Azedu.az

Professor:  Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir 

Müəllimlər və elm adamları

6 May 2026, 17:43
Professor:  Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir 

“Universitet yalnız bina, loqo və tədbirlərdən ibarət deyil. Universitetin əsas nüfuzu onun elmi fəaliyyəti, tədqiqat potensialı, akademik etikası və beynəlxalq elmi mühitdə görünürlüğü ilə ölçülür”.

Bu sözləri AzEdu.az-a açıqlamasında  Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

Professor bildirib ki, elmi tədqiqat fəaliyyəti ilə məşğul olmayan, heç bir ciddi akademik nəticə ortaya qoymayan, H-indeksi sıfır olan şəxslərin konfrans salonlarından şəkil paylaşaraq “alim” görüntüsü yaratmağa çalışması artıq akademik mühitin ən ciddi problemlərindən birinə çevrilib:

“Daha təhlükəlisi isə belə şəxsləri qəbul edən, tribunaya çıxaran və onları “ekspert”, “professor”, “alim” kimi təqdim edən universitetlərin öz akademik nüfuzlarına zərbə vurmasıdır. Konfrans elmi fəaliyyətin nəticəsi olmalıdır, onun imitasiyası yox. Beynəlxalq tədbirdə şəkil çəkdirmək, sertifikat paylaşmaq və ya adını proqramda göstərmək elmi fəaliyyət hesab edilə bilməz.

Əgər ortada ciddi tədqiqat, nüfuzlu jurnallarda məqalə, istinad, layihə və elmi nəticə yoxdursa, bu fəaliyyət sadəcə akademik dekorasiyadır. Təəssüf ki, bəzi universitetlər real alimlərlə elmi imitasiya edən şəxslər arasında fərq qoymur, nəticədə universitet anlayışının özü nüfuz itirir”.

Onun sözlərinə görə, bu gün dünyada universitetlərin reytinqi artıq tədbir şəkilləri ilə deyil, "Scopus" və "Web of Science" bazalarındakı məqalələrlə, sitatlarla, patentlərlə, elmi layihələrlə və akademik təsirlə müəyyən olunur:

“H-indeksi sıfır olan şəxsin elmi lider kimi təqdim edilməsi həm gənc tədqiqatçılar üçün yanlış nümunədir, həm də universitetin elmi strategiyasının olmadığını göstərir. Elmi fəaliyyəti olmayan şəxslərin akademik titul və statuslardan istifadə etməsi universitet mühitində intellektual devalvasiyaya səbəb olur.

Ən acınacaqlısı isə odur ki, bəzi universitetlər keyfiyyətli alim axtarmaq əvəzinə sosial şəbəkədə aktiv olan, tədbirdən tədbirə gəzən, lakin elmi nəticəsi olmayan şəxslərlə görüntü yaratmağa üstünlük verir. Bu isə universitetin elmə deyil, görüntüyə yatırım etdiyini göstərir.

Elm nümayiş deyil, nəticədir. Akademik reputasiya şəkillərlə deyil, elmi məqalələrlə formalaşır.Universitet öz qapısını kimə açdığını bilməlidir. Çünki elmi meyarları olmayan şəxsləri akademik mühitə legitimləşdirmək yalnız bir şəxsin problemi deyil, bütövlükdə universitet institutunun nüfuzuna vurulan zərbədir”.

Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi
Son xəbərlərDaha çox