Azedu.az

Diplom, yoxsa bacarıq? - “Təhsil sistemi şagirdi tanımadan imtahana hazırlayır”

Şagirdlər

27 Aprel 2026, 16:24
Diplom, yoxsa bacarıq? - “Təhsil sistemi şagirdi tanımadan imtahana hazırlayır”

Cəmiyyət uzun illərdir ali təhsili uğur və sabit gələcəyin əsas göstəricisi kimi qəbul edir və bu düşüncə hələ də güclü şəkildə davam edir. Bu yanaşma bəzən peşə təhsilinin və fərdi qabiliyyətlərin ikinci plana keçməsinə səbəb olur.

Buna görə də şagirdlərin maraq və bacarıqlarına uyğun düzgün istiqamətləndirilməsi təhsil sistemində mühüm məsələyə çevrilib.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Əməkdar müəllim, sabiq deputat Sona Əliyevanın sözlərinə görə, Azərbaycan cəmiyyətində uzun illərdir “ali təhsil mütləq olmalıdır” fikri dominantdır:

182014

"Bu düşüncə tarixi olaraq Sovet dövründən formalaşıb və bu gün də valideyn qərarlarına ciddi təsir edir. Universitetə qəbul hələ də sosial status göstəricisi kimi qəbul olunur. Amma artıq reallıq dəyişib. Əmək bazarı artıq yalnız diplom yox, konkret bacarıq tələb edir. Nəticədə ölkədə paradoksal vəziyyət yaranıb: bir tərəfdə ali təhsilli işsizlərin sayı artır, digər tərəfdə isə ixtisaslaşmış texniki kadr çatışmazlığı dərinləşir. Problem ondadır ki, təhsil sistemi şagirdi tanımağa yox, onu imtahana hazırlamağa fokuslanıb.

Şagirdlər öz maraq və qabiliyyətlərini müəyyən etmədən ixtisas seçir, valideynlər isə çox vaxt sosial stereotiplərlə qərar verir. Bu isə yanlış seçimlərə, peşə narazılığına və insan potensialının itirilməsinə gətirib çıxarır. Eyni zamanda, peşə təhsili cəmiyyətdə hələ də son seçim kimi qəbul olunur. Halbuki inkişaf etmiş ölkələrin təcrübəsi, xüsusilə Almaniya və İsveçrə modeli, göstərir ki, peşə təhsili güclü iqtisadiyyatın əsas sütunlarından biridir. Mövcud vəziyyətdən çıxış yolu kimi nələr etmək olar? Yenə də məktəbdən başlamalıyıq.

Məktəblərdə aşağı siniflərdən (7-8-ci sinifdən) şagirdlərin qabiliyyət və maraqlarının sistemli şəkildə müəyyən edilməsi çox vacibdir. Karyera məsləhətlərinin verilməsi, psixoloqların bu mövzu üzrə davamlı iş aparması vacibdir. Bu proses yalnız şagirdləri deyil, valideynləri də əhatə etməlidir ki, gələcəkdə ali təhsillə bağlı stereotiplər zəifləsin".

Peşə təhsilinin keyfiyyətinin artırılması və dəyərinin cəmiyyətə düzgün təqdim olunmasına ayrıca diqqət yetirmək lazımdır:

"Bizdə ən çatışmayan məqamlardan biri əmək bazarı ilə təhsil sistemi arasında real əlaqənin qurulmasıdır. Ən vacib məsələ isə yanaşmanın dəyişməsidir: ali təhsil alternativsiz yol deyil. Təhsil sisteminin məqsədi hamını universitetə yönləndirmək yox, hər kəsi öz potensialına uyğun istiqamətləndirmək olmalıdır.

Əks halda, biz diplomlu, amma peşəkar olmayan, seçimindən narazı və iqtisadiyyata tam inteqrasiya olunmayan bir nəsil yetişdirmək riski ilə üzləşə bilərik. Reallığa gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan təhsil sistemi artıq seçim qarşısındadır: ya köhnə stereotiplərlə davam edib disbalansı dərinləşdirəcək, ya da bacarıq əsaslı, çevik və real ehtiyaclara uyğun yeni model quracaq. Bu isə təkcə təhsil deyil, həm də milli inkişaf məsələsidir".

Bakıda əhaliyə ŞOK XƏBƏRDARLIQ - Telefonla danışmayın, TƏHLÜKƏ VAR!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox