Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 09:30:00
Müəllimlərin nəzərinə: Summativ vəsaitləri necə hazırlanmalıdır?  

Yeni qiymətləndirmə qaydaları ilə bağlı müəllimləri narahat edən digər məqam summativ vəsaitlərinin hazırlanması ilə bağlıdır. Summativ qiymətləndirmədə verilən tapşırıqların adətən orijinallıqdan uzaq, təkrar olması ilə bağlı söz-sözhbətləri az eşitmirdik. Bəs, yeni qiymətləndirmə qaydalarından sonra bunlar nə dərəcədə diqqətdə saxlanacaq?

Yeni qaydalara əsasən qiymətləndirmə vəsaitləri necə hazırlanacaq?

AzEdu.az xəbər verir ki, qiymətləndirmə sualları 4 çətinlik səviyyəsində hazırlanmaqla yanaşı, 2 sualı əhatə etməlidir:

-Mən nəyi qiymətləndirməliyəm?(obyekt, məzmn, aspektlər, tərəf və xüsusiyyətlər)

-Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək olar?

Əvvəlki yazılarda müəllimləri çətinlik səviyyələrinin nəyə əsasən müəyyənləşdirilməsi ilə bağlı məlumatlandırmışdıq.

Aydındır ki, KSQ qiymətləndirmə vəsaitləri fənn müəllimi tərəfindən hazırlanır. Bu baxımdan ümumtəhsil müəssisəsinin rəhbərliyi müəllimlərlə müəyyən işlər aparmalıdır. Bura müxtəlif treninqlərin təşkili, müvafiq ədəbiyyatların tapılması və s. aiddir.

BSQ-lər isə ümumtəhsil müəssisəsinin rəhbərliyi tərəfindən keçirilir. Buna görə də qiymətləndirmə vəsaitlərinin hazırlanması, şagirdlərin qiymətləndirməsi, nəticə yazılan siyahının sinif jurnalına köçürülməsi üçün fənn müəlliminə verilməsi də direktorun səlahiyyətlərinə aiddir. Bu səbəbdən yeni qaydalarda aşağıdakı işlərin görülməsi tövsiyə edilir:

Hər fəndən siniflər üzrə BSQ qiymətləndirmə vəsaitləri bankı yaradılmalıdır. Bankın yaradılmasına rəhbərlik metodik bölmələrə, yaxud direktor müavinlərinə tapşırıla bilər. Direktor da bu işin müəyyən hissəsini birbaşa öz üzərinə götürə bilər. BSQ məzmununun keyfiyyətli olması, şəffaflığın qorunmasına görə direktor birbaşa məsuliyyət daşıyır.

BSQ vasitələri bankının nəşrinə qiymətləndirmə ərəfəsində deyil, dərs ilinin əvvəlində başlanmalı və davamlı zənginləşdirilməlidir. Bu məqsədlə 4 səviyyədə sualları toplamaq üçün fənn müəllimlərinin metodbirləşmənin, zərurət yaranarsa, ərazidəki digər tanınmış fənn müəllimlərinin, yerli təhsili idarəetmə orqanlarının metodik kabinetlərinin imkanlarından istifadə etmək olar.

Qiymətləndirmə vəsaitləri hazırlanarkən çətinlik dərəcəsinə xüsusiə diqqət edilməlidir. Summativ qiymətləndirmədə müxtəlif metod və texnikalardan istifadə oluna  bilər: test, inşa, esse, imla, referat, təqdimat, layihə və s. ən çox istifadə olunan üsul isə testdir. Bu üsulun seçilməsi həm də qiymətləndirmənin daha qısa müddətdə və standart formada aparılmasına şərait yaradır. Amma bir sıra nöqsanları da məlumdur. Onun vasitəsilə təfəkkürün, nitq qabiliyyətinin yoxlanması ilə bağlı bacarıqların yoxlanması kifayət qədər dəqiq olmur. Bu baxımdan qiymətləndirmə vəsaitləri hazırlanarkən həm açıq, həm də qapalı suallardan istifadə olunması məqsədəuyğun hesab edilir. Qapalı sualda bir cavabın, açıqda isə müəyyən şərh və əlavə məlumatların olması nəzərdə tutulur. Həm açıq, həm də qapalı sualın çətinlik dərəcəsi fərqli ola bilər. Eyni zamanda tapşırığın mürəkkəblik səviyyəsi bəzi amillərdən də asılı ola bilər: Fənn materialının mürəkkəbliyi, istifadə olunan bacarıq və vərdişlər və təfəkkürürün mürəkkəbliyindən.

BSQ-nin ibtidai təhsil səviyyəsində 45, digər təhsil səviyyələrində isə 45-90 dəqiqə ərzində təşkil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, dəyişikliklərə əsasən, I sinifdə ümumiyyətlə, summativ qiymətləndirmə keşirilmir. II siniflərdə yalnız KSQ keçirilir. III, IV, IX, XI siniflərdə KSQ və bütün fənlər üzrə BSQ təşkil edilir. V, VI, VII, VIII, X siniflərdə isə KSQ ilə bərabər uyğun buraxılış imtahanlarında nəzərdə tutulmuş fənnlər üzrə BSQ keçirilir.

Təmayülləşmə tətbiq olunan məktəb,lisey və gimnaziyalarda isə BSQ-nin V - X siniflərdə əlavə hansı 3 fəndən keçirilməsi pedaqoji şuranın qərarından asılıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları