Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-27 09:11:00
Doktoranturaya qəbul barədə buradan öyrənin –təhsil müddəti, ödəniş şərtləri...

Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir.

Doktorantura təhsili ali təhsilin ən yüksək səviyyəsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.

Bu təhsil səviyyəsi müvafiq elmi dərə­cə­lərin (elm sahələri göstəril­məklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.

AzEdu.az ali təhsilin doktorantura səviyyəsi üzrə ümumi məlumatları təqdim edir:

- Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir.

-Doktoranturada təhsilalma əyani və qiyabi formadadır. Belə ki, əyani təhsilalanlar istehsalatdan ayrılmaqla, qiyabilər isə istehsalatdan ay­rıl­­­ma­maq­la təhsil ala bilərlər.

-Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.

-Bu təhsil səviyyəsi üzrə də təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilə bilər.

Qeyd: Ötən tədris illərində doktoranturaya qəbul imtahanlarında iştirak edib, istər ödənişli əsaslarla, istərsə də dövıət sifarişli ixtisaslara qəbul olunub, lakin imtina edən şəxslər cari ildə də ödənişsiz əsaslarla təhsil ala bilərlər. Çünki belə olan halda, tələbə maliyyə vəsaitindən istifadə etmir.

-Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə isə 4 ildir.

Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.

Müəyyən səbəblərdən (bəzən) bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.

-Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin və elmi təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur. Beləcə, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyi­nin rəyləri əsasında təsdiq edilir.

-Doktoranturada və dissertantlıq yolu ilə təhsilini başa çatdırmış məzunlara təhsil aldıqları müəssisənin müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə verilir.

-Ali təhsil müəssisələrinin və elmi (elmi tədqiqat, elmi istehsalat) təşkilatların nəzdindəki doktoranturalara elmi-metodik rəhbərliyi və fəaliy­yətlərinə nə­za­­rəti onların tabe olduqları müvafiq qurumlar həyata keçirir.

Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanıb. Azərbaycan   Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilib.

Qeyd edək ki, yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında xarici dil (alman və fransız dilləri) üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək. İmtahanda iştirak edəcək iddiaçılar imtahana gələrkən seçdikləri ixtisas dili üzrə uyğun ədəbiyyat gətirməlidirlər.