“Son zəng” tədbirləri məktəb həyatında şagirdlər üçün xüsusi və yaddaqalan günlərdən biri hesab olunur.
Bu tədbirlərdə şagirdlərin məktəb forması əvəzinə fərqli, xüsusi tikilmiş geyimlərdə iştirak etməsi artıq geniş tətbiq olunan bir hal alıb. Lakin bir çox valideynlər bunun ailələr üçün əlavə maddi yük yaratdığını bildirirlər. Onların sözlərinə görə, hər ailənin eyni sosial-iqtisadi imkanları yoxdur və bəzi ailələrin xüsusi geyim tikdirməyə imkanı çatmır. Bu səbəbdən onlar təklif edirlər ki, “Son zəng” tədbirində bütün şagirdlər yalnız məktəb forması ilə iştirak etsinlər.
Maraqlıdır, “Son zəng” tədbirlərində şagirdlərin məktəb formasından başqa geyimdə çıxışına məhdudiyyət qoyulması nə dərəcədə məqsədəuyğundur?
AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov danışıb.
O qeyd edib ki, insanları müəyyən bir qəlibə salmaq əvəzinə, onlara rəsmi geyim çərçivəsində seçim azadlığı vermək daha düzgün yanaşmadır:

"Məhdudiyyətlər və qadağalar hər zaman insanlarda sosial təzyiq yaradır. Ona görə də qadağalar və sərt hüdudlar qoymaq əvəzinə, bir növ variantlar və seçim imkanları təqdim etmək daha məqsədəuyğundur.
Qeyd etdiyiniz “Son zəng” kimi tədbirlərdə şagirdlərin məktəb formasından başqa geyimdə çıxışına məhdudiyyət qoyulmasının nə dərəcədə doğru olması məsələsinə gəldikdə isə, belə bir məhdudiyyət tətbiq etməkdənsə, demək olar ki, uşaqlar, bu tədbirdə rəsmi geyinirik. Dünyanın qabaqcıl, inkişaf etmiş ölkələrində də tədbirlər üçün geyim kodeksi tətbiq olunur və bu kodekslərdə adətən “rəsmi” və ya “sərbəst” kimi seçimlər göstərilir.
Burada sadəcə “rəsmi geyim” tələbi kifayət edir. İstəyən məktəb formasını geyinə bilər, istəyən isə başqa rəsmi geyim seçə bilər. Əsas odur ki, ümumi çərçivə “rəsmi” anlayışına uyğun olsun. Yəni rəsmi geyim dedikdə köynək, şalvar, pencək və ya sadəcə köynək-şalvar kimi seçimlər nəzərdə tutula bilər. Bu seçimi şagirdlərə və ailələrə buraxmaq daha düzgün yanaşmadır.
Yoxsa yalnız məktəb formasının geyinilməsi və ya xüsusi bir forma hazırlanıb hamının onu alıb geyinməsi kimi yanaşma düzgün deyil. Bu, insanların üzərində əlavə təzyiq yaradır və onları müəyyən bir qəlibə salır. Mən bu cür yanaşmanı düzgün hesab etmirəm və onun tərəfdarı deyiləm".
Məktəb məzuniyyət rəmzi olan cübbələri təmin edərək, hər bir şagirdin bərabər və rəsmi şəkildə bu anı qeyd etməsinə şərait yarada bilər:
"Məsələn, bilirsiniz ki, məzuniyyət tədbirində cübbə geyinilir. Yəni başda papaq olur, üzərində xüsusi cübbə geyinilir. Bu cübbələr, ümumiyyətlə, qədim dövrlərdən, xüsusilə kilsə mədəniyyətindən gələn bir ənənənin davamı kimi formalaşıb. Müasir təhsil sistemi də müəyyən mənada kilsə mədəniyyətinin izlərini daşıyır. Universitetlərdə dekan, rektor, prorektor kimi anlayışların kökü də məhz həmin sistemdən gəlir. Hətta sinif otaqlarında parta düzülüşü belə tarixi olaraq kilsə sistemindən təsirlənib.
Cübbə artıq dünyanın müxtəlif ölkələrində qəbul olunmuş bir formaya çevrilib. Bu baxımdan, istənilən halda cübbədən istifadə edilə bilər. Məsələn, məktəb bu cübbələri ala bilər və onlar hər il fərqli şagirdlər tərəfindən istifadə oluna bilər. İstəyən isə həmin cübbəni öz vəsaiti hesabına alıb saxlayar. Beləliklə, hər kəs rəsmi geyimin üzərindən cübbə geyinərək tədbirdə iştirak edə, şəkillər çəkdirə və mərasimi qeyd edə bilər.
Amma dediyim kimi, nə məktəb formasını məcbur etmək, nə də hər hansı başqa bir formanı məcburi şəkildə tətbiq etmək doğru deyil. Deyək ki, rəsmi geyinilsin, vəssalam. Bu mənada bu daha uyğun bir seçim olar. Beləcə orta məktəbin son günündə, son tədbirində şagirdlər özlərini daha rahat hiss edərlər, məktəb forması ilə digər rəsmi geyimlər arasında özləri seçim etmiş olarlar. Beləliklə, onlar özlərini daha yetkin bir insan kimi hiss edər və bu şəkildə özlərini ifadə edərlər.
Yəni mən düşünürəm ki, azadlıqların və bu mənada verilən seçimlərin onların böyüməsinə və inkişafına müsbət təsiri var".