Zəngilan sakini, 2009-cu il təvəllüdlü Yusif Yaqubov nüfuzlu xarici ali təhsil müəssisələrindən təqaüd qazanıb.
Hazırda 11-ci sinif şagirdi olan Y.Yaqubov Bakı şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseydə təhsil alıb. O, riyaziyyat üzrə respublika fənn olimpiadasının qaliblərindəndir.
Qeyd edək ki, Zəngilanlı məktəbli Azərbaycandakı ali təhsil müəssisələrinə də imtahansız qəbul hüququ qazanıb. O, ADA Universiteti, Bakı Ali Neft Məktəbi (BANM), UNEC və digər universitetlərdən qəbul alıb.
Onun qəbul aldığı xarici universitetlər arasında Böyük Britaniyanın Edinburq Universiteti, Çinin Şanxay Jiao Tong Universiteti və Harbin Texnologiya İnstitutu, Cənubi Koreyanın Seul Milli Universiteti, Türkiyənin Bilkent, Sabancı və Koç universitetləri, ABŞ-nin Arizona Dövlət Universiteti və Peys Universiteti yer alır.
Jiao Tong Universiteti məktəbliyə 37 min, Bilkent Universiteti 72 min, Sabancı Universiteti 109 min 500, Koç Universiteti 64 min 800, Arizona Dövlət Universiteti 80 min, Peys Universiteti isə 148 min ABŞ dolları məbləğində təqaüd təklif edib.
Yusif Yaqubov xaricdə təhsil almaq istəyini reallaşdırmaq üçün dövlət proqramına müraciət edib.
AzEdu.az bu münasibətlə sözügedən uğurlu şagirdlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
- Riyaziyyat olimpiadalarında qazandığın uğurlar həyatına və düşüncə tərzinə necə təsir edib?
- Uşaqlıqdan riyaziyyata və məntiqə böyük marağım olub. Məktəb illərində də bu sahədə özümü inkişaf etdirməyə xüsusi diqqət yetirmişəm. Altıncı sinfin sonunda həm Respublika Fənn Müsabiqəsində riyaziyyat üzrə qalib olduğuma, həm də liseyin qəbul imtahanında ən yüksək nəticəni göstərdiyimə görə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə qəbul oldum.
Riyaziyyat olimpiadalarında qazandığım uğurlar həyatımın istiqamətini dəyişdi. Olimpiadalar mənə təkcə medal və sertifikat qazandırmadı, həm də düşüncə tərzimi formalaşdırdı. Riyaziyyat mənə analiz etməyi, səbirli olmağı və problemlərə fərqli baxış bucağından yanaşmağı öyrətdi. Respublika Fənn Olimpiadasında qalib olmağım isə mənə Azərbaycandakı istənilən universitetə imtahansız qəbul hüququ verdi və bu uğur gələcək hədəflərim üçün böyük motivasiya oldu.
- Dünyanın nüfuzlu universitetlərinə qəbul olmaq üçün necə hazırlaşmısan və bu proses sənin üçün nə dərəcədə çətin olub?
- İlk növbədə hansı universitetlərdə təhsil almaq istədiyimi araşdırdım. Daha sonra həmin universitetlərin rəsmi saytlarına daxil olaraq qəbul tələblərini öyrəndim. Gördüm ki, bir çox nüfuzlu universitetlər SAT və IELTS kimi beynəlxalq imtahan nəticələri tələb edir. Buna görə də həmin imtahanlara ciddi şəkildə hazırlaşdım. SAT imtahanından 1560 bal toplayaraq ölkə üzrə ən yüksək nəticələrdən birini əldə etdim. IELTS imtahanından isə 7 bal toplayaraq ingilis dili üzrə C1 səviyyəsində biliyimi təsdiqlədim.
Hazırlıq prosesi kifayət qədər məsuliyyətli idi. Gündəlik plan quraraq həm məktəb dərslərinə, həm imtahan hazırlığına, həm də şəxsi inkişafıma vaxt ayırırdım.
- Ən çətin qəbul və ya müsahibə mərhələsi hansı universitetdə olub?
- Hər universitetin qəbul prosesi fərqli idi. Məncə, ən çətin mərhələlərdən biri Edinburq Universitetinin daxili imtahanı idi. Həmin imtahana xüsusi hazırlaşmalı oldum. Digər maraqlı təcrübələrdən biri isə Şanxay Jiao Tong Universitetinin müsahibəsi oldu. Universitet məni müsahibəyə dəvət etmişdi və mən orada niyə məhz həmin universiteti seçdiyimi, gələcək planlarımı və məqsədlərimi izah etdim. Universitet haqqında əvvəlcədən topladığım məlumatlar müsahibədə mənə çox kömək etdi.
- Sənə görə Azərbaycan məktəbliləri beynəlxalq universitetlərə qəbul olmaq üçün ən çox hansı bacarıqları inkişaf etdirməlidirlər?
- Məncə, ən vacib məsələlərdən biri ingilis dili biliyidir. Çünki beynəlxalq imtahanların və universitet müraciətlərinin əksəriyyəti ingilis dilində olur. Bundan əlavə, analitik düşüncə və riyaziyyat bilikləri də çox önəmlidir. Xüsusilə SAT kimi imtahanlarda riyaziyyat ciddi rol oynayır. Eyni zamanda şagirdlər özlərini araşdırma aparmağa və müstəqil işləməyə alışdırmalıdırlar.
- Bəs, xaricdə təhsil almaq istəyin ilk dəfə nə vaxt yaranıb?
- Riyaziyyat üzrə uğurlar qazandıqdan sonra özümü daha böyük və qlobal mühitdə inkişaf etdirmək istəyi yarandı. Olimpiadalarda iştirak etdikcə və fərqli ölkələrdən olan şagirdlərin uğurlarını gördükcə xarici universitetlərə marağım daha da artdı.
- Bu qədər fərqli ölkədən qəbul almaq səndə hansı hissləri yaratdı?
- Əlbəttə ki, bu mənim üçün böyük sevinc hissi idi. Hər bir universiteti araşdıraraq seçmişdim və qəbul xəbərləri məndə həm sevinc, həm də özgüvən yaradırdı. Valideynlərimin və yaxınlarımın da buna sevinməsi mənim üçün ayrıca xoşbəxtlik idi.
- Təqaüd təklifləri arasında səni ən çox təəccübləndirən hansı oldu?
- Müraciət zamanı ailəmin maddi imkanlarını da nəzərə alırdım. Buna görə əsas məqsədlərimdən biri təqaüd qazanmaq idi. Dünyanın ən güclü universitetlərindən biri sayılan Şanxay Jiao Tong Universitetindən 50 faiz təqaüd və aylıq stipendiya qazanmaq mənim üçün ən sevindirici hallardan biri oldu.
- Niyə məhz riyaziyyat və texnologiya istiqamətinə maraq göstərirsən?
-Çünki uşaqlıqdan riyaziyyata marağım olub. Bundan əlavə, müasir dövrdə texnologiya və riyaziyyat sahələrinin çox böyük əhəmiyyət daşıdığını düşünürəm. Gələcəyin əsas inkişaf istiqamətlərindən biri məhz bu sahələrdir. Məncə, uğurun əsas şərtlərindən biri vaxtın düzgün idarə olunmasıdır. Günlük plan qurmağa çalışırdım. Həm məktəb dərslərinə, həm əlavə hazırlığa, həm də öz üzərimdə işləməyə vaxt ayırırdım.
- Sosial həyat və intensiv hazırlıq arasında balans qurmaq çətin olurdu?
- Açığı, balans yaratmağa çalışırdım. Bu o demək deyil ki, gün boyu yalnız dərs oxuyurdum. Dostlarımla futbol, basketbol və tennis oynayırdım, istirahət üçün də vaxt ayırırdım. Məncə, sosial həyat və hazırlıq arasında balans qurmaq çox vacibdir.
- Ən böyük motivasiya mənbəyin kim və ya nə olub?
- Ən böyük motivasiya mənbələrimdən biri liseydəki mühit olub. Sinif yoldaşlarımın savadlı olması və onların da böyük məqsədlərinin olması məni motivasiya edirdi. Müəllimlərimin də uğurlarımda çox böyük rolu var.
- Uğursuzluq və ya ruhdan düşdüyün anlarda özünü necə toparlayırdın?
- Uğursuzluq həyatın normal hissəsidir. Hər uğursuzluq insana yeni təcrübə qazandırır. Buna görə də çətin anlarda ruhdan düşmək əvəzinə daha çox çalışmağa üstünlük verirdim.
- ADA, BANM, UNEC kimi yerli universitetlərdən də qəbul almağın sənin üçün nə ifadə edir?
- Bu, mənim üçün çox dəyərlidir. Respublika Fənn Olimpiadasında qazandığım uğur nəticəsində Azərbaycanın aparıcı universitetlərinə imtahansız qəbul olmaq mənə həm motivasiya verdi, həm də dövlətimizin istedadlı şagirdlərə yaratdığı imkanları daha yaxından hiss etdirdi.
- Xarici universitetlər arasında seçim edərkən sənin üçün ən vacib meyar nədir?
- Mənim üçün təhsil keyfiyyəti, təqaüd imkanları və gələcək karyera perspektivləri çox önəmlidir. Güclü universitetdə təhsil almağın gələcək inkişaf üçün böyük rol oynadığına inanıram.
- Gələcəkdə Azərbaycana qayıdıb fəaliyyət göstərməyi düşünürsənmi?
- Əlbəttə. Məqsədim güclü təhsil alıb, yaxşı mütəxəssis kimi yetişərək Azərbaycana qayıtmaq və ölkəmin inkişafına töhfə verməkdir.
- Zəngilandan çıxıb beynəlxalq uğur qazanan bir gənc olmaq hansı məsuliyyəti hiss etdirir?
- Məcburi köçkün ailəsində böyüməyimə baxmayaraq bu uğurları qazanmaq mənim üçün böyük qürurdur. Düşünürəm ki, insan qarşısına məqsəd qoyarsa, bütün çətinlikləri aşa bilər. Bu uğurlar məndə daha böyük məsuliyyət hissi yaradır.
- Müəllimlərinin uğurundakı rolu haqqında nə deyə bilərsən?
- Müəllimlərimin əməyi mənim uğurlarımda çox böyükdür. İbtidai sinifdən bu günə qədər bütün müəllimlərim mənə dəstək olublar və riyaziyyatı sevməyimdə böyük rol oynayıblar.
- Səncə, məktəblərdə istedadlı şagirdlərin inkişafı üçün hansı imkanlar artırılmalıdır?
- Düşünürəm ki, olimpiada hazırlıqları, xüsusi proqramlar və beynəlxalq yarışlara çıxış imkanları daha da artırılmalıdır. İstedadlı şagirdlər üçün düzgün mühitin yaradılması onların inkişafında çox vacibdir.
- Xaricdə təhsil alacaq azərbaycanlı tələbələrin ölkəni necə təmsil etməsini istərdin?
- Hər bir tələbə öz milli kimliyini unutmamalı və Azərbaycanı layiqincə təmsil etməlidir. Xaricdə ölkəmiz haqqında düzgün məlumat vermək və Azərbaycanı tanıtmaq çox önəmlidir.
- Özünü 10 il sonra harada və hansı sahədə görürsən?
- Özümü tətbiqi riyaziyyat sahəsində peşəkar mütəxəssis kimi görürəm. Gələcəkdə həm elmi fəaliyyətlə məşğul olmaq, həm də ölkəmə fayda vermək istəyirəm.
- Ən sevdiyin riyaziyyat mövzusu və ya problemi hansıdır?
- Daha çox məntiq və analitik düşüncə tələb edən məsələləri sevirəm. Xüsusilə olimpiada tipli qeyri-standart məsələlər mənim üçün daha maraqlıdır.
- Xaricdə təhsil almaq istəyən, amma potensialına inanmayan şagirdlərə nə demək istərdin?
- Düşünürəm ki, insan qarşısına ciddi məqsəd qoyarsa və davamlı çalışarsa, istənilən uğuru qazana bilər. Maddi və ya digər çətinliklər insanı dayandırmamalıdır. Ən vacib məsələ özünə inanmaq və daim çalışmaqdır.
- Uğur qazanmaq üçün istedad daha vacibdir, yoxsa intizam?
- Məncə, hər ikisi vacibdir. Amma təkcə istedad kifayət etmir. İnsan intizamlı olmalı, daim çalışmalı və öz üzərində işləməlidir. İstedad və zəhmət birlikdə olduqda uğur qazanmaq daha mümkündür.