"Mənim kimi olimpiadada iştirak etmək və uğur qazanmaq istəyən şagirdlərə tövsiyəm odur ki, xüsusilə ədəbiyyat üzrə əsərləri diqqətlə oxusunlar".
AzEdu.az xəbər verir ki, bu sözləri R. Pirnəzərov adına 299 məktəb-liseyin 9-cu sinif şagirdi bürünc medal qazanan Ələsgərli Xədicə Fəxri qızı qeyd edib.
"Respublika Fənn Olimpiadalarına 8-ci sinifdən hazırlaşmağa başlamışam. Keçən il də olimpiadada iştirak etmişdim. Final mərhələsinə qədər yüksəlsəm də, növbəti mərhələni keçə bilmədim. Lakin bu məni ruhdan salmadı. Əksinə, daha çox çalışaraq yenidən iştirak etməyə qərar verdim.
Azərbaycan dili və ədəbiyyat fənni üzrə yarışmışam. Olimpiadaya Asif Salmanov rəhbərliyi ilə hazırlaşmışam. Əslində, hədəfim qızıl medal qazanmaq idi. Bu il bürünc medala layiq görüldüm. Buna baxmayaraq, məyus deyiləm. İnşallah, gələcək illərdə daha yaxşı nəticə göstərərək qızıl medal qazanmağa çalışacağam. Hazırda III ixtisas qrupu üzrə hazırlaşıram. Gələcəkdə Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istəyirəm.
Bu il buraxılış imtahanında 276 bal toplamışam. Gələcək hədəfim isə buraxılış imtahanında 300, qəbul imtahanının blok hissəsində 400 bal toplayaraq ümumilikdə 700 bal nəticə əldə etməkdir.
Olimpiadaya hazırlaşdığım dövrdə məktəb dərslərini də çatdırmağa çalışırdım. Buraxılış ili olduğu üçün müəyyən çətinliklər yaranırdı. Lakin günümü planlı şəkildə təşkil edir, vaxt bölgüsünü düzgün qurmağa çalışırdım.
Bu da həm dərslərimi, həm də hazırlığımı uğurla davam etdirməyə kömək edirdi. Azərbaycan dili qaydalarını yaxşı mənimsəsinlər və mütəmadi olaraq testlər işləsinlər. Uğurun əsas şərtlərindən biri davamlı çalışmaqdır.
Bu uğurumda əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Başda sinif rəhbərim olmaqla, 219 nömrəli məktəb-liseyin rəhbərliyinə və bütün müəllim kollektivinə minnətdaram. Həmçinin hər zaman mənə dəstək olan, yanımda duran və uğurlarıma sevinən valideynlərimə xüsusi təşəkkürümü bildirirəm".