Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Belə ki, imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər göstərib.
IV ixtisas qrupu üzrə maksimum nəticə əldə edənlərdən biri də Bakı şəhər 194 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Zakeridust Aynaz Səyyad qızıdır.
Aynaz Zakeridust IV ixtisas qrupu üzrə qəbulun II cəhdində 400 bal toplayaraq maksimum nəticə əldə edib. O buraxılış imtahanı ilə bərabər 695 bal toplayıb.
Bu münasibətlə Aynaz Zakeridust AzEdu.az-a təəssüratlarını bölüşüb.
"Açığı, tam 400 bal toplayacağımı düşünmürdüm. Düzdür, ailəm və müəllimlərim məndən yüksək nəticə gözləyirdilər. Amma blok imtahanının buraxılış imtahanına nisbətən daha çətin olduğunu bildiyim üçün müəyyən tərəddüdlərim var idi.
İmtahandan sonra cavablarımı yoxlayanda bütün sualların düzgün olduğunu gördüm. Həmin an artıq yüksək nəticə əldə etdiyimi anladım. Bu xəbər həm məni, həm də ailəmi çox sevindirdi.
Buraxılış imtahanından 295,8, birinci qəbul imtahanından isə 375,4 bal toplamışdım. Ümumi nəticəm 671,2 bal idi. İkinci qəbul imtahanında isə nəticəmi təxminən 25 bal artırmağa nail oldum.
Məncə, ikinci imtahanda daha yaxşı nəticə göstərməyimin əsas səbəbi aradakı bir ay ərzində mövzuları daha çox təkrar etməyim oldu. Təkrar etdikcə biliklərim möhkəmlənirdi. Bundan əlavə, artıq üçüncü dəfə imtahan mühitinə daxil olduğum üçün həmin atmosferə alışmışdım. Həyəcan keçirmirdim və vaxtımı daha düzgün bölə bilirdim.
Hər iki imtahanda mənim üçün ən çox diqqət tələb edən fənn biologiya idi. Fizika və kimya məni ciddi narahat etmirdi. Kimyada bəzi situasiya tipli sualların həlli vaxt aparsa da, onların öhdəsindən gəlmək mümkün idi. Biologiya isə daha çox əzbər tələb etdiyinə görə bu fənnə əlavə vaxt ayırırdım. Xüsusilə situasiya suallarında bəzən tərəddüd yaşayırdım. Buna baxmayaraq, ümumilikdə hər iki imtahanda biologiya mənim üçün nisbətən daha çətin fənn oldu.
Düşünürəm ki, uğurun əsas sirri məqsədli olmaqdır. Hər bir abituriyentin qarşısında konkret hədəfi olmalıdır. Sadəcə "bir universitetə qəbul olum" düşüncəsi ilə deyil, məhz hansı ixtisası və peşəni seçmək istədiyini müəyyənləşdirərək çalışmaq lazımdır. Məqsəd bəlli olduqda insan nə qədər yorulsa da, nə qədər çətinliklə üzləşsə də, həmin hədəf uğrunda mübarizəni davam etdirir.
Mən hazırlığa erkən başlamışam və hesab edirəm ki, xüsusilə 10-cu sinifdən etibarən şagirdlər dərslərinə ciddi yanaşmalıdırlar. Vaxt çox sürətlə keçir. Bir gün baxırsan ki, qəbul imtahanı artıq qapını döyür. Ona görə də işi sonraya saxlamaq olmaz. İnsan xəstə olanda da, yorulanda da, çətinliklərlə qarşılaşanda da hədəfini unutmamalıdır.
Sosial şəbəkələrin yüksək nəticə göstərməyə mane olduğunu düşünmürəm. Əsas məsələ onlardan necə istifadə etməyindir. Mən Instagram və TikTok-dan istifadə etmirdim. YouTube-dan isə həm dərs məqsədilə, həm də istirahət üçün yararlanırdım. Düşünürəm ki, dərslərini yerinə yetirdikdən sonra sosial mediaya və ya digər fəaliyyətlərə müəyyən vaxt ayırmaq olar. Əsas odur ki, hər şey balanslı şəkildə qurulsun.
Dərs oxumağa ayırdığım vaxt günə görə dəyişirdi. Bəzi günlər hazırlıqlarım az olurdu, bəzi günlər isə üç-dörd hazırlıq dərsim olurdu. Orta hesabla gündə 6-7 saat dərs üzərində çalışırdım. Hazırlıq məşğələlərinin vaxtını bu hesablamaya daxil etmirəm.
Gələcəkdə tibb sahəsində təhsil almaq istəyirəm. Hazırda dəqiq seçim etməmişəm. Böyük ehtimalla təhsilimi Azərbaycanda davam etdirəcəyəm. İmkan yaranarsa, bakalavr və ya sonrakı təhsil mərhələlərində xaricdə oxumağı da düşünürəm. Hansı ölkəni seçəcəyim isə gələcək planlarıma və peşəkar inkişafıma daha çox fayda verəcək imkanlardan asılı olacaq.
Tibb sahəsinə marağımın yaranmasında ailəmin də rolu olub. Həm anam, həm də bacım bu sahə ilə bağlıdır. Bununla yanaşı, uşaqlıqdan həkim olmağı arzulamışam. Ağ xalat geyinmək, insanlara kömək etmək istəyi həmişə məni bu peşəyə yaxınlaşdırıb. Düşünürəm ki, həm ailəmin təsiri, həm də daxilimdəki bu arzu məni tibb sahəsini seçməyə sövq edib. İnanıram ki, əzm, düzgün planlama və məqsədə sadiqlik olduqda istənilən nəticəni əldə etmək mümkündür".