Türkiyədə ard-arda Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumları Azərbaycanın xəbər saytlarında və sosial mediada geniş şəkildə yayılıb. Digər tərəfdən, hər iki hücumçunun “PUBG” oyunçusu olduğu ilə bağlı iddialar da diqqət çəkir.
Bu tip onlayn oyunların yeniyetmələr tərəfindən oynanılması nə dərəcədə təhlükəlidir?
AzEdu.az-a mövzu ilə bağlı psixoloq Gülnar Orucova danışıb.
Psixoloq qeyd edib ki, valideynlər uşağın əlinə telefon verməklə onu təhlükəyə atırlar:

"Ümumiyyətlə belə deyim: valideynlər uşaqlara telefon alırlar. Səbəbini soruşanda isə belə izah edirlər ki, guya uşağın təhlükəsizliyi üçün telefon alıblar. Zəng edib harada olduğunu, nə etdiyini bilmək üçün. Amma burada başqa bir məsələ də var. Uşağın əlinə telefon verməklə əslində onu təhlükəyə atırlar.
Əvvəllər saat 6-7 radələrində hava qaralanda uşaqları çöldən yığardılar. Bunun səbəbini də açıq şəkildə izah edərdilər ki, qaranlıqda uşaq çöldə qalmaz, başına bir iş gələ bilər. Yəni valideynlər indiki kimi yayındırmadan, birbaşa səbəbini izah edirdilər.
İndi isə o “arxa küçələr” artıq telefondadır, oyunlardadır. Bütün faciələr də bir növ buradan qaynaqlanır. Məsələn, uşaqlar PUBG kimi oyunlar oynayırlar; bu oyunlara 10, 12, hətta 15 nəfər qoşula bilir. Orada isə tanımadıqları insanlarla tanış olurlar. Bu insanların onların yaşıdı olub-olmadığı da bilinmir. Beləcə aralarında söhbət başlayır, ünsiyyət qururlar və s. Bəzən oyunda uduzduqda və ya başqa vəziyyətlər yarandıqda bu ünsiyyət daha da davam edir.
Valideyn övladına telefon alıb verirsə, onun üzərində nəzarəti də olmalıdır. Valideyn övladı üçün çalışır, işləyir, gününü işdə keçirir və deyir ki, “mən sənin üçün işləyirəm”. Amma çox vaxt övladına diqqəti, qayğını və sevgini yalnız nələrsə almaqla, onu hazırlığa qoymaqla, servis və ya taksi tutmaqla, hətta özəl sürücü ilə təmin etməklə göstərməyə çalışır.
Halbuki sevgi təkcə bunlarla ölçülməməlidir. Öz sevginizi bu cür deyil, daha çox sözlə, ünsiyyətlə, birbaşa ifadə etməklə göstərin. Axşam uşağınıza yaxınlaşın: “bu gün günün necə keçdi?”, “dostlarınla nəyi düşündüz?”, “hansı fikirləri bölüşdüz?”, “harada əyləndiz?”, “hara getdiz?” və s. bunlarla maraqlanın".
Uşaqdakı daxili boşluğun sosial media və oyunlarla doldurulması nəticəsində nitq qabiliyyəti zəifləyir, bu isə onun gələcəkdə antisosial bir şəxsiyyət kimi formalaşmasına zəmin yaradır:
"Gecə övladınız yatmır, saatlarla telefonda olur, amma siz valideyn olaraq bilmirsiniz ki, bu vaxta qədər telefonda nə edir. Maraqlanmaq lazımdır ki, gec saatlara qədər uşağınız telefonda nə edir?
Oyunlar uşaqlarda əsasən boşluqdan yaranır. Uşaqda boşluq olur və onu sosial media və ya oyunlarla doldurur.
Bu zaman nə baş verir: aqressiya yaranır, ardınca yuxusuzluq, davamlı oyun oynama, dərsə davamiyyətin azalması, dərsə həvəsin itməsi və təlimin keyfiyyətinin aşağı düşməsi. Bundan başqa, sosiallaşmada bir sıra problemlər ortaya çıxır, nitq qabiliyyəti zəifləyir və belə desək, asosial bir insan formalaşır. Bəzən isə bu hallar gələcəkdə antisosial şəxsiyyətə çevrilməyə səbəb olur və belə insanlar cəmiyyət üçün təhlükəli ola bilirlər".
Məktəb rəhbərlikləri çətin tərbiyə olunan uşaqları gizlətməməli və qeyri-etik davranışlara zəmin yaradan telefon istifadəsinə qarşı qəti tədbirlər görərək problemin kökündən həllinə çalışmalıdırlar:
"Məktəblərə telefonların gətirilməsi qadağan olunmalıdır. Çünki məktəblərdə qeyri-etik videolar qeydə alınır, müəllimlər gizlicə çəkilir, kimlərsə lağa qoyulmağa çalışılır. Bu isə doğru deyil.
Və sözüm məktəb rəhbərliklərinədir: çətin tərbiyə olunan uşaqları gizlətməməlidirlər. “Bizim məktəbimizdə belə uşaq yoxdur” deyib üstünü ört-basdır etməməlidirlər. Əksinə, əgər uşaq çətin tərbiyə olunursa, bu barədə məlumat verilməlidir. Müvafiq şəxslər, inspektorlar bunu bilməli, tədbirlər görülməli, problem həll olunmalıdır".