Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-29 10:25:00
Həyətlərində istirahət üçün skamya tapılmayan universitetlərimiz – Razı və narazı tələbələr - SORĞU

Tələbələr, təxminən, günün yarı hissəsini universitetdə keçirirlər. Buna görə də universitetlərdə tələbələrin rahat vaxt keçirə bilməsi üçün mümkün qədər yaxşı şərait yaradılmalıdır.

Tələbələrin bəlkə də auditoriya və bufetdən daha çox vaxt keçirdiyi məkanlardan biri də elə universitetin həyətidir. Bununla bağlı ali məktəblərdəki vəziyyəti öyrənmək üçün keçirdiyimiz sorğuya əsasən, məlum oldu ki, heç də bütün tələblər universitetlərindəki şəraitlə razı deyillər. Hətta bəzi universitetlərdə kitab oxumaq, istirahət etmək üçün  sahələr ayrılsa da, tələbələrin açıq havada oturmaları, istirahətləri  üçün yer kifayət qədər deyil.

AzEdu.az bu mövzu ilə bağlı tələbələr arasında keçirdiyi sorğunu təqdim edir:

Bakı Dövlət Universitetinin III kurs tələbəsi Nəsibova Aliyə universitetin həyətindən razılığını bildirib:

“Universitetin həyəti çox yaxşıdır: genişdir, tələbələr açıq havada rahat vaxt keçirə bilirlər. Eyni zamanda, oturmaq üçün də çoxlu yerlər var. Bundan əlavə, həyətdə “Pepsi” adlandırdığımız yeməkxanada istəyənlər nəsə yeyə bilər. İstəməyənlər də həyətdəki skamyalarda oturub hava ala bilərlər”.

Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi Hüseynova Aytac isə universitet həyətindəki oturacaqların azlığından şikayətlənib:

“Universitetimizin həyəti balacadır. Əsas korpus digərlərində böyükdür və tələbə sayı çoxdur, lakin burada həyət daha kiçikdir. Həyətdə oturmaq üçün oturacaq sayı çox azdır, idman zalı da yaxşı vəziyyətdə deyil. Bir sözlə, tələbələrin boş vaxtlarını səmərəli keçirmələri üçün elə bir şərait yoxdur”.

IV kurs tələbəsi Əhmədov Emil isə qeyd edib ki, tələbəsi olduğu Azərbaycan Texniki Universitetində açıq havada vaxt keçirmək üçün lazımı şərait yaradılıb:

“Universitetin həm ön, həm də arxa tərəfində kifayət qədər oturacaq və yaşıllıq sahə var. Tələbələr burada vaxtlarını keçirə bilirlər”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin III kurs tələbəsi Əliyarlı Hüseyn  tələbə sayına nisbətən oturacaq yerlərin az olduğunu bildirib:

“Həyətdə oturmaq üçün elə bir şərait yoxdur. Çünki yer az, tələbə isə çoxdur. Eyni həyətdə onsuz da 3 korpus var idi,  III korpusa bitişik bir korpusu da təzə tikdilər. Hər korpusun kiçik bir həyəti var,  hərəsində  də cəmi 7-8 oturacaq... Bu da tələbə sayına nisbətdə çox azdır. Bu səbəbdən, havalar isti olanda tələbələr açıq havada vaxt keçirmək əvəzinə, bufetdə otururlar”.

Bakı Mühəndislik Universitetinin II kurs tələbəsi Qoca Şərifli açıq havada yaxşı vaxt keçirmələri üçün lazımı şəraitin olduğunu deyib:
 
“Universitetdə bu mənada vəziyyət çox yaxşıdır. Tələbələrin açıq havada vaxt keçirmələri üçün tam şərait yaradılıb. Həyət çox genişdir və yaşıllıq sahə, oturmaq üçün yerlər də kifayət qədər çoxdur. Buna görə də, biz açıq havada rahat vaxt keçirə bilirik. Siqaret çəkənlər, kitab oxuyanlar, istirahət edənlər üçün ayrı sahələr ayrılıb”. 

Bakı Slavyan Universitetinin III kurs tələbəsi Fətullayeva Sona:

“Bizim universitetdə istər həyət, istərsə də bufet və digər yerlərdə tələbələr üçün lazımı şərait yaradılıb”.

Rəna Nəbi