II ixtisas qrupu üzrə 2025-2026 və 2026-2027-ci tədris illərində pedaqoji ixtisaslara ayrılan plan yerlərinin müqayisəsi zamanı bəzi universitetlərdə qəbul planlarının azaldığı, müəyyən ixtisaslarda göstəricilərin dəyişmədiyi, ayrı-ayrı istiqamətlərdə isə plan yerlərinin artırıldığı məlum olur.
AzEdu.az iki tədris ili üzrə qəbul planlarını müqayisə edib.
Bakı Dövlət Universitetində coğrafiya müəllimliyi ixtisası üzrə plan yerlərinin sayı 75-dən 60-a endirilib. Universitetin Qazax filialında tarix və coğrafiya müəllimliyi üzrə isə plan yerlərinin sayı dəyişməyərək 20 olaraq qalıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində coğrafiya müəllimliyi üzrə plan yerləri 100-dən 90-a, tarix və coğrafiya müəllimliyi üzrə isə 60-dan 45-ə endirilib. Bununla yanaşı, tədrisi ingilis dilində həyata keçirilən tarix və coğrafiya müəllimliyi üzrə plan yerlərinin sayı 15-dən 25-ə artırılıb.
ADPU-nun Şamaxı, Şəki və Cəlilabad filiallarında tarix və coğrafiya müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək hər birində 20 olaraq saxlanılıb. Quba filialında isə coğrafiya müəllimliyi üzrə 2025-2026-cı ildə 20 plan yeri olduğu halda, 2026-2027-ci tədris ilində bu ixtisas üzrə qəbul aparılmır.
Qarabağ Universitetində coğrafiya müəllimliyi üzrə plan yerlərinin sayı hər iki tədris ilində dəyişməyərək 30 olaraq qalıb.
Naxçıvan Dövlət Universitetində coğrafiya müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyib. Hər iki tədris ilində bu ixtisas üzrə 15 plan yeri müəyyənləşdirilib.
Lənkəran Dövlət Universitetində coğrafiya müəllimliyi üzrə 2025-2026-cı ildə 30 plan yeri olduğu halda, 2026-2027-ci tədris ilində qəbul aparılmır. Tarix və coğrafiya müəllimliyi üzrə isə plan yerləri 50-dən 30-a azaldılıb.
Sumqayıt Dövlət Universitetində tarix və coğrafiya müəllimliyi üzrə plan yerlərinin sayı 30-dan 20-yə endirilib.
Xəzər Universitetində coğrafiya müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək 10 olaraq qalıb. Tarix və coğrafiya müəllimliyi üzrə isə plan yerləri 25-dən 20-yə azaldılıb.