Təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Azərbaycan təhsil sistemi sovetdən miras qalmış bir sistemdir:
"Azərbaycanda tədris ili o qədər də uzun deyil. Bəzi təhsil nailiyyətləri daha yüksək olan ölkələrdə çox qısa yay tətilləri görürük. Biz daha uzun müddətli yay tətili ilə əhatə olunuruq. Yaxud, fərz edək ki, dərs yükü çoxdur, onda, deməli, azaldılmalıdır. Nəyi azaltmaq? Biz bu tipli suallarla qarşılaşırıq.
Azərbaycan təhsil sistemi sovetdən miras qalmış bir sistemdir. Yəni tədrisin təşkili, tədris planları fənlərin həftəlik tədris yükü ilə müəyyən olunur ki, fizika 2 saat, kimya 2 saat, biologiya 2 saat və s. Həmin dərs saatlarının sayı da müəllimlərin əməkhaqqısını müəyyən edir. Bu öz-özlüyündə məsələni bir qədər də mürəkkəbləşdirir. Ən vacib sual isə nədən ibarətdir? Məzmun nə qədər gələcəklə səsləşir və gələcəyə uyğundur. Bir tərəfdən əgər nəsə uyğun deyilsə, deməli, onu çıxarıb yenisi ilə əvəz etmək lazımdır.
Yəqin ki, bu müsahibədən sonra müzakirələr başlayacaq. Azərbaycan tədrisində, yaxud tədrisin məzmununda hansı məqamlar var ki, onları cəmiyyət yekdilliklə çıxarmağın tərəfdarıdır? Məsələn, hansı fənni çıxartsaq, Azərbaycan təhsilinin məzmunu daha uyğun olar? Müzakirələrdə səsləndirilən fikirlər qeyri-müəyyənlikdən daha çox müəyyənliyə doğru getsə, faydalılığı artar. Biz çalışırıq ki, bu model dəyişsin və Azərbaycan təhsilinin təşkili adambaşı maliyyələşmə sisteminə keçid prosesində daha çevik mexanizmlərin tətbiqinə imkan versin".