa, zamanla onun istifadə imkanları da məhdudlaşır. Eyni zamanda bu texnologiyalarda dilin saflığına və dil qaydalarına əməl olunmursa zaman keçdikcə dil aşınır, alınma sğzlərin sayı artır. Ona görə də bu gün Azərbaycan dilini qorumaq təkcə dilçilik məsələsi deyil, həm də rəqəmsal suverenlik məsələsidir.

Məktəblərdə Azərbaycan dili tədrisində son illər müəyyən yeniliklər həyata keçirilib. Ancaq müasir dövr bizdən daha çoxunu tələb edir. Şagird yalnız qaydaları bilməməli, fikrini əsaslandırmağı, mətn qurmağı, oxuduğunu təhlil etməyi və rəqəmsal mühitdə düzgün ünsiyyət qurmağı bacarmalıdır. Çünki gələcəyin uğuru yalnız məlumatı əzbərləməkdə deyil, onu düzgün ifadə etmək bacarığındadır".

Süni intellekt dövründə Azərbaycan dilinin inkişafı üçün ən vacib addımlardan biri keyfiyyətli rəqəmsal dil resurslarının genişləndirilməsidir:

"Milli dil korpusunun zənginləşdirilməsi, nitq texnologiyalarının inkişafı, orfoqrafiya və tərcümə sistemlərinin təkmilləşdirilməsi, eləcə də Azərbaycan dilində keyfiyyətli rəqəmsal məzmunun artırılması artıq strateji zərurətdir. Çünki süni intellekt dilləri öyrənmir, ona təqdim olunan məlumat üzərində öyrədilir. Azərbaycan dili nə qədər zəngin rəqəmsal məzmuna sahib olsa, texnologiyalarda da bir o qədər güclü təmsil olunacaq.

Ana dilinə sevgi məsələsinə gəldikdə isə, birmənalı şəkildə ailə uşağa dilin emosional dəyərini qazandırır, məktəb onu bilik və mədəniyyətə çevirir. Bu gün isə üçüncü mühüm təsir mühiti rəqəmsal platformalardır. Əgər ailə və məktəb bu istiqamətdə birlikdə fəaliyyət göstərməsə, həmin boşluğu sosial media dolduracaq. Buna görə də Azərbaycan dilinin gələcəyi ailənin, məktəbin, medianın və texnologiya sektorunun ortaq məsuliyyətidir. Dilimizi qorumağın ən təsirli yolu onu yalnız danışmaq deyil, onunla düşünmək, yazmaq, elm yaratmaq və yeni texnologiyaların ayrılmaz hissəsinə çevirməkdir".

Rusiyadan ŞOK TƏLƏB: Ukraynanı təslim olmağa çağırdı
Son xəbərlərDaha çox